Bu gün səhər saatlarında İsrailin İrana endirdiyi hava zərbələrindən sonra uzun müddətdir gözlənilən hərbi toqquşma açıq müharibə mərhələsinə keçdi. Ardınca ABŞ-ın da bölgədəki dəniz və hava qüvvələri vasitəsilə əməliyyatlara qoşulduğu bildirilir. Hazırda İranın paytaxtı Tehranla yanaşı İsfahan, Təbriz və digər iri şəhərlərdə strateji obyektlərin hədəfə alındığı barədə məlumatlar yayılır.
İlk açıqlamalar onu göstərir ki, proses lokal zərbə xarakteri daşımır. Əməliyyatların miqyası genişdir və klassik müharibə ssenarisinə uyğun şəkildə həm hərbi infrastruktur, həm nüvə obyektləri, həm də dövlət idarəetmə strukturları hədəfə alınır. Bu isə hücumun əsas məqsədinin təkcə hərbi potensialı zəiflətmək deyil, eyni zamanda İranda siyasi dəyişikliklərə nail olmaq olduğunu göstərir.
Tehran artıq cavab addımlarına başladığını bəyan edib. İran tərəfi əks-zərbələrin endirildiyini açıqlasa da, onların effektivliyi və miqyası barədə hələ dəqiq məlumat yoxdur. Rəsmi Tehran daha əvvəl də xəbərdarlıq etmişdi ki, ölkəyə qarşı hücum olacağı təqdirdə yalnız birbaşa hücumda iştirak edən hərbi obyektləri deyil, həm də ABŞ-ın region ölkələrindəki maraq və infrastrukturunu hədəfə ala bilər. Bu kontekstdə SEPAH tərəfindən zaman-zaman müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın adının çəkilməsi də yaddaşlardadır.
Hazırkı mərhələdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini demək çətindir. Lakin mövcud dinamika göstərir ki, tərəflər geri çəkilmək niyyətində deyil. Böyük ehtimalla qarşıdurma İran hakimiyyətinin taleyi müəyyənləşənədək davam edə bilər. İranın ali dini rəhbəri Ayətullah Xameneinin təhlükəsizlik səbəbilə Tehrandan çıxarıldığı və yeraltı sığınacaqda olduğu barədə xəbərlər də vəziyyətin ciddiliyini göstərir.
ABŞ prezidenti Donald Tramp isə çıxışında Cenevrə danışıqlarının nəticəsiz qaldığını, İranın kompromisə getmədiyini bildirib. O, İran xalqına müraciət edərək əməliyyatlar başa çatdıqdan sonra siyasi proseslərdə fəal olmağa çağırıb. Bu bəyanat Vaşinqtonun mövcud hakimiyyətlə deyil, daha fərqli siyasi konfiqurasiya ilə işləmək niyyətində olduğuna işarə kimi qiymətləndirilir.
Region üçün isə ən böyük risk müharibənin uzanmasıdır. Qarşıdurma genişləndikcə enerji bazarları, nəqliyyat dəhlizləri və təhlükəsizlik balansı ciddi sınaq qarşısında qala bilər. Ən ağır nəticələri isə hər zamankı kimi mülki əhali yaşayacaq. Qarşıdakı günlər müharibənin miqyasını və gələcək siyasi xəritənin necə formalaşacağını müəyyən edəcək.
Elnurə