RU

“İdmançının ən böyük qüruru bayrağı zirvələrə qaldırmaqdır”- dünya çempionu Hacı Əliyev




Sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 qat olimpiya mükafatçısı, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

5 mart- Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə qonaq olan Hacı Əliyev şagirdlərlə təhsil müəssisəsinin idman zalında görüşüb. Qonaq həm məktəblilərlə səmimi söhbət edib, həm də şagirdlərin müxtəlif idman növləri üzrə məşq prosesini izləyib.

H.Əliyev sağlam həyat tərzinin təbliği, idmanın gənclərin fiziki və mənəvi inkişafındakı rolu, peşəkar idmançı olmağın məsuliyyəti və uğura aparan yol barədə danışıb. Sərbəst güləşçi idman karyerası boyunca qazandığı təcrübəni şagirdlərlə bölüşüb, məqsədyönlü çalışmanın və nizam-intizamın əhəmiyyəti, təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Qazandığı uğurlardan danışan Hacı Əliyev bildirib ki, hər bir nailiyyətin arxasında uzun illərin zəhməti dayanır və idmançı üçün ən böyük qürur həmin zəhmətin nəticəsi olaraq Azərbaycan bayrağını zirvələrdə görməkdir. Qonaq, həmçinin şagirdlərə zərərli vərdişlərdən uzaq olmağın və sağlam seçimlər etməyin əhəmiyyəti barədə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü Təhsil TV də işıqlandırır.


Ruhiyyə Mehdiyeva
Избранный
11
5
newscenter.az

6Источники