RU

Politoloq Ülkər Piriyeva: “Yaxın Şərqdə Artan Gərginlik və Azərbaycanın Balanslaşdırılmış Siyasəti..” » AzadMedia.az

Politoloq

Bakı, 28 fevral - Azadmedia.az


Yaxın Şərqdə Artan Gərginlik və Azərbaycanın Balanslaşdırılmış Siyasəti: Yeni Geosiyasi Reallıqlar Fonunda Təhlükəsizlik Məsələsi

AzadMedia.az-a politoloq Ülkər Piriyevanın açıqlamasını təqdim edirik.

Dünyada baş verən son geosiyasi proseslər artıq lokal hərbi qarşıdurmalar çərçivəsindən çıxaraq regional və qlobal təhlükəsizlik sisteminə birbaşa təsir edən yeni mərhələyə qədəm qoyub. Bu barədə AzadMedia.az-a açıqlamasında politoloq Ülkər Piriyeva bildirib ki, İran və İsrail arasında müşahidə olunan gərginlik sadəcə iki dövlət arasında hərbi qarşıdurma deyil, bütövlükdə Yaxın Şərqdə güc balansının yenidən formalaşması prosesidir.
Bu hal da öz növbəsində “Yeni Geosiyasi Reallıqlar Fonunda Təhlükəsizlik Məsələsini” yenidən gündəmə gətirir.

Politoloqun sözlərinə görə, son dövrdə strateji obyektlərin və iqtisadi-logistika mərkəzlərinin hədəfə çevrilməsi müharibənin coğrafiyasının genişləndiyini göstərir:

“Artıq qarşıdurma yalnız hərbi mövqelərlə məhdudlaşmır. Enerji və nəqliyyat qovşaqlarının təhlükə altına düşməsi qlobal iqtisadi sabitlik üçün ciddi risklər yaradır və bu, münaqişənin regional sərhədləri aşdığını nümayiş etdirir”.

Piriyeva qeyd edib ki, İranın ali dini lideri Ali Khamenei ətrafında yayılan məlumatlar və ölkə daxilində siyasi qeyri-müəyyənliyin artması regionda qərarvermə mexanizmlərinə də təsir göstərir:

“Belə keçid dövrlərində dövlətlərin xarici siyasətdə daha sərt mövqe nümayiş etdirməsi ehtimalı yüksəlir ki, bu da eskalasiya riskini artıran əsas faktorlardan biridir”.

Politoloq bildirib ki, qarşıdurmanın üçüncü ölkələr üzərindən aparılması ehtimalı da diqqətlə izlənilməlidir. Onun fikrincə, İsrailə aid texnoloji və hərbi infrastrukturların müxtəlif regionlarda mövcudluğu iddiaları fonunda mümkün cavab zərbələri Yaxın Şərqlə məhdudlaşmaya və daha geniş coğrafiyanı əhatə edə bilər.

O vurğulayıb ki, mövcud mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkənin təhlükəsizliyi baxımından mühüm rol oynayır:

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli və praqmatik diplomatik kurs Azərbaycanın regional qarşıdurmalardan kənarda qalmasına imkan yaradır. Azərbaycan müxtəlif güc mərkəzləri arasında balansı qorumaqla həm siyasi sabitliyini təmin edir, həm də mümkün hərbi risklərin ölkəmizə sirayət etməsinin qarşısını alır. Məhz bu siyasət milli təhlükəsizliyimizin qorunmasının əsas təminatlarından biridir”.

Ekspert əlavə edib ki, bir sıra siyasətçilər tərəfindən illər əvvəl səsləndirilən Yaxın Şərq müharibəsinin geniş coğrafiyaya yayılacağı barədə proqnozların yenidən gündəmə gəlməsi regionda baş verən proseslərin miqyasını göstərir…

Həmçinin sonda politoloq qeyd edib ki, hazırkı mərhələ dünya siyasətində yeni təhlükəsizlik modelinin formalaşdığını göstərir:

“Dünya artıq klassik müharibələr dövründən hibrid və çoxqütblü qarşıdurmalar mərhələsinə keçir. Bu şəraitdə Azərbaycanın balanslı siyasəti və milli maraqlara əsaslanan diplomatik xətti ölkəmizi mümkün geosiyasi sarsıntılardan qoruyan əsas strateji amil kimi çıxış edir”.

Избранный
26
4
azadmedia.az

6Источники