RU

Müharibə bazarları silkələdi - Qiymətlər sürətlə qalxır

ABŞ və İsrailin fevralın 28-dən başlayaraq İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar qlobal enerji bazarlarında kəskin dalğalanmaya səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, artan geosiyasi risk fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi neft, qızıl və gümüşün qiymətlərini sürətlə yüksəldib.

Bu gün - 2 mart səhər Asiya bazarlarında Brent neftinin bir barelinin qiyməti qısa müddətdə təxminən 10 faiz bahalaşıb, saat 05:00 radələrində isə 4,53 faiz artaraq 77,40 dollar səviyyəsinə çatıb.

Qızılın unsiya qiyməti artan qeyri-müəyyənlik fonunda 5 393 dolları ötərək təxminən 2 faizə yaxın yüksəlib və son bir aydan artıq dövrün ən yüksək səviyyəsinə çatıb. Regionda gərginliyin artması, o cümlədən, İranın dini lideri Əli Xameneyinin həlak olması xəbəri və Körfəz bölgəsində dəniz nəqliyyatının pozulması enerji bazarlarına təzyiqi gücləndirib. İranın regiondakı bir sıra ölkələrdə yerləşən ABŞ obyektlərinə cavab zərbələri endirməsi risklərin daha da artmasına səbəb olub.

Qızıl bazarında yüksəliş davam edir. Unsiyalıq qızıl günə 5 312 dollardan başlayıb, gün ərzində 5 303 dollarla 5 393 dollar arasında dəyişib və hazırda təxminən 5 361 dollar səviyyəsindədir.

Qiymətli metallar bazarında gümüş də bahalaşıb. Unsiyalıq gümüş günə 95,06 dollardan başlayıb, 92,04 dollarla 96,41 dollar aralığında dəyişərək hazırda təxminən 93,51 dollar səviyyəsindədir.

Qeyd edək ki, geosiyasi risklərin artması maliyyə bazarlarında qeyri-müəyyənliyi yüksəldir və investor davranışına birbaşa təsir göstərir. Bu şəraitdə kapital daha çox risk səviyyəsi aşağı hesab olunan aktivlərə yönəlir və həmin aktivlərə tələbat artır.

Risk amilləri qaldığı müddətdə qiymətlər üzərində yuxarı yönlü təzyiqin davam edəcəyi gözlənilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
69
yenisabah.az

1Источники