RU

Fevral da bitdi: Bakıya nə vaxt qar yağacaq? Vacib açıqlama

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevral ayı ilə bağlı kəskin soyuq və qar yağacağı barədə xəbərdarlıqlar edilsə də, gözləntilər özünü doğrultmadı. 2019-cu ildən bəri demək olar ki, hər il Bakıda qar müşahidə olunsa da, bu qış yalnız güclü şaxtalar qeydə alındı.

Mövsümi proqnozlarla real hava şəraiti arasındakı fərq nədir? Bakıya niyəqar  yağmadı?

Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, fevralda bəzi günlərdə hava temperaturu aşağı enib və güclü şaxtalar müşahidə olunub:

“Lakin paytaxtda gözlənilən intensiv qar yağışı baş verməyib. Bakının qış yağıntıları əsasən Xəzər hövzəsinə daxil olan cənub və şimal-qərb siklonları ilə bağlıdır. Qar yağması üçün kifayət qədər rütubət və yağıntı zamanı temperaturun sıfır dərəcədən aşağı olması vacibdir. Bu il soyuq hava kütlələri regiona daxil olsa da, yağıntı gətirən siklonların trayektoriyası dəyişkən olub. Yağıntı sistemləri ya şimal rayonlarında aktivləşib, ya da Xəzərin üzərindən keçərkən zəifləyib. Nəticədə Bakıda şaxta müşahidə olunub, lakin qar üçün lazım olan rütubət və aktiv buludlanma kifayət qədər formalaşmayıb. Xəzər dənizi paytaxtın iqliminə birbaşa təsir göstərir. Dəniz suyunun temperaturu və səth buxarlanması yağıntının intensivliyinə mühüm rol oynayır. Son illərdə temperaturun artması və su səviyyəsinin dəyişməsi mikroiqlimə təsir edir. Əgər dəniz səthi nisbətən isti qalırsa, daxil olan soyuq hava kütlələri ilə qarşılaşma zamanı qar əvəzinə yağış və ya yağıntısız soyuq hava müşahidə oluna bilər. İqlim dəyişməsi artıq nəzəri deyil, real müşahidə olunan prosesdir”.

İradə Həsənova

Ekoloq bildirib ki, temperatur artımı qış fəslinin strukturunu dəyişir:

“Belə ki, şaxta günlərinin sayı azala və ya qısamüddətli ola, yağıntıların paylanması qeyri-sabit xarakter ala, ekstremal hadisələr isə daha qısa, amma intensiv ola bilər. Bununla belə, bir mövsümün fərqli keçməsi təkbaşına “iqlim dəyişməsi həddini keçdi” demək deyil. İqlim ən azı 30 illik statistik göstəricilərlə qiymətləndirilir. Bu il qarın az yağması daha çox atmosfer sirkulyasiyasının konkret mövsümdəki xüsusiyyəti ilə bağlı ola bilər. Qlobal iqlim dəyişmələri qışların daha qeyri-sabit və dəyişkən keçməsinə şərait yaradır. Bakı sürətlə urbanizasiya olunur. Beton örtük, asfalt yollar və sıx tikililər şəhərdə “istilik adası” effekti yaradır. Nəticədə şəhər mərkəzində temperatur ətraf ərazilərdən 1-3 dərəcə yüksək olur. Qarın yağmaması və ya yerə düşdükdən sonra tez əriməsi bu faktorla da əlaqələndirilir. Hazırkı tendensiya göstərir ki, gələcək illərdə qışın daha qeyri-sabit və dəyişkən keçməsi mümkündür. Bir il intensiv qar, digər il isə quru və şaxtalı hava müşahidə oluna bilər ki, bu da şəhər infrastrukturu, ekoloji planlaşdırma baxımından yeni yanaşmalar tələb edir”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники