RU

Müharibələr və iqtisadi təzyiqlər fonunda Azərbaycan sabitlik prinsipinə əsaslanan siyasəti ilə fərqlənir - ŞƏRH

Bakı, 2 mart, AZƏRTAC

Yaxın Şərqdə gərginliyin artması, region dövlətləri arasında təhlükəsizlik risklərinin yüksəlməsi, mümkün eskalasiya ssenariləri, həmçinin enerji və ərzaq bazarlarında qeyri-sabitlik, tədarük zəncirlərinin pozulması beynəlxalq münasibətlər sistemində yeni güc balansının formalaşdığını göstərir. Belə bir şəraitdə regional aktorların siyasəti yalnız milli maraqlar çərçivəsində deyil, həm də qlobal sabitliyə təsir edən faktor kimi qiymətləndirilir. Bu kontekstdə Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli və balanslı geosiyasi xətt xüsusi diqqətə layiqdir.

Bu sözləri AZƏRTAC-a açıqlmasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

O qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm geostrateji məkandır. Lakin ölkənin rolu yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas halqası, regionda təhlükəsizlik və sabitlik yaradan aktor və humanitar əməkdaşlıq platforması kimi mövqeyini möhkəmləndirib. Bu mövqe xüsusilə qlobal risklərin artdığı dövrdə daha böyük əhəmiyyət kəsb edir. Enerji bazarlarında qeyri-müəyyənlik, ticarət müharibələri və sanksiyalar fonunda Azərbaycan alternativ və etibarlı marşrutların təminatçısı kimi ön plana çıxır.

“Müasir beynəlxalq münasibətlərdə uğurlu siyasətin əsas şərtlərindən biri balanslı və çevik diplomatiyadır. Azərbaycan bu prinsipi ardıcıl şəkildə tətbiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu çoxvektorlu əməkdaşlığa, milli maraqlara əsaslanan qərarverməyə, qarşıdurmadan uzaq, əməkdaşlığa yönəlmiş yanaşmaya və enerji diplomatiyası vasitəsilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə əsaslanır. Azərbaycan eyni zamanda Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda aktiv iştirak edərək müxtəlif geosiyasi bloklar arasında körpü rolunu oynayır. Bu yanaşma konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulub və regionda etimad mühitinin formalaşmasına töhfə verir”,- deyə Ü.Həmzəyeva bildirib.

Güclü siyasi iradə və uzaqgörən liderlik

Deputat müasir dövrdə dövlətlərin gücünun yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də onların qlobal sistemdə oynadığı logistika və humanitar rol ilə ölçüldüyünə diqqət çəkib: “Azərbaycan bu sahədə regionun əsas mərkəzlərindən birinə çevrilib. Transxəzər Orta Dəhliz və Şimal–Cənub marşrutları Avropa ilə Asiyanı birləşdirən ən etibarlı alternativ xətlərdən biri kimi formalaşır. Bu dəhlizlər Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Asiya ilə Avropa arasında ticarət dövriyyəsini sürətləndirir və müharibələr və sanksiyalar fonunda alternativ logistika imkanları yaradır. Eyni zamanda, qlobal böhranlar dövründə Azərbaycanın ərazisi humanitar yüklərin daşınması, yardım missiyalarının koordinasiyası və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Ölkənin siyasi sabitliyi və infrastruktur imkanları bu rolu daha da gücləndirir.

Mövcud mürəkkəb qlobal şəraitdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin arxasında dayanan əsas faktor güclü siyasi iradə və uzaqgörən liderlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət uzunmüddətli strateji planlaşdırmaya əsaslanır, regional riskləri qabaqlayan qərarlar üzərində qurulur və iqtisadi, hərbi və diplomatik alətlərin balanslı istifadəsini təmin edir. Bu yanaşma nəticəsində Azərbaycan qlobal böhranlara baxmayaraq sabitlik və inkişaf trayektoriyasını qoruyub saxlayır. Həmçinin artan qeyri-müəyyənlik, müharibələr və iqtisadi təzyiqlər fonunda Azərbaycan sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan siyasəti ilə fərqlənir”.

Избранный
2
1
azertag.az

2Источники