RU

Ağartı bazarında “qara” əməllər

“Qaymaqlı şor” – nə qaymaq dadır, nə də şor

Son günlər ticarət müəssisələrində “Qaymaqlı şor” adı ilə saxta, keyfiyyətsiz məhsulların satılması barədə yayılan məlumatlar qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Ənənəvi milli süd məhsulu olan şorun tərkibinin dəyişdirilməsi, ona bitki yağlarının və müxtəlif kimyəvi qatqıların əlavə olunması yalnız istehlakçı sağlamlığı baxımından deyil, həm də bazar etimadı və istehlakçı hüquqları baxımından ciddi narahatlıq doğurub.

Mütəxəssislər bildirirlər ki, saxta məhsulların dövriyyəsinin qarşısını almaq üçün həm istehlakçılar daha diqqətli olmalı, həm də dövlət nəzarət mexanizmləri gücləndirilməlidir. Etiket məlumatlarının yoxlanılması, sertifikat mövcudluğunun qorunması və məhsulun etibarlı satış nöqtəsindən alınmasına ilkin təhlükəsizlik addımları olaraq mühüm önəm verilməlidir.

Halallığa haramlıq necə qatılır?

Qida mütəxəssisi Eldəniz Cabbarovun sözlərinə görə, “Caspian Prodakşn Layn” MMC-nin bazara çıxardığı bəzi şor məhsullarının tərkibində təbii şor üçün nəzərdə tutulmayan maddələr nəzərə çarpır. Müəssisə hazırda ticarət müəssisələrində müxtəlif adda ağartı məhsulları satır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bəzi məhsulların tərkibində palma yağı və bir sıra qida əlavələri mövcuddur.

Məhsul etiketlərinə əsasən, adıçəkilən MMC-nin istehsal etdiyi “Qonaqkənd şor” və “Şor lavanda” adlı məhsulların tərkibində palma yağı istifadə edilib. Palma yağı texnoloji baxımdan ucuz və dayanıqlı komponent sayılsa da, onun yüksək doymuş yağ tərkibi ürək-damar xəstəlikləri riskini artırması ilə bağlı beynəlxalq səviyyədə həmişə müzakirə mövzusu olub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə doymuş yağların normadan artıq qəbulunun sağlamlıq üçün arzuolunmaz nəticələr doğura biləcəyini dəfələrlə vurğulayıb.

Bundan əlavə, “Şor lavanda” məhsulunun tərkibində quru südün istifadə olunması da diqqət çəkir. Qida mütəxəssisləri bildirirlər ki, ənənəvi şor istehsalında təbii fermentasiya prosesi əsasdır və quru süd qatqısı isə məhsulun təbii xüsusiyyətlərini dəyişdirir. Hər iki məhsulun – “Qonaqkənd şor” və “Şor lavanda”nın tərkibində kalsium xlorid maddəsinin (E509) olması ayrıca müzakirə mövzusudur. E509 qida sənayesində bərkidici və turşuluq tənzimləyicisi kimi tətbiq edilir.

Maddənin müəyyən normativ çərçivədə istifadəsi beynəlxalq standartlara görə icazəli sayılsa da, həddindən artıq qəbulu mədə-bağırsaq pozuntularına, ürəkbulanma, qarın ağrısı və ishala səbəb ola bilir. Böyrək xəstəlikləri olan şəxslər üçün isə bu maddənin çoxluğu daha ciddi problemlərlə nəticələnir.

Uşaq orqanizmi kimyəvi qatqılara qarşı daha həssas olduğundan, belə məhsulların körpələr tərəfindən mütəmadi istifadəsi də məqsədəuyğun hesab edilmir. Eyni zamanda, E509 məhsula daha bərk və “keyfiyyətli” görünüş verdiyi üçün istehlakçıda təbii məhsul təəssüratı yaradaraq onun aldadılması ilə nəticələnir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, şor ənənəvi üsulla süd məhsullarının emalı nəticəsində hazırlanır. Qatıq və ya qaymaq nehrədə çalxalanaraq yağ və ayran alınır. Ayran qızdırıldıqdan sonra çürüdülərək suyu ayrılır və xüsusi torbalarda süzülür. Nəticədə əldə olunan kütlə duzsuz şor hesab edilir. Bu məhsul tez xarab olduğu üçün müəyyənləşdirilən xüsusi şəraitdə saxlanılır. Sonradan istəyə uyğun şəkildə duz əlavə edilərək duzlu şor hazırlanır.

Amma bəzi hallarda duzsuz şora qaymaq qatılması da mümkündür. Lakin burada əsas məsələ əlavə edilən qaymağın mənşəyidir. Belə ki, əgər qaymaq heyvan mənşəlidirsə və təmiz xammaldan əldə olunursa, məhsul sağlamlıq üçün təhlükə yaratmır. Əks halda, bitki yağı “qaymaq” adı ilə təqdim olunursa, bu, artıq istehlakçının aldadılması və hüquqlarının pozulması deməkdir. Etiketdə məhsulun mənşəyi, tərkibi və istifadə olunan xammal açıq və aydın şəkildə göstərilməlidir. Bu, həm qanunvericiliyin tələbi, həm də vicdanlı biznes prinsiplərinin əsas şərtidir.

Nəzarət olmayanda fırıldaq tüğyan edir

“Qaymaqlı şor” adı ilə tərkibi dəyişdirilən, palma yağı və müxtəlif qida əlavələri ilə istehsal edilən məhsulların satışa çıxarılması da təkcə etik problem deyil, bu, eyni zamanda, birbaşa olaraq istehlakçı hüquqlarının qorunması, düzgün etiketləmə, ədalətli rəqabət və qida təhlükəsizliyi ilə bağlı hüquqi məsələdir. Mövcud vəziyyət isə göstərir ki, respublikamızın bazar nəzarəti sistemində həm normativ, həm də icra mexanizmləri baxımından ciddi təkmilləşdirməyə ehtiyac var.

Azərbaycanda qida təhlükəsizliyi sahəsində əsas icraedici qurum Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hesab olunur. Agentlik qida məhsullarının təhlükəsizliyi, etiketlənməsi və istehsal standartlarına nəzarət edir. Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Azad İstehlakçılar İctimai Birliyi kimi vətəndaş cəmiyyəti institutu isə ictimai nəzarət funksiyasını yerinə yetirir.

Lakin təcrübədə bitki yağı ilə heyvan mənşəli qaymağın fərqləndirilməsinin etiketdə aydın göstərilməməsi, qida əlavələrinin (məsələn, E509) istehlakçı üçün risk səviyyəsinin açıq izah edilməməsi, laborator nəzarətin seçmə və epizodik xarakter daşıması kimi problemlər müşahidə olunur. Qida mütəxəssisləri tərəfindən isə mövcud vəziyyətin yaxşılaşdırılması, narahatlıq doğuran problemlərin aradan qaldırılması məqsədilə müəyyən dəyişikliklər təklif edilir. Bunun üçün, ilk növbədə, “Şor”, “Qaymaqlı şor” və “Təbii süd məhsulu” anlayışları dəqiqləşdirilməli, bitki mənşəli yağ istifadə edilən məhsulların “Şor” adı ilə satışı qadağan edilməli, belə məhsullar ayrıca kateqoriyada – “süd məhsulu əsaslı qarışıq” kimi təsnifləşdirilməlidir.

Yuxarıda vurğulananlarla yanaşı, etiketləmə qaydalarının sərtləşdirilməsi, bu zaman palma və digər bitki yağlarının ön hissədə iri şriftlə göstərilməsi, qida əlavələrinin funksiyasının aydın şəkildə qeyd olunması, habelə “təbii” ifadəsinin istifadəsi üçün xüsusi sertifikat mexanizminin tətbiq edilməsi diqqətdə saxlanılmalıdır.

Göründüyü kimi, “Qaymaqlı şor” məsələsi sistemli yanaşma tələb edən qida təhlükəsizliyi problemidir. Qlobal təcrübə göstərir ki, səmərəli nəticə yalnız üçtərəfli model – dövlət nəzarəti, məsuliyyətli biznes və məlumatlı istehlakçı – əsasında əldə edilə bilər. Əgər normativ baza dəqiqləşdirilərsə, nəzarət mexanizmləri gücləndirilərsə və sanksiyalar real çəkindirici xarakter daşıyarsa, bazarda saxta məhsulların payı əhəmiyyətli dərəcədə azalar.

Sağlam qida qlobal hədəfdir

Saxta və keyfiyyətsiz qida məhsulları problemi təkcə ölkəmizdə müşahidə edilmir. Qlobal səviyyədə qida saxtakarlığı anlayışı artıq beynəlxalq təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının müvafiq qurumları tərəfindən qida təhlükəsizliyi sahəsində dövlətlərə texniki dəstək göstərilir və risklərin qiymətləndirilməsi mexanizmləri hazırlanır. Bir çox ölkələrdə isə risk əsaslı nəzarət sistemi tətbiq olunur, yəni yüksək riskli məhsullar daha tez-tez laborator yoxlamadan keçirilir.

Avropa İttifaqına üzv ölkələr arasında məlumat mübadiləsi sistemi səmərəli fəaliyyət göstərir. Şübhəli məhsul aşkar edilərsə, dərhal digər dövlətlərə xəbərdarlıq göndərilir və məhsul bazardan yığışdırılır. Bu sistem sürətli reaksiya mexanizmi kimi səmərəli sayılır.

Bütün bunlarla bərabər, bir sıra inkişaf etmiş ölkələrdə qida məhsullarının istehsal zənciri blokçeyn texnologiyası (məlumatların dəyişdirilməsi mümkün olmayan şəffaf və paylanılmış rəqəmsal reyestr (dəftər) texnologiyası) ilə izlənilir. Başqa sözlə, istehlakçı məhsulun üzərindəki QR kod vasitəsilə xammalın mənşəyini, istehsal tarixini və laborator analiz nəticələrini görə bilir. Bu yanaşma ilə saxtakarlıq riski minimuma endirilir.

Bir çox ölkələrdə qida saxtakarlığı cinayət məsuliyyəti yaradır və yüksək məbləğdə cərimələrlə yanaşı, istehsalın dayandırılması və lisenziyanın ləğvi ilə nəticələnir. Bu, bazar iştirakçıları üçün preventiv (hər hansı xoşagəlməz hadisənin, xəstəliyin və ya təhlükənin baş verməsinin qarşısını almaq üçün əvvəlcədən görülən tədbir, önləyici addım) mexanizm ilə tənzim olunur.

Azərbaycanda isə mövcud vəziyyət göstərir ki, aşağıdakı istiqamətlərdə addımların atılması vacibdir:

– qida məhsullarının etiketlənməsinə dair tələblər sərtləşdirilməli;

– məhsul etiketlərində palma və bitki mənşəli yağların açıq şəkildə qeyd edilməsi məcburi xarakter daşımalı;

– risk əsaslı laborator yoxlamaların sayı artırılmalı;

– istehlakçı maarifləndirilməsi kampaniyaları genişləndirilməlidir. Bütün bunlarla bərabər, saxta məhsul istehsalçılarına qarşı cərimələr ağırlaşdırılmalı, ictimai nəzarət mexanizmləri gücləndirilməlidir.

Beləliklə, “Qonaqkənd şor”, “Şor lavanda”, “Qaymaqlı şor” kimi adlarla keyfiyyətsiz və ya saxta məhsulların satılması yalnız fərdi sağlamlıq problemi deyil, həm də bazar iqtisadiyyatında etimad böhranı yaradan amildir. Təbii məhsul adı ilə kimyəvi müdaxilə yolu ilə formalaşdırılmış bu qida məhsullarının istehsalı və satışı həm etik, həm hüquqi, həm də sosial məsuliyyət baxımından qəbuledilməzdir.

İstehlakçıların məlumatlığı, dövlət nəzarətinin səmərəliyi və vicdanlı sahibkarlıq prinsipləri birlikdə işlədikdə bazarda sağlam rəqabət və təhlükəsiz qida təmin edilə bilər. Əks halda isə saxta məhsulların dövriyyəsi həm ictimai sağlamlıq, həm də milli qida təhlükəsizliyi üçün risk olaraq qalacaq.

İlkin ŞİRİNOV,
qida eksperti

Bazarda “Qaymaqlı şor” adı ilə saxta və ya keyfiyyətsiz qida məhsullarının satılması ilə bağlı yayılan xəbərlər istehlakçıların qida təhlükəsizliyi və düzgün məhsul seçimi məsələlərini gündəmə gətirir. Ekspertlər bildirirlər ki, saxta məhsulların aşkarlanması və təhlükəsiz qida istehlakı üçün istehlakçılar diqqətli olmalı, etiket və sertifikatlara baxmalı və yalnız etibarlı ticarət nöqtələrindən alış-veriş etməlidirlər. Eyni zamanda, bu cür halların qarşısını almaq üçün bazarda nəzarət mexanizmləri gücləndirilməlidir.

Ümumiyyətlə, “Qaymaqlı şor”, “kənd ətirli şor” və ya hər hansı bir rayon və kənd adı ilə adlandırılan şorların istehsalında əsas məsələ məhsulun tərkibinin düzgün göstərilməsidir. Burada süd və qatığın miqdarı, keyfiyyəti məhsulun etiketində qeyd olunan göstəricilərə tam uyğun olmalıdır.

Məhsulların markalanması zamanı əgər tərkibində süd yağı yoxdursa, məhsulu “qaymaqlı” adlandırmaq düzgün deyil. Bəzi hallarda süd yağı əvəzinə ucuz bitki yağları, məsələn, palma yağları istifadə olunur ki, bu da məhsulun keyfiyyətini təmin etmir. Qiymət bəzən meyar kimi göstərilsə də, əslində, məhsulu yedikdə ağızda südün tamı və yağlılığı hiss edilməlidir.

Saxta məhsullarda bu mümkün deyil və belə məhsullar vitrinlərdə uzun müddət xarab olmadan qala bilir. Halbuki süd məhsulları tez xarab olur. Əksinə, bu, istehlakçı üçün şübhə doğuran əsas amillərdən biridir. Bundan əlavə, məhsulların üzərindəki markalanma və tərkib məlumatları düzgün deyilsə, belə hal istehlakçının aldanması hesab olunur və qida təhlükəsizliyi üçün risk yaradır.

İkiqat paketlənən, düzgün saxlanılmayan və açıq şəraitdə satılan məhsullar qida zəhərlənmələrinə səbəb olur. Bu səbəbdən məhsulların laborator analizləri zəruri sayılır. Analizlər məhsulun tərkibi ilə markalanma arasındakı fərqi, südün yağ faizini, bitki yağlarının olub-olmadığını və mikrobioloji göstəriciləri müəyyən edir. Yalnız bu nəticələr əsasında məhsul haqqında düzgün və tam fikir söyləmək mümkündür. Ucuz qiymətlər, endirimlər və cəlbedici qablaşdırmalar müştəriləri cəlb edə bilər, amma bu, məhsulun keyfiyyəti ilə bağlı aldanmaya səbəb olmamalıdır. Xüsusilə “kənd qaymaqlı şor” kimi adlar altında istehlakçının aldanması yolverilməzdir.

Ən doğru yanaşma hər hansı bir məhsul haqqında fikir bildirilməzdən əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laborator analizləri aparılmalıdır. Məhsulun tərkibi, yağlılıq və qatıq miqdarı tam müəyyən edildikdən sonra yalnız düzgün qiymətləndirmə mümkündür.

Vaqif BAYRAMOV
XQ

Избранный
18
1
xalqqazeti.az

2Источники