RU

Zeynep Gizem Özpınar: Türkiyə gərginliyin yayılmaması üçün sülh əsasında bütün addımları atacaq ŞƏRH

Bakı, 3 mart, L.Muradzadə, AZƏRTAC

Bu yeni şəraitdə proksi müharibələrin birbaşa toqquşmalarla əvəzlənməsi geosiyasi vəziyyətin proqnozlaşdırılmasını çətinləşdirir və regiondakı bütün oyunçuları yaşamaq instinkti ilə hərəkət etməyə məcbur edir. Bu vəziyyətin Türkiyə üçün ən kritik tərəfi ondan ibarətdir ki, münaqişə sərhədləri aşaraq enerji və logistika arteriyalarına birbaşa təsir göstərə bilər. Hörmüz boğazında, Süveyş kanalında və Şərqi Aralıq dənizi xəttində uzunmüddətli tıxaclar qlobal enerji təchizatının təhlükəsizliyinə təhdid yaradır və bu proseslərin mərkəzində yerləşən Türkiyənin ticarət axınlarını və makroiqtisadi sabitliyini birbaşa sarsıda bilər.

Bu fikirləri AZƏRTAC-a türkiyəli ekspert Zeynep Gizem Özpınar bildirib.

Ekspert qeyd edib ki, belə ciddi böhran şəraitində Ankaranın praktikada tam neytrallığı qoruması çətin olsa da, Türkiyənin “strateji neytrallıq” adlandırdığı balans strategiyası milli maraqların qorunması baxımından ən rasional və üstün yol olaraq qalır.

“Ankaranın son illərdə ardıcıl şəkildə qurduğu çoxşaxəli xarici siyasət bu gün onu həm Vaşinqton, həm də Tehranla yüksək səviyyəli diplomatik əlaqələri davam etdirə bilən azsaylı oyunçulardan birinə çevirib. Türkiyənin əvvəllər Suriya, İraq və Qəzza ilə bağlı tutduğu balanslı mövqe indiki böhran şəraitində vasitəçilik potensialını qorumasına imkan verir. Türkiyə üçün əsas prioritet regional münaqişənin yayılmasının qarşısını almaq və regionu iflic edən hərbi səfərbərliyi yenidən diplomatik müstəviyə qaytarmaqdır. Bu kontekstdə Ankaranın sülh diplomatiyası sərhədlərin qorunmasına, yeni qaçqın dalğasının qarşısının alınmasına və enerji xərclərinə nəzarətə yönəlmiş həyati təhlükəsizlik strategiyasıdır”, – deyə politoloq vurğulayıb.

Bununla yanaşı, Zeynep Gizem Özpınarın fikrincə, enerji daşıyıcılarının qiymətlərində kəskin dalğalanmalar və Körfəzdə dəniz təhlükəsizliyinin zəifləməsi kimi risklər istənilən an Türkiyənin manevr imkanlarını daralda bilər. “Münaqişə uzanarsa, ABŞ müttəfiqləri ilə İran bloku arasında qütbləşmənin dərinləşməsi Ankaraya geosiyasi təzyiqi artıracaq. Bu ssenaridə hesab edirəm ki, Türkiyə hərbi müdaxilədən çəkinərək ən yüksək səviyyədə diplomatik təmasları davam etdirməklə fəal neytrallıq xəttini qoruyacaq”, – deyə ekspert bildirib.

Избранный
28
1
azertag.az

2Источники