RU

Milli Məclisin iclasında...

9 qanun layihəsi müzakirə edilib

Fevralın 27-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini bildirib.

Əvvəlcə “Kinematoqrafiya haqqında” Qanunda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləməni müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, anlayışları dəqiqləşdirmək, dövlət dəstəyinin institusional mexanizmlərini genişləndirmək və kino industriyası üçün investisiya cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Sənəddə bu sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Belə ki, layihə ilə Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir. Layihədə, həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib. Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda, Qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir. Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi Qanunda əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.

Beləliklə, qanuna təklif olunan dəyişiklik Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcək. Bu beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.

Sonra Cəzaların İcrası Məcəlləsində dəyişikliklər üçüncü oxunuşda qəbul olunub. Layihəyə əsasən, məcəllənin 24-cü maddəsi yeni redaksiyada verilir. Həmin maddəyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qanun layihəsi cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırılmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədilə hazırlanıb.

Deputatlar Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda da  dəyişiklikləri üçüncü oxunuşda qəbul ediblər. Qeyd edilib ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir.

Hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır. Qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.

Beləliklə, sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Millət vəkilləri “Yerin təki haqqında” Qanuna təklif edilən dəyişiklikləri isə  ikinci oxunuşda qəbul ediblər. Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ- mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

Bundan əlavə, “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər də ikinci oxunuşda qəbul olunub. Qeyd edilib ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilib, qanunvericilik təkmilləşdirilib, son nəticədə daşımaların keyfiyyəti yüksəldilib. Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.

Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.

Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının martın 3-də keçiriləcəyini diqqətə çatdırıb.

Nardar BAYRAMLI

Избранный
22
yeniazerbaycan.com

1Источники