RU

Varşavada “Nabat” filmi nümayiş olunub

BAKI, TurkicWorld

Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib.

TurkicWorld xəbər verir ki, Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi nümayiş olunub. Film müharibənin insan talelərində buraxdığı dərin izləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və ana obrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əks etdirib. Ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.

Tədbirdə Xocalı dəhşətlərini əks etdirən foto-sərgi də nümayiş olunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar və yaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələri iştirakçıların diqqətini çəkib. Eyni zamanda sərgi Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasının vacibliyini vurğulayan mesaj verib.

Anım tədbirinin təşkilatçıları Varşava Azərbaycan Evinin media departamentinə müsahibələr verib. Müsahibələrdə tarixi həqiqətlərin unudulmaması, insanlıq dəyərlərinin qorunması və gənc nəsillərin mənəvi tərbiyəsi üçün bu kimi tədbirlərin önəmi vurğulanıb.

Qeyd edək ki, Varşava Azərbaycan Evi mütəmadi olaraq Xocalı soyqırımı ilə bağlı anım mərasimləri, konfranslar və ictimai maarifləndirmə layihələri həyata keçirir. Bu təşəbbüslər iştirakçılarda dərin emosional təsir yaratmaqla yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və humanitar dəyərlərin təşviqi üçün mühüm platforma rolunu da oynayır.

Избранный
16
turkic.world

1Источники