RU

“Ermənistana daxil olan hər bir silah təhlükəsizliyimiz üçün təhlükə mənbəyidir”

Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov, məlum proseslərin Ermənistan üçün ciddi başqağrısına çevrilə biləcəyini vurğulayıb:

“Ermənistanın müharibədən sonra öz ordusunda islahatlar aparması və onu müasir silah-sursat sistemləri ilə təchiz etmək cəhdlərinin geniş hal aldığı gerçəyi ilə qarşılaşırıq. Erməni ordusunun arsenalına Hindistan istehsalı silah-sursatın alınmasından sonra indi də Avropa ölkəsi olan Polşa ilə hərbi-texniki əməkdaşlıqla bağlı xəbərin gəlməsi Ermənistan nə etmək istəyir sualını yaradır. Bunun hansı nəticələr doğuracağı, Azərbaycanın buna nə reaksiya göstərəcəyi məsələsini Ermənistan nəzərə alırmı sualı kəskin dayanır.

Görünən odur ki, Ermənistan özünü avamlığa vurub silahlanma yolunu tutur. Sanki bunu sadəcə təhlükəsizlik səbəbilə etdiyi görüntüsü yaradır. Ermənistanın yaxın işğalçı tarixini, daha dəqiqi Azərbaycan reallığını unudur, ya görməzdən gəlir. Azərbaycanın sülh siyasətini doğru anlamır. Ermənistan hesab edirsə ki, artıq Azərbaycanla sülh olacaq, o da yenə də istədiyi kimi silahlanacaq və bunun kimsəyə qarşı yönəlmədiyini bəyan edəcək, onda yanılır.

                       

Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan ərazisinə daxil olan hər bir silah sistemi Azərbaycanın təhlükəsizliyi üçün təhlükə mənbəyidir. Azərbaycan dövləti bunu diqqətlə izləyir və hər an xəbərdarlıq etmədən Ermənistanı buna görə cəzalandıra bilər. Ermənistan bunu unutmasın.

Sülh müqaviləsinin paraflanması hələ sülh demək deyildir. Azərbaycan hər an öz mövqeyini yenidən dəqiqləşdirə, Ermənistanın təhrikedici hərəkətləri qarşısında onu bir daha cəzalandıra bilər.

Polşaya isə öz hərbi müttəfiqlərini seçərkən və onunla saziş imzalanarkən diqqətli olmağı məsləhət görürük. Polşa Rusiya ilə qarşı-qarşıya olduğu bir məqamda daha ciddi ölkələrlə hərbi əməkdaşlıq etsə onun üçün daha yaxşı olar. Məsələ ondadır ki, bu əməkdaşlığın nəticəsi kimi Azərbaycanın Ermənistanı cəzalandırması Polşanın da imicinə zərbə olar. Polşaya öz başının çarəsinə qalmağı məsləhət görürük”.

Seymur ƏLİYEV

Избранный
20
1
moderator.az

2Источники