RU

Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycanda “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda kifayət qədər ambisiyalı və əhəmiyyətli istiqamətlər müəyyən olunub. Hesab edirik ki, Dövlət Proqramı məzunlarının da bu istiqamətdə böyük faydası olacaq. Artıq məktəblərdə rəqəmsal bacarıqları öyrənən şagirdlərin sayı 600 minə çatıb. STEAM təhsili 250 mindən çox şagirdi əhatə edir və bu say hər il artır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib. O bildirib ki, önəmli olan süni intellektin ayrıca fənn kimi tədrisi deyil, onun bütün fənlərin tədrisində necə tətbiq edilməsidir: “Yaxın illərdə hansı peşəyə yiyələnməsindən asılı olmayaraq, istənilən məzun və mütəxəssis süni intellektlə işləməyi bacarmalı, onu öz peşə fəaliyyətində səmərəli şəkildə tətbiq etməyi öyrənməlidir. Biz bu alətləri artıq praktik müstəviyə gətirə bilirik.

Bu yaxınlarda ilk məhsulumuz müəllimlər üçün süni intellekt əsaslı köməkçi alətin istifadəyə verilməsi oldu. Bu, müəllimin öz işində süni intellektdən necə faydalana biləcəyinə dair çox yaxşı nümunədir. Müəllimlər bu alətdən dərsin təqdimatı, qiymətləndirmənin təşkili, dərs planlarının hazırlanması kimi istiqamətlərdə istifadə edə bilirlər. Növbəti mərhələdə isə əsas suallar bunlardır: Süni intellekti fizikanın tədrisində necə tətbiq edə bilərik? Riyaziyyatın tədrisində bu texnologiyalardan necə yararlana bilərik?

Hesab edirik ki, fundamental rəqəmsal biliklərə malik insanların sayı artmalıdır və bu proses artıq məktəblərimizdə gedir. Şagirdləri düzgün süni intellekt alətləri ilə tanış edə və onlara bu texnologiyanın mahiyyətini doğru şəkildə izah edə bilsək, gələcəkdə əmək bazarı üçün daha uğurlu və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirə bilərik”, - deyə nazir müavini qeyd edib.

 

Избранный
16
1
azertag.az

2Источники