RU

Azərbaycan heç bir ölkəyə qarşı ittifaq yaratmır"- regional sabitliyin formulu ÖZƏL

"Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur". Azərbaycan Xarici İşlər Nazirliyinin regional hərbi eskalasiyaya dair bəyanatında bildirilib ki, XİN qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır. Martın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyev İranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib. Eyni gündə xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Ərağçi arasında telefon danışığı olub. 
Bundan sonra Bakı-Tehran əlaqələrində hansı dəyişiklikləri müşahidə edə bilərik? Azərbaycanın regionda əhəmiyyəti azala bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan həmişə qonşu ölkələrlə münasibətlərində əməkdaşlığa, səmimi dialoqa və problemlərin danışıq yolu ilə həllinə üstünlük verib. Bu prinsip bütün qonşularla münasibətlərdə tətbiq olunur və İranla da eyni yanaşma izlənir.
Azərbaycan-İran arasında kommunikasiya kanalları açıqdır. Ölkələr arasında müntəzəm telefon danışığı aparılır. Bu, münasibətlərin hazırki səviyyəsinin qənaətbəxş və normal olduğunu göstərir.
Azərbaycanın regiondakı mövqeyi isə qonşu ölkələrlə nəqliyyat infrastrukturu və geosiyasi əhəmiyyəti baxımından önəmlidir. Ölkələr bir-birinin tranzit imkanlarından istifadə edir. Bu, həmçinin regional təhlükəsizliyin təmin olunmasında vacibdir. Bununla yanaşı, ABŞ, Rusiya, Türkiyə və digər beynəlxalq aktorlarla da əlaqələr davam etdirilir. Hazırki vəziyyətdə Azərbaycan heç bir qonşu ölkə ilə münasibətləri pozmaq niyyətində deyil. Əksinə əlaqələr inkişaf etdirilir, koordinasiyalı müzakirələr aparılır və ortaya çıxan problemlər birbaşa siyasi kanallar vasitəsilə həll olunmağa çalışılır.
Region ölkələrinin birlikdə əməkdaşlığı həm regionun əhəmiyyətini artırır, həm də təhlükəsizliyə töhfə verir. Azərbaycan heç zaman müharibə və qarşıdurmanın tərəfdarı olmayıb və rəsmi bəyanatlarında da bunu açıq şəkildə ifadə edir. Qonşu ölkələrdə və ümumilikdə dünyada Azərbaycan üçün sülhün,  əməkdaşlığın və sabitliyin təmin edilməsi məqsədəuyğundur. Azərbaycanın sülh təşəbbüsləri, region ölkələri ilə balanslı münasibətləri, hərbi bloklara qoşulmaması və heç bir ölkəyə qarşı ittifaq yaratmaması ölkəmizin qonşulara və beynəlxalq ictimaiyyətə səmimi münasibətinin real göstəricisidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники