RU

Qan yaddaşımızın ünvanı: Xocalı Soyqırımı Memorialı

Xocalı, 27 fevral, AZƏRTAC

Bu gün Xocalı torpağında həm kədər, həm də qürur dolu tarixi anlar yaşanır. Fevralın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyaraq, 33 il əvvəl qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsini ehtiramla anıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncamla yaradılan bu Memorial tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün müqəddəs bir məkandır. Heydər Əliyev Fondunun konsepsiyası əsasında hazırlanan abidə memarlıq dili ilə çox şey deyir. Memorialı dörd tərəfdən dövrələyən monolit divarlar Xocalı sakinlərini qanlı soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Memorialın həyətində əkilən badam ağacları isə xüsusi məna daşıyır. Qışın sonunda çiçək açan bu ağaclar həm yazın müjdəçisi, həm də “Xocalıya ədalət!” kampaniyasının simvoludur. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorialın daxilinə addımladıqca insanı sükut və dərin kədər bürüyür. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Müəllifləri Rəşad Ələkbərov və Azər Rüstəmov olan bu sənət əsəri o dəhşətli gecədə məhv edilmiş ailələri və dinc sakinləri canlandırır. Tavan boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

Burada tarixin qanlı xronologiyası hər detalda özünü büruzə verir. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

“Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” və “Xocalını unutma!” bölmələrində işğalın coğrafiyası, xəritələr və sənədlər nümayiş olunur.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

Memorialın son bölməsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə və “Böyük Qayıdış” ideyasına həsr olunub. Bu gün xalqımız 613 şəhidin, o cümlədən 63 uşağın xatirəsini məhz qalib ölkə kimi yad edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qisası döyüş meydanında alınan Xocalı qurbanlarının ruhları artıq şaddır.

Reportajımızı bitirərkən dumanlı Xocalı dağlarına boylanırıq. İndi bu torpaqlarda ucalan Memorial həm keçmişin ağrısını, həm də gələcəyin sarsılmaz iradəsini özündə birləşdirən qan yaddaş qalamızdır.

Избранный
19
azertag.az

1Источники