525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rafael HÜSEYNOVAkademik
Milləti millət edən, onu tarix içərisində irəlilədən vaxtın burulğanlarında ona dayaq olan böyük şəxsiyyətlərdir. O şəxsiyyətlərin və o şəxsiyyətləri yetirmiş qüdrətli nəsillərin sayəsində millət ucalır. Kökləri dərinlərə işləmiş nəsillər, onların yetirdiyi müstəsna övladlar çıraqlar kimidir, millət çıraqları. Məhz o çıraqların işığıyla xalq zəmanənin qaranlıqlarını adlaya bilir.
XIX-XX yüzillərin Azərbaycanını göz önünə gətirin. Əgər o təlatümlü dövrün içərisindən yurdumuz, xalqımız, Azərbaycan dəyanətlə, mətanətlə çıxaraq bunca yüksəkliklərə gəlib çatdısa, bunun əsas səbəblərindən biri güclü nəsillər və o nəsillərin bu millətə bəxş etdiyi övladlardır. Bakıxanovlarsız, Şahtaxtinskilərsiz, Topçubaşilərsiz, Şıxlinskilərsiz, Hacıbəylilərsiz, Şıxzamanlılarsız, Xanxoylularsız, Bədəlbəylilərsiz bu milləti necə təsəvvür etmək olar?
Bunlar və bunlar kimi onlarca nəsillər XIX-XX yüzillər içərisində millətin bel sütunu oldular, yurdun dayağına çevrildilər. O nəsillərin yetirdiyi övladlar millətin əlindən yapışaraq onu sabahlara apardılar.
O səbəbdən də millətin gücünü azaltmaq istəyənlər həmişə onun qüdrətli nəsillərinə qarşı mübarizələrə başlayırlar. XX yüzildə, sovet onillərində hakimiyyətdən gələn siyasi irticanın əsas qurbanlarından biri elə nəsillər, həmin nəsillərin böyük övladları oldular. Çünki qəsdə duranlar yaxşı anlayırdılar: bir imarəti laxlatmaq üçün gərək onun sütunlarını, dayaqlarını tərpədəsən.
Ancaq bacarmadılar. Bu nəsillərin kökləri o qədər dərinlərə işləmişdi, budaqları o qədər geniş açılmışdı ki, ən qəddar irticalar, ən yırtıcı istibdadlar, ən amansız siyasətlər də onları yolundan sapdıra, onları çökdürə bilmədi, onları əyməyə gücü yetmədi. Onları həbs etdilər, gülləyə tutdular, sürgünlərə göndərdilər, vətəndən didərgin saldılar. Fəqət bu məğrur nəsillərin dəyanətli övladları harada olsalar da, milləti və yurdu yüksəltməyi bacardılar. Məhz o çıraqları vaxtın ən sərt qasırğaları heç vaxt söndürə bilmədiyinə görə bu millətin işığı da heç zaman azalmır.
Tariximizdə əbədi qalan, millətə güc verən belə şərəfli nəsillər qafiləsində əzəmətlə ucalan soylar sırasında Rəfibəylilərin yeri ayrıcadır.
XIX yüzilin sonları, XX əsr boyu Azərbaycanın həyatında yaxşı və yaman nə baş veribsə, hamısı bu nəslin taleyindən keçib. Bu şəcərənin yaşam kitabını vərəqləmək elə Azərbaycanın XIX-XX yüzildəki tarixini oxumaq kimidir.
...Sovetlər Azərbaycanı zəbt edəndə 3 əsr idi ki, Rəfibəylilər Gəncədə yaşayırdı. Kimsə təsəvvür etməzdi ki, bu təcavüzün ömrü 70 ildən də artıq sürəcək. Rəfibəylilər bilməzdilər ki, bu 70 il boyunca sovet, cəhənnəm əzabını bu dünyada göstərərək onları 9 dəfə kütləvi sürgün və həbslərə məruz qoyacaq, nəslin balalarını yer üzünün onlarca ölkəsinə və şəhərinə dağıdacaq, soyu cırlaşdırmağa, nəslin kökünü biryolluq kəsməyə çalışacaq. Nəslin yeni övladları böyüdükcə rejim onları da Sibir tərəflərə, gedərgəlməzlər sarı yönəldəcək.
Ancaq gedəcəklər, əbədi buzlaq məskənlərində də hansı nəslin övladı olduqlarını şərafətlə sübuta yetirəcəklər. Hətta sanki həyatın bitdiyi yerlərdə də dustaq Rəfibəylilər seçilməyi, parlamağı, nüfuz, hörmət qazanmağı bacaracaqlar.
Dövran dəyişdi, başqa əyyamlar gəldi, vaxt qasırğasından mərdanəliklə çıxmış Rəfibəylilər yenə yolunu ləyaqətlə davam etdirir və söz yox, uzaq sabahlaracan da beləcə gedəcək. Çünki qan həminki qandır, keçmişli, ənənəli, qol-budaqlı bu nəsli indi - artıq üçüncü onili tamamlanmaqda olan üçüncü minillikdə də bir ailə kimi qovuşdurub-səmtləndirən, köklərə hörmət ruhunda bəsləyən, ardınca aparan ləyaqətli sərkərdə var. Rəfibəylilərin həm ağsaqqallıq mənasında, həm də elə birbaşa rütbə anlamında generalı - ikiqat generalı Akif Rəfiyev!
Ondoqquzuncu yüzilin sonları, iyirminci əsrin əvvəllərində Azərbaycanın ən üstün Kişiləri sırasında adı xüsusi sayğıyla çəkilmiş, "millət atası" adlandırılmış Ələkbər bəyin o vaxtlar daşıdığı nəslin ağsaqqalı olmaq yükünü və məsuliyyətini bu gün Akif bəy davam etdirməkdədir.
...Ələkbər bəyin qardaşı Qəhrəman bəyin 1924-cü ildə ürəyi partladı. Yurddan didərgin salınmış igid qardaşoğullarının, gözünün qabağında divan tutulan qohum-əqrəbasının, kor qoyulan ocaqlarının qüssəsi, Şura hökumətinin bu əzazilliklərinin müqabilindəki məğmunluğu, heç nə edə bilməmək acizliyi onu sındırdı və ürək tab gətirmədi.
Qəhrəman bəyin arvadı Güllər xanım günlərin birində hansısa xırda bir məişət qayğısına görə qəhərlənmiş gəlini Həcəri danlamışdı: "Ağlama, bala, günahdır. Bizim ağlayası o qədər böyük dərdlərimiz var ki! Gəncə vağzalından Sibirəcən bizim qəbiristanlıqlarımızdır".
Güllər xanım Akif müəllimin nənəsi idi, Həcər xanım anası.
Güllər Akif müəllimin qızıdır, Həcər nəvəsi.
1955-ci ilin avqustunda Qəhrəman bəyin oğlu Bəşir bəy Bakıdan əlində ali məktəbə qəbul kağızı ilə qayıdan oğlunu sevinclə qarşıladı. Amma oğlunun onun tövsiyə etdiyi kimi tibb institutuna deyil, universitetin hüquq fakültəsinə girdiyini biləndə çırpdı dizinə: "Niyə belə elədin, a bala?! Axı Rəfibəylidən hüquqşünas olmaz. Qoymazlar!"
Olmağına olardı və vaxtilə olmuşdu da. Bəşir bəyin əmisi oğlu İsgəndər Rəfibəyli hələ 1883-cü ildə Avropada hüquq təhsili alaraq vətənə qayıtmışdı, Şəki-Zaqatala bölgəsinin silistçisi (istintaq aparan vəzifəli şəxs, müstəntiq) işləmişdi. Lakin o dövr ayrı dövr idi və dünyagörmüş Bəşir bəy övladına həkimlik peşəsini seçməyi ona görə məsləhət bilmişdi ki, həbsdə də, sürgündə də bu sənət işə yarayan idi. Həbs və sürgünsə artıq bu nəslin aqibətinə daha uyğun idi...
Şura hökumətindən gördüyünü görmüş Bəşir bəy, əlbəttə ki, oğlu Akifə - damğalı nəslin balasına dövlətin hüquqşünas olaraq etibar etməyəcəyinə əmin idi. Heç ümidi yoxdu ki, universiteti oxuyub qurtarmasına imkan verilə.
Fəqət siyasi iqlim yumşalırdımı-nəydi, dövrmü başqalaşırdı, ya bu da sovetin şeytanın da baş çıxarmayacağı anlaşılmaz və gözlənilməz gedişlərindəndimi, Bəşir kişinin möcüzə hesab edəcəyi bir para işlər baş verdi.
Akif oxumağını başa çatdırıb hüquqşünas da oldu, Rəfibəylilər sırasından ilk dəfə kommunist partiyasına da götürüldü və tarixin, taleyin əcaib yazısıyla İsgəndər bəydən düz 65 il sonra növbəti təyinatla Zaqatalaya prokuror göndərildi.
Bəşir kişi 1941-ci ildə həyat yoldaşından rəsmən ayrılmışdı ki, onu sürgün edəsi olsalar, arvad-uşağa toxunulmasın.
Rəfibəylilərdə guya ki, dövlətin həbslərindən, təqiblərindən yaxa qurtarmaqçün fərqli soyadlar götürmək məcburiyyəti olub. Nə sadəlövh bir cəhd imiş. Dövlət fasiləsiz nəzarəti və təzyiqi altında əzdiyi bu nəslin körpəsindən tutmuş qocasınacan onsuz da hər nəfərindən xəbərdar idi. Soyad nədir, lap adlarını da dəyişsələr, baş götürüb ayrı bir respublikaya getsələr də, xeyri yoxdu - güdükçü sayıq idi.
Elə təkcə Akifgildə bir evdə 3 soyad vardı - Rəfiyev, Rəfizadə, Cəfərov (Bu, anası Həcər xanımın qızlıq soyadı idi).
Nə saxta boşanmanın, nə qondarma soyadbaşqalaşdırmanın köməyi olur - Akifgili də ailəliklə Gəncədən çıxarırlar. Yenə bəxtləri gətirir ki, heç olmazsa yaxın rayona - Ağstafaya göndərirlər...
Akif müəllimlə 30 ildən artıq müddətdə vaxtaşırı görüşlərimizdən, ünsiyyətlərimizdən ağrılı bir müşahidəm var - nəslin, ailələrinin taleyi ilə bağlı ən acı anları, ən qəmli səhnələri Akif müəllim adətən kefimizin duru vaxtında, gözəlliklə, dincliklə, asudəliklə baş-başa olduğumuz saatlarda xatırlayaraq mənə söyləyib. Hər dəfə yeməyin şirin vaxtında tikəsini boğazında saxlayan qüssəli olmuşları məhz belə məqamlarda anmasını bu cür rahatlıqdan, asudəlikdən, firavanlıqdan onillərlə məhrum qalmış əzizlərinin narahat ruhları qarşısında onun üzrxahlığı kimi qavramışam.
Akif müəllim cavan yaşından Şəmkirdə prokuror köməkçisi, İsmayıllıda, Mingəçevirdə, Zaqatalada, Sumqayıtda prokuror işləyib, 10 il sərasər - 1981-dən 1991-dək Daxili İşlər Nazirliyi İstintaq idarəsinin rəisi vəzifəsini aparıb.
Cəza orqanlarında işləyə-işləyə qazandığı da, bir çox başqaları kimi, var-dövlət yox, insanların hörməti, ehtiramı olub.
Akif müəllimin vaxtilə vəzifə başında olduğu rayonlara onsuz səfərlərimdə dəfələrlə köhnə kişilərdən onun xeyirxahlığı, nəcibliyi, kübarlığı haqqında minnətdar xatirələr eşitmişəm.
Elə öz ömrünü yaşayaraq, görünməyə çalışdığın kimi deyil, olduğun kimi qalaraq Yaxşı Adam mərtəbəsinə dikəlməyin sirri sadədir: Akif Rəfiyev heç vaxt yaddaşsız olmayıb, ömrün heç bir mərhələsində hansı nəslin şərəfini daşıdığını unutmayıb, törəməsi olduğu nəslin ləyaqət dərslərini də daim xatırlayıb, o ləyaqətlərə yaraşan addımlar atmağa da daxildən səfərbər olub.
Amma heç vaxt da nəslinin başına gətirilən müsibətləri yaddan çıxarmayıb, bu zülmlərin ümumi mənzərəsini ən əvvəl işinin xüsusiyyətinə, məlumatlılığının yüksəkliyinə görə digər nəsildaşlarından daha yaxşı bilib.
Və çox olan dərd bilgisi onda daxili sərtlik oyatmayıb, onu içəridən qabalaşdırmayıb, əksinə, acıya məruz qalan hər insana ən əvvəl bu nisgillər ona nəslinin aqibətindən gözəlcə bəlli olduğundan, o qəbil insanlara daha həssaslıqla, daha artıq mərhəmət duyğusu ilə, canıyananlıqla yanaşıb.
Nəslinin mərd, başıuca övladlarının örnəyi həmişə Akif müəllimlə olub və bu parlaq nümunələr onu həm mübariz edib, həm də çox həyat sınaqlarından çıxarıb.
Daim yüksək vəzifələrdə olubsa da, tam rahat ömür yaşayıb da demək düz olmaz. Təsadüflər elə gətirib ki, ölümlə üzbəüz qaldığı anlar da olub. 1980-ci illərin sonlarında Qarabağ qazanı qaynamağa başlayanda Akif Rəfiyevin günlərinin çoxu oralarda keçirdi. Bu da tale işi idi - vaxtında bu yerlərdə onun babaları da rus-erməni fitnəkarlara qarşı qanlı döyüşlərdə iştirak etmişdilər.
1989-cu ildə onu aparan vertolyotu düşmən güllələri tutmuşdu və partlayışdan, labüd ölümdən onu Allah saxlamışdı.
Və hətta bu "ölüm-həyat" imtahanından sonra da ölümün gözlə qaş arasında olduğu ən təhlükəli nöqtələrə dəfələrlə uçmuşdu, Qarabağın nicatı üçün o vaxt imkanı, bacarıqları çərçivəsində nə varsa əsirgəməmişdi.
1991-ci ilin sentyabrında Akif Rəfiyevi ədliyyə nazirinin müavini vəzifəsinə göndərdilər.
Onun və nəslinin qismətindəki ən vacib və ən rəmzi hadisələrdən biri də elə məhz bu kürsüdə əyləşdiyi əsnada - 1998-in son dekabr günlərində baş verdi.
Ölkə Prezidentinin fərmanı ilə Akif Rəfiyev general rütbəsinə layiq görüldü.
Həmin hadisədən düz 50 il əvvəl başqa bir Rəfibəyli də general poqonları taxmışdı - Türkiyədə "Sayqın" soyadı ilə yaşayan, qardaş məmləkətə 1920-ci ildə Gəncə üsyanından sonra pənah aparmış hərbiçi Səməd bəy 1948-ci ildə türk ordusunun paşası olmaq şərəfinə yetmişdi. Bu ucalışa da xüsusi müstəsnalıq bəxş edən o idi ki, Səməd bəy Rəfibəyli-Sayqın da Türkiyədə general rütbəsinə çatan ilk azərbaycanlı idi! Akif Rəfiyevə isə burda - Azərbaycanda generallıq nəsib oldu. Əslində onun hələ sovet dövründə Daxili İşlər Nazirliyində tutduğu vəzifə general vəzifəsiydi və ədalətlə, insafla yanaşılsaydı, Akifə bu çin o zaman verilməliydi. Fəqət, görünür, bu da bir ayrı naxışdır ki, öz məmləkətində ilk Rəfibəyli generalı müstəqillik dövründə yaranmalıymış.
...Qədim və əziz Gəncədə, dədə-baba yurdları Bağmanlar məhəlləsində, Gəncəçayın lap sahilində, qaya üstündə Akif müəllim bir ev tikdirib.
Onsuz da lap çoxdan Akif müəllimin həyatı Bakıyla bağlıdır. Övladları, nəvələri Bakıda yaşayırlar və işləri, sənətləri də elədir ki, paytaxtda da yaşamaqda davam edəcəklər. Amma Akif müəllim hər ilin yayında iki-üç ayı orda keçirsə də, həmin evi, həmin həyəti Gəncədə özündən daha əvvəl məhz uşaqları, nəvələri, qohum-əqrəbası üçün tikib-qurub. Bir ocaq kimi! Hərdən-hərdən hamısının yığışaraq hansı köklər üzərində bitdiklərini dönə-dönə bir dərs kimi təkrarlamalarından ötrü, yeni yetişən Rəfibəyliləri əslə, nəcabətə, rişələrə daha dərin bağlayacaq ata-baba ünvanı, dədələrin işığını, hənirini duyacaqları bir çıraq kimi!
"Gəncə" kəlməsi magik gücüylə hər zaman bu şəhərdə pərvəriş tapmış insanları dünyanın hər yerində yaxınlaşdırdığı, qovuşdurduğu kimi, Akif müəllimin mülkü də kökə bağlı cazibəsi ilə saysız ünvanlara, müxtəlif qitələrə, ölkələrə, şəhərlərə səpilmiş Rəfibəyliləri mütəmadi olaraq qoynuna alır...
Ağsaqqallıq saqqalın ağarması ilə yaranan keyfiyyət deyil və bəlkə heç bundan ötrü yaş şərt də deyil. Ağsaqqallıq əməldən yaranır. Gəncəçayın sahilində, qaya üstündəki o yurd Akif bəyin onillər qabaq hələ ahıl yaşındaykən gerçəkləşdirdiyi müdrik, ağsaqqalanə əməllərindən biridir ki, var!
Və o mülkdə yuxarı başda Akif müəllim iri bir portret asıb.
Bu nə babası Qəhrəman bəyin rəsmidir, nə atası Bəşir kişinin. Bu, atasının əmisi oğlu, Gəncənin general-qubernatoru olmuş, artıq 40 yaşlarındaykən Gəncənin və Rəfibəylilərin ağsaqqalı sayılmış Xudadat bəyin əksidir.
Bu gün və sabah o həyətə üz tutan, Akif müəllimin başına yığılan Rəfibəylilər mənə mətin bir generalın ətrafına toplaşmış əsgərlər kimi gəlir və Akif müəllimin evinin yuxarı başından asdığı həmin şəkillə də soyaddaşlarına əslində nəsihət verir. Yaxşı Rəfibəyli, yaxşı azərbaycanlı olmağın öyüdünü!
Nə bir nəslin əsl mənəvi generalı olmaq asandır, nə də zərli poqonlarla yox, bütün mahiyyətiylə vətənin əsl generalı olmaq.
Onunçün də, bununçün də həm dərs almağı, həm dərs verməyi bacarmaq lazımdır.
Akif Rəfiyev ömrü boyu onu da, bunu da bacarıb.
Xatirələr qanadında uşaqlıq illərinə qayıtmağı əksəriyyət xoşlayır. "Hamı" yazmıram ona görə ki, bu dövrün insan ömründəki ən qayğısız bir parça olmasına baxmayaraq, bəzilərindən ötrü uşaqlıq sarsıntılı, qorxulu yuxu kimi keçib və həmin illəri yada salmaq onlara həmişə könül rahatlığından daha artıq daxili səksəkə gətirir, bu, hər dəfəsində qaysaq bağlamış yaranı təzədən qanatmaq kimi olur.
Elə biri Akif müəllim. Danışır və o olmasın, sən ol, mən olum, bu xatirə yükünü bir ömür daşımaq asandırmı: "Ailədə 4 uşaq idik, böyüyü məndim. Müharibə dövründə nənəmlə gedərdik, çörək növbəsinə durardıq. Gecə saat 4-də. Çörəyi kartoçka ilə verərdilər və kartoçkada hansı ünvan göstərilibsə, çörəyini yalnız həmin dükandan ala bilərdin. Bir nəfərə də 2 kilodan artıq çörək vermirdilər. Ona görə nənəmlə ikimiz gedərdik. Həm də ailənin tərkibi böyük idi, verilən çörək əslində heç çatmırdı. Gedib dururduq növbəyə və adətən də iki sıra növbə düzülərdi. Növbəmizin çatmasına bircə adam qalanda bizi tanıyan çörəksatan dillənirdi ki, indi o biri növbədəkilərə çörək veriləcək. Bizə vermirdilər, başlayırdılar o biri sıradan arxadan əvvələ doğru gəlməyə. Yenə növbə bizim sıraya keçib, həmin qayda ilə davam eləyəndə, bizə bir-iki adam qalanda dübarə keçərdilər o biri sıraya. Nənəm çarşablı, ismətli-abırlı qadın idi. Axırı bizim sırada qarşımızda olan, arxamızda dayananlar nənəmi itələyib növbədən kənarlaşdırırdılar ki, çıxın gedin, nə istəyirsiniz, sizə görə bizə də çörək vermirlər. Gecə saat 4-dən bu minvalla gün çıxanadək növbədə qalardıq, görərdin dan yeri qızaranda dükançı kal səslə hündürdən deyərdi ki, daha dağılışın, çörək qurtardı. Kor-peşman çıxardıq ordan, nənəm qayıdardı ki, narahat olma, oğul, atan gedib alar. Atam yazıq hardan alacaq? Vermirdilər, verən olsaydılar, bizi gecə saat 4-dən sübhə qədər gözlətməzdilər ki! Başımıza o qədər belə işlər gəlib ki! Oxuduğumuz məktəb Bağır bəyin evi idi, 21 otaqdı. Ora olmuşdu Lenin adına 2 nömrəli orta məktəb. Müəllimlər də bilirdi ki, bu bizim, Rəfibəylilərin evidir. Atam israrla tapşırardı ki, nəbadə deyəsən bu bizim evdir, qətiyyən dilinə gətirmə. Biz də başa düşürdük, bu barədə cınqırımızı çıxarmırdıq".
Hər gün dərslər bitəndə, məktəbdən evə qayıdanda adətən uşaqlar pioner qalstukunu boynundan açıb çantaya qoyardı. Kim ki sovet dövrünü yaşayıb, pioner olub, məktəblilərin belə şakərindən xəbərdardır.
Akif onda 5-ci sinifdə oxuyurdu. Bir gün Bəşir kişi məktəbdən qayıdan Akifi qalstuksuz görəndə rəngi avazıdı: "Oğul, sən o biri uşaqlara baxma. Bizim daşımız ağırdır. Sənin qalstuku açmağına ad qoyarlar. Deyərlər ki, qırmızını bəyənmir".
(Öz aramızdır, elə əslində Rəfibəylilərin rənglər içində qırmızı ilə heç arası yoxmuş. Artıq dünyanın nisbətən düz vaxtlarında, nəslin başı üstündən buludların dağıldığı 1970-ci illərdə Bəşir kişi bir dəfə uşaqlarına görkəmli maarifçi Cavad bəy Rəfibəylidən danışanda: "O rəhmətlik qırmızı görəndə dəli olurdu", - söyləyibmiş).
...Akif müəllimin hafizəsində tək özünün yox, nəslin digər uşaqlarının da hansı vahiməli günlər yaşamasının yaddaş qəlpələri qalır.
Xudadat bəyin dəyanətli ömür-gün yoldaşı Cəvahir xanımın ona nağıl etdiyi əhvalatı və həmin qəmli hekayəti tamamlayan və artıq yaşlı çağlarında Nigar xanım Rəfibəylinin söylədiklərini Akif bəy belə çatdırır ki, Gəncə üsyanı vaxtı Xudadat bəyin aparılmasından iki-üç gün ötürmüş. Gecələrdən birində qapı bərk döyülür. Cəvahir xanım açıb görür ki, patrondaşlı bir kişidir - camaat arasında "Bolşevik Mustafa" deyilən şəxs. Həmin adam hökmlə əmr edir ki, tez yığışın, fayton gözləyir. Xudadatla Cəvahirin 3 uşağı vardı - Kamil 11, Rəşid 9, ən kiçikləri Nigar 7 yaşında. Cəvahir xanım Mustafaya müraciət edir ki, bilirəm bizi aparıb güllələtdirəcəksən. Birincisi, xahiş edirəm bizi güllələyəndə sən güllələ, ermənilərin əlinə vermə. İkinci xahişim odur ki, mənim yanımda uşaqlarımı güllələmə, birinci məni, sonra uşaqları vur.
Mustafa yenə soyuq və kobud tərzdə çımxırır ki, çox danışma, tez ol, fayton gözləyir.
Cəvahir xanım üstündən xeyli vaxt sovuşandan sonra da üşəntisi toxtamamış dəhşətlə xatırlayırmış: "Bizi aparırdılar, ətrafa o qədər meyit səpələnmişdi ki, şəhərdə fayton, atlar yeriyə bilmirdi. Nigar balaca idi, tez əlimi onun gözünə tutdum ki, addımbaşı rastımıza çıxan cəsədləri görüb qorxmasın".
O müdhiş günün bu anlarının xatirəsini Akif bəyə Nigar xanım da ixtiyar çağlarında danışıbmış və deyirmiş ki, anam əliylə gözümü qapatmışdı, ancaq barmaqlarının arasından hər tinbaşı çoxlu meyitləri görürdüm.
Cəvahir xanım bunu da dünyanın yaxşılardan xali olmamasının ibrətli hekayəti kimi söyləyirmiş ki, elə bilirdik bizi aparıb güllələyəcəklər, xeyli gedəndən sonra bolşevik Mustafa bizi tamam təhlükəsiz bir məhəllədəki həyətə saldı. Pıçıltıyla dedi ki, qorxmayın, sizin təhlükəsizliyiniz təmin olunub.
Cəvahir xanım bunu da söyləyirmiş ki, o adam bolşevik də olsa, düşmən də olsa, qeyrətli gəncəli idi. Düşünüb ki, qubernatorun yoldaşı, uşaqları ermənilərin əlinə düşər, - erməni də o günlərdə belə girəvəni göydə gəzirdi, - ailəyə amansızlıqla divan tutarlar.
Nigar xanımın başlanğıcı bəxtiyar, ardı bədbəxt keçən uşaqlıq, yeniyetməlik illərindən yaddaşında bu anlar da qalıbmış ki, "qonşular bizə o qədər azuqə gətirmişdilər ki, yeyib qurtara bilmirdik".
Nigar xanım deyirmiş ki, o günlərdə tanımadığımız qonşuların gətirdiyi təzə təndir çörəyinin ətrini heç unuda bilmir.
Yaddan çıxmayan, heç vəchlə unudula bilməyən, zamanaşırı hafizədə pırtlayıb üstə qalxan əslində təzə təndir çörəyindən çox o qorxunc günlərdə belə itməyən, solmayan, öləziməyən vəfanın, etibarın, sədaqətin ətri idi...
Açığı, həmişə Akif Rəfiyevin cavan yaşından məsul vəzifələr tutması, irəliləməsi, Rəfibəyli olsa da, sovet dönəmində qarşısında maneələr yaradılmaması məni təəccübləndirmişdi. Çünki Rəfibəylilərə münasibətdə sovetin hansı qəddar və barışmaz mövqedə olmasını keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində baxdığım onlarla cinayət işindən bilməyimdən əlavə, 1980-ci illərin sonlarında, sovetin ciddi şəkildə laxladığı, süqut astanasında dayanmasının hiss olunduğu, artıq Kremlin özü tərəfindən siyasi repressiyaların bir dövlət irticası olaraq geninə-boluna pisləndiyi çağlarda belə bu nəslə münasibətdə köntöy yanaşmaların hələ də tükənmədiyinə rastıma çıxan bir hadisədən şahid olmuşdum.
Onda Azərbaycan Həmkarlar Təşkilatının "Ülfət" qəzetində Rəfibəylilərlə bağlı silsilə məqalələr dərc etdirirdim. Redaksiyanın əməkdaşları da, qəzetin redaktoru da dostlarım idi, bir gün mənə xəbər verdilər ki, yuxarıdan bunlara təpinən olub ki, nə yapışmısız bu bəylərdən, sizin qəzetiniz zəhmətkeşlərin qayğılarından yazmalıdır.
Zəhmətkeşlikdən söz düşmüşkən, bu zavallı Rəfibəylilərin adları bəy olmuşdu. Geniş üzüm bağları varmış, məhsul yığımı vaxtı əlavə qüvvəyə ehtiyac olanda muzdla işçilər götürərmişlər, amma onlara qoşulub özləri həmin fəhlələrdən çox işləyərmişlər.
Uzun sözün qısası, bir Rəfibəylinin dövr və siyasət nə qədər dəyişsə də, gah o rayona, gah bu rayona prokuror göndərilməsi, heç yerdə də büdrəməməsi məndə bu nəslin sərgüzəştlərinə yaxından bələd adam kimi sadəcə təəccüb deyil, heyrət də oyatmışdı. Sən demə, qısma-boğmalar da, Akif Rəfiyevin kitabını biryolluq bağlamaq cəhdləri də olubmuş. Akif bəy söyləyir ki, (mən hər dəfə israrla Akif Rəfiyevi "müəllim"dən daha çox "bəy" kimi yazanda bu sözün cəbhəçilərin ifasında işlək olan, hər kişiyə aid edilən anlamını yox, elə əsl sənədli-sübutlu gerçək bəy mənasını nəzərdə tuturam) karyerası boyu müxtəlif təyinatları ərəfəsində unudulmaz Heydər Əliyev onu 5 dəfə qəbul edib. Bir dəfə vəziyyət lap böhranlı imiş. Rayonun adını qəsdən açıq yazmıram ki, dərhal hesablayıb həmin adamın kim olduğunu tapacaqlar və bir bədxahın, yaxud səhvetmişin ucbatından isə indi, illər sonra övladlarının əziyyət çəkməsini istəmirəm. Rayon prokuroru Akif Rəfiyev prinsipiallıq göstərirmiş, düzlük, ədalət ardınca imiş, bu isə sovet dönəmində "balaca padşah" adlandırılan, rayonun real yiyəsi hesab edilən raykomun birinci katibinin şəstinə toxunurmuş, müəyyən tapşırıqlarını "qanun yol vermir" deyə rədd edən prokurorun əlindən zəncir çeynəyirmiş. Katib əleyhdarlar təşkil edibmiş və söhbət şişə-şişə gəlib Mərkəzi Komitənin bürosuna qədər çatıbmış. Açıq şəkildə mövzunu belə qoyurmuşlar ki, bu prokuroru partiyadan xaric etmək lazımdır, çünki o, qərəzlidir, yalnız kommunistləri məsuliyyətə alır. Sovet dönəmində bu, öldürücü bir ittiham idi. Guya bu adam sovet dövlətinin çoxsaylı cəzalar verdiyi bəy nəslinin təmsilçisi kimi tutduğu prokuror vəzifəsindən qisas aləti kimi istifadə edir. Akif Rəfiyev həyatının o narahat günlərinin hər dəqiqəsi ilə bərabər həyəcanlarını belə xatırlayır: "Allah o vaxtlar daxili işlər naziri olan Arif Heydərova qəni-qəni rəhmət eləsin. Mərkəzi Komitənin Büro iclasından əvvəl mənə dedi ki, sən çox danışma. Heydər Əliyevin çox danışandan xoşu gəlmir. Ancaq sənə sual versə, cavab verərsən. Mən də qayıtdım ki, Arif Nəzəroviç, axı mənim taleyim həll olunur, necə susum? Dedi ki, yox, özünü təmkinli apar, Heydər Əliyeviç bütün təfərrüatlardan agahdır, narahat olma, yaxşı qurtarar. Nə isə, iclas başlandı, növbə gəlib çatdı mənim məsələmə, rayonun birinci katibi durdu, məni yıxdı-sürüdü, ittiham etdi ki, bu adam Gəncə qubernatorunun nəvəsidi, bizdən, kommunistlərdən qisas alır. Heydər Əliyev ağıllı adam idi, bilirdi burda danışılanların hamısı protokola yazılır, üstəlik Moskvanın canişini, Mərkəzi Komitənin ikinci katibi Kozlov orda, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Krasilnikov burda, ona görə də soruşdu ki, bu prokurorun qohumu nə vaxt qubernator olub? Dedilər ki, bəs, 1918-20-ci illərdə. Dərhal da Heydər Əliyev növbəti sualını dilə gətirdi ki, bəs prokuror nə vaxt anadan olub? Cavab verdilər ki, 1936-cı ildə.
Heydər Əliyev bu sözləri rusca dedi ki, yaxşı, elədirsə, qubernatorun bu cavan prokurora nə aidiyyəti var?!
Elə bununla da Heydər Əliyev həyatımı, gələcəyimi xilas etdi.
Bu işi qurmuşdular, məsələni belə həddə çatdırmışdılar ki, partiyadan qovulmağıma, həbs edilməyimə müvəffəq olsunlar. Amma tərsinə alındı. Məsələ mənim xeyrimə tamam dəyişdi. Birinci katibə cəza verdilər, məni də partiyadan kənar etmək yox, başqa bir rayona işə göndərmək haqda qərar qəbul etdilər. Sonralar daxili işlər nazirinin müavini, istintaq idarəsinin rəisi oldum. Orda da yenə neçə il işləyəndən sonra yazdılar-pozdular, əleyhimə iş apardılar, nail oldular ki, təqaüdə göndərilmək adı ilə 55 yaşında işdən çıxarılım. Ancaq yenə qayıtdım, təzədən 12 il ədliyyə nazirinin müavini işlədim. Yəni yaxşı kişilər, o əsli, kökü olan insanlar bizə həmişə hörmət ediblər, qoruyublar. Bizə qarşı bütün sovet dövründə olan düşmənçiliyin kökü isə erməniçilikdən gəlir. Rəfibəylilər XX əsrin ilk onilliklərində ermənilərin xalqımıza qarşı qaniçənliyi əleyhinə mübarizənin qabağında gedənlərdən olub. Gəncədə ermənilər azərbaycanlıları qıran vaxtlarda - 1905-ci ildə Dəli Alını dağlardan çağırtdırıb Gəncədə onlara divan tutdurulması heç vaxt ermənilərin yadından çıxmayıb. Bir dəfə mən daxili işlər nazirinin digər müavini Kamil Məmmədovla Dağlıq Qarabağa getmişdim, 1988-ci il idi, Gevorkov da orda birinci katib idi. Məni Kamil müəllim ona "İstintaq idarəsinin rəisi polkovnik Rəfiyev" kimi təqdim edəndə Gevorkov əl verdi, görüşdü, ancaq əlimi buraxmadı, dedi ki, sən Rəfibəylisən, niyə Rəfiyev yazdırmısan? Cavab verdim ki, mən anadan olanda Rəfiyev idim. Dedi ki, hə, bu, məşhur familiyadır. Mən daha üstünü vurmadım. O, bizləri yaxşı tanıyırdı, Rəfibəylilərin ermənilərə necə müqavimət göstərməsindən xəbərdar idi".
...Qocaman, gövdəli çinarlar, duruşu vüqarlı yaşıl gözəllər. Çinar həyət-baca ağacı deyil. Lap öz həyətinə əkib qırağına hündür hasar da çəksən, böyüyüb divarı aşacaq, kölgəsini, sərinini başqalarına da bağışlayacaq. Təbiət çinarın alnına hamının olmağı yazıb. Rəfibəylilərin də payına çinarlar kimi Gəncənin, Azərbaycanın neçə-neçə şanlı nəsilləri kimi tək öz evləri, öz əqrəbası üçün deyil, millətdən ötrü ömür sürmək düşdü. Onların taleyi XX əsr içindəki Azərbaycanın taleyindən oldu: sarsıntılı və fərəhli, əzablı və məsud, nakam və ümidli. Amma son olaraq zəfərli! Çünki xeyir daşıyanların son ucda qisməti başqa sayaq olmur.
Rəfibəylilərin generalı, qiymətli azərbaycanlı Akif Rəfiyevin doxsanına başı uca, alnıaçıq çatması, nəslinin bütün keşməkeşli aşırımları adlayandan sonra tarix yolları ilə elə əvvəlki əzmi və nəcibliyi ilə irəliləmək xoşbəxtliyinə yaşından xeyli cavan bir vücud və ruhla şahid kəsilməsi də Tanrının və Taleyin lütfü, Tarixin həmin dəmir məntiqinin daha bir təsdiqidir.
...Çoxdankı söhbətdir, növbəti dəfə Türkiyəyə getmişdim. Orda keçirilən bir beynəlxalq konfransda iştirak etməli idim. Konfrans üçün əla bir məkan seçmişdilər - Mərmərə dənizinin sahilindəki Sivrili şəhərini. Arada İstanbula gəlmişdim, fürsətkən bir neçə Rəfibəyli ailəsinə baş çəkərək lazımi tarixi sənədləri, fotoları toplamışdım. Axşamlardan birində İstanbulda - Bəyoğluda məşhur "Çiçək pasajı"nda şam etmişdik - yazıçı Eldəniz Qurtulan idi, Emin Sabitoğlu, Anar, mən (Heyhat, artıq nə Eldəniz bəy yaşayır, nə Emin).
Müəyyən saatda bizim üçün ayrılmış avtobuslar yola düşəcəkdi. Şad-xürrəm gəlib çatdıq Sivriliyə. Bir neçə saat sonra qəfildən diksinən kimi oldum. Yadıma düşdü ki, içərisində Rəfibəylilərlə bağlı müxtəlif ailələrdən topladığım hərəsi bircə nüsxə olan nadir sənədlər, fotolar, qəzet kəsikləri yoxdur. Həyəcan içərisində tələsik nömrəsini taparaq bayaq şam etdiyimiz restorana telefon açdım. Baxdılar, söylədilər ki, yox, sizdən sonra bir qovluq qalmayıb. Yeganə ümid yeri avtobus idi. Çox pərişan olmuşdum. Çünki mən tarixi itirmişdim. Elə tarixi ki, onu bərpa etmək mümkün deyildi. Ailələr bunları illərcə göz bəbəyi kimi qoruyaraq saxlamışdı, mənə etibar etmişdilər. Üstəlik, həmin qovluqda görüşlər əsnasında etdiyim qeydlərin əks olunduğu vərəqlər vardı. Beləcə, tarixin qiymətli bir parçasını qeyb etmişdim. Təlaş içində vurnuxurdum. Söylədilər ki, o avtobus ki sizi gətirmişdi, şəhərə gedib. İstanbuldan axşam saat 11-də bir də qayıdacaq. Gəlib durdum o dayanacaqda ki, bayaq avtobus bizi gətirmişdi. Bir addım da aralanmadım ki, bəlkə arada gələr-gedər, xəbər tutmaram. İntizar içərisində gözlədim, nəhayət, saat 11 oldu, avtobus yaxınlaşınca daha adamların düşməsini gözləmədən tez sürücüyə üz tutdum ki, burda mənim bir qovluğum qalıb, içərisində çox vacib sənədlər var. Avtobusda İstanbuldan qayıdarkən oturduğum yerin başüstü dolabına baxdım - qovluq orda idi. Ürəyim sakitləşdi. Tarixi yenidən tapmışdım. Tarixin əziz bir parçası yoxluqda əriyib itməkdən xilas olmuşdu.
...Bütün bu işləri mən ona görə edirəm ki, tarixin munis parçaları qeybə çəkilməsin, dünənlə körpülər qırılmasın. Bu tikəparələrin hər birində Vətənin dünəni, millətimizin taleyi, Azərbaycanımız var.
Azərbaycanı, yurdumuzu, millətimizi daha yaxşı tanıdıqca biz hamımız içəridən daha zəngin olacağıq, keçmişimizi yaxşısı və yamanı ilə, sevinci və kədəri ilə biz daha dürüst bildikcə isə gələcək qoynunda daha rahat və inamlı addımlaya biləcəyik. Bu da bir ayrı səadətdir ki, tale bu yolda bizdən Akif Rəfiyev kimi mötəbərləri, bütün varlığıyla tarix və körpü olan bələdçiləri əsirgəməyib.
23 fevral 2026
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.