RU

“HÜRRİYYƏT”İ YENƏ “VURDULAR” Bizi kimlər və nə üçün susdurmağa çalışır?!

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, 2025-ci il oktyabr ayının sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət”in redaksiyasında keçirdiyi əməliyyatla saxlanılan baş redaktor Vüqar Məmmədovun (Tofiqoğlu) həbsinin ardınca qəzetimizə məxsus Hurriyyet.az saytı da bloklandı. Məlumat üçün bildirək ki, məsələ ilə bağlı bütün müvafiq qurumlara rəsmi sorğular göndərsək də, hər biri saytın bağlanmasından xəbərsiz olduğunu və bununla heç bir əlaqəsinin olmadığını iddia etdi.

Təbii ki, Hurriyyet.az-ın, Azərbaycan və Türkiyə istisna olmaqla, bütün xarici dövlətlərdə açılması saytımızın bloklandığını açıq şəkildə ortaya qoyur. Lakin biz bunun sifarişlə həyata keçirildiyinə əmin olduğumuz üçün, məsələnin üzərinə çox getmədik və vaxt itirmədən paralel olaraq istifadəmizdə olan Hurriyyet.org domenini işə saldıq.

Etiraf edək ki, yanvar və fevral aylarında Hurriyyet.org saytının fəaliyyətinə heç bir müdaxilə olmadı və fəaliyyətimizi sərbət şəkildə davam etdirdik. Üstəlik, baş redaktor Vüqar Məmmədovun həbsdə olduğunu nəzər alıb, onu “xalq düşməni” kimi təqdim etməsinlər deyə, son 2 ay ərzində Hurriyyet.org-da heç bir tənqidi material dərc etmədik. Bununla həm də bəzi məmurların bizi dövlət rəhbərliyinə “radikal müxalifət”, “şər-böhtan yazan sayt”, “dağıdıcı media” kimi təqdim etməsinin əsassız olduğunu ortaya qoymağa çalışdıq. Çünki, faktiki olaraq “Hürriyyət” hər zaman həqiqəti dilə gətirib və heç bir zaman peşəkar media mövqeyindən kənara çıxmayıb.

Buna baxmayaraq, bizim fəaliyyətimiz yenə də bəzi rəsmi ünsürlərin ürəyincə deyildi, ara-sıra Vüqar Məmmədovun həbsi ilə bağlı sayt üzərindən ölkə rəhbərliyinə, xüsusilə də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız müraciət onları ciddi narahat edirdi. Çünki qanunsuz əmllərinin, əsasən də ortada heç bir fakt olmadan, V.Məmmədovu sifarişlə həbs etdirdikləri faktının ortaya çıxamasından narahatdırlar. Məhz bu səbəbdən də dünən Hurriyyet.org saytı da sifariş əsasında bloklandı.

Əlbəttə, bu qərarın arxasında duran şəxslərin müvafiq qurmlara, o cümlədən məhkəmə qərarlarına təsir etmək gücündə olduqlarını yaxşı bildiyimizdən, bu problemi qısa müddətdə hüquq müstəvisində çözməkdə acizik. Ona görə də hələlik bütün hüquqi prosedurları bir kənara qoyub, yenidən saytımızı işə salmağı qərara aldıq.

Beləliklə, bu dəfə Hurriyyet.info üzərindən oxucularımızla görüşə gəlirik və ümid edirik ki, aidiyyəti qurumlar, o cümlədən də ölkə rəhbərliyi, nəhayət, “Hürriyyət”ə qarşı basqılara, bizi susdurmağa çalışan məmurların qanunsuz əməllərinə “dur!” deyəcək. Ən azı ona görə ki, “Hürriyyət”, dünən olduğu kimi, bu gün də məhz dövlətçilyin keşiyində dayanan mətbu orqandır və gələcəkdə də öz mövqeyindən bir addım belə, kənara sapmayacağına kimsənin şübhəsi olmasın.

Sonda oxucularımıza da müraciətimiz var. Hurriyyet.info-nu izləyin və paylaşın ki, kimsə haqq səsimizi boğmağa cəhd etməsin!

“Hürriyyət”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
hurriyyet.az

1Источники