RU

Trampın boynunda qəribə qırmızı ləkə MÜŞAHİDƏ EDİLDİ

Donald Trampın boynundakı sirli qırmızı ləkənin səbəbi bəlli olub.

İnterpress.az xəbər verir ki, bu barədə “CNN” ABŞ Prezidentinin şəxsi həkiminə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın bədənindəki növbəti qeyri-adi iz yenidən ictimaiyyətin diqqətini çəkib.

Fəxri medalın təqdimetmə mərasimi zamanı dövlət başçısının boynunun sağ tərəfində, köynəyin yaxasından qulağına qədər uzanan qırmızı ləkə müşahidə olunub.

Prezidentin şəxsi həkimi Şon Barbabella bildirib ki, bu qızartı Trampın dərisinə qulluq üçün istifadə etdiyi xüsusi kremdən yaranan səpki ilə bağlıdır.

Həkimin sözlərinə görə, müvafiq müalicə proseduru bir həftədir davam edir və qızartı hələ bir neçə həftə də qala bilər.

Lakin həkim prezidentin məhz hansı dəri problemi səbəbindən bu kremdən istifadə etdiyini açıqlamayıb.

Qeyd edək ki, dekabr ayında da Trampın biləklərindəki göyərmələr və yara izləri müzakirə mövzusu olmuşdu. O zaman Amerika lideri bu izləri aspirin qəbulu ilə əlaqələndirmişdi.

Həmçinin bir müddət əvvəl Trampın Oval kabinetdəki danışıqlar zamanı olduqca yorğun görünməsi və gözlərinin tez-tez yumulması onun iş qabiliyyəti və sağlamlıq durumu ilə bağlı yeni şayiələrə yol açıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
12
interpress.az

1Источники