ABŞ və İsrail İrana qarşı hücumlarını davam etdirərkən, Tehran da cavab hücumlarını davam etdirir. Ölkədə qarışıqlığa səbəb olan İranın dini lideri Ayətullah Əli Xameneyiyə sui-qəsdlə bağlı təfərrüatlar ortaya çıxmağa başlayıb.
"New York Times" qəzeti Xameneyinin yerini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) müəyyən etdiyini bildirir.
Məlumata görə, MKİ şənbə günü səhər Tehranın mərkəzindəki bir hökumət kompleksində yüksək vəzifəli İran rəsmilərinin görüşünün keçiriləcəyini öyrənib. Ən əsası isə, MKİ dini liderin də orada olacağını öyrənib. Bu kəşfiyyat məlumatlarından sonra ABŞ və İsrail hücumların vaxtı barədə qərar veriblər.
"Bu məlumat hər iki ölkə üçün qələbə üçün vacib və erkən fürsət yaradıb. İranın yüksək vəzifəli rəsmilərinin aradan qaldırılması və Ayətullah Xameneyiyə sui-qəsd" - "New York Times" qəzeti yazıb.
Qeyd edilir ki, MKİ Xameneyinin yeri ilə bağlı dəqiq kəşfiyyat məlumatlarını İsrailə ötürüb.
Məlumata görə, əvvəlcə qaranlıqda hücum planlaşdırılıb. Lakin onlar Tehrandakı hökumət binasında keçiriləcək görüş barədə məlumatdan istifadə etmək üçün vaxtı dəyişdirmək qərarına gəliblər.
Liderlər İran Prezidentliyinin, Ali Rəhbərin və İran Milli Təhlükəsizlik Şurasının ofislərinin yerləşdiyi yerdə görüşməli imişlər. İsrail İranın yüksək səviyyəli müdafiə rəsmilərinin də görüşdə iştirak edəcəyi barədə məlumat alıb. Bunlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı Məhəmməd Pakpur, Müdafiə naziri Əziz Nəsirzadə, Hərbi Şuranın rəhbəri Admiral Əli Şamxani, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin rəhbəri Seyid Məcid Musəvi, Kəşfiyyat nazirinin müavini Məhəmməd Şirazi və başqaları olub.
Şənbə günü səhər saat 6 radələrində İsrail döyüş təyyarələri bazalarından havaya qalxıb. Hücum üçün uzaqmənzilli və yüksək dəqiqlikli sursatla təchiz olunmuş az sayda təyyarə seçilib. Təyyarələr havaya qalxdıqdan iki saat beş dəqiqə sonra, Tehranda saat 09:40 radələrində kompleksə uzaqmənzilli raketlərlə zərbə endirilib. Hücum zamanı İranın yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri kompleksin bir binasında, Xameneyi isə yaxınlıqdakı başqa bir binada olub.
"New York Times" qəzetinin yazır ki, hücum Tehranın bir neçə nöqtəsində eyni vaxtda həyata keçirilib.
Bəs Xameneyi sığınacağa niyə getməyib? Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasından açıqlama gəlib. Baş katib Əli Laricani deyib ki, Xamenei bunkerdə gizlənmək istəməyib: “O, həyatını normal davam etdirməkdə israr edirdi. Buna görə də bu baş verdi".
TAHİR