Gürcüstan millisinin və “Vilyarreal”ın hücumçusu Georges Mikautadze İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Mikautadze fevralda “Vilyarreal”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Bu müddətdə Mikautadzenin komandası 3 qələbə qazanıb və 1 dəfə məğlub olub.
Bu, Mikautadzenin La Liqada ilk belə uğurudur. Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi. Noyabr və dekabrda isə “Barselona”nın hücumçusu Lamin Yamal ən yaxşı seçilmişdisə, bu ilin yanvarında “Malyorka”nın hücumçusu Vedat Muriqi fərqlənmişdi.
Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar futbolçu karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu 2024-cü ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını alıb. 2024-cü ilin iyul ayında Lion “Olimpik”i Mikautadzeni 18,5 milyon avro məbləğ müqabilində “Mets”dən tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Gürcü futbolçu “Vilyarreal”a 2025-ci ilin sentyabrında 31 milyon avro müqabilində Lion “Olimpik”indən keçib. Onun İspaniya klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var. Hücumçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.
Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan millisinin heyətində 41 oyun keçirib, 21 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.
