RU

"Bu cür adamları küçədən tutub efirə gətirənlər də birdəfəlik televiziyadan uzaqlaşdırılmalıdır" - Azər Həsrət

Son vaxtlar efirlərdə şou xarakterli verilişlərdə müxtəlif qalmaqalların, etikadan kənar ifadələrin işlədilməsinin şahidi oluruq.

Müğənnilərin bir-birinin sənətini pisləməsi, əxlaqına dil uzatması, bəzi aparıcıların efirdə vətəndaşlarla ev mühitində danışırmış kimi ünsiyyət qurması, efirdən bir-birinə söz atmaq vasitəsi kimi istifadə edilməsi, aparıcıların reytinq xatirinə qalmaqal yaşayan tərəfləri verilişə dəvət edib onları söz güləşdirməyə təşviq etməsi və digər bu kimi hallar müşahidə olunur.
Bütün bu hallar televiziya və efir məkanı ilə bağlı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra müəyyən addımlar atılmağa başlanıldı. Belə ki, aparıcı Elgizin həftəiçi hər gün ARB telekanalında yayımlanan “Elgizlə izlə” və Tolikin Space TV-də efirə çıxan “Tarixin bir günü” proqramı bağlandı.
Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub. Onlar arasında Kəmalə Günəşli, Canana (Mətanət İsgəndərlinin keçmiş gəlini), Nüşabə Musayeva, Nəfəs, Ofelya Şabanova, Günəş, Qumral (Musa Musayev və Təranə Qumralın qızı), Səbinə Selcan, Ülviyyə Namazova, Afət Fərmanqızı, Şəbnəm Qəhrəmanova, Pünhan Piriyev, Talıb Tale, müğənni Canan, Balaəli, Aqşin Fateh, İfrat, İbrahim Borçalı və digərləri də var.
Maraqlıdır ki, bütün bu qadağa və məhdudiyyətlər verilişlərdəki özbaşınalıqların qarşısını ala bilərmi?
Bu barədə Patrul.az-a İctimai Televiziya Yayım Şurasının üzvü Azər Həsrət fikirlərini bölüşərək bu istiqamətdə təkliflərini irəli sürüb.
Onun fikrincə, nəinki bu cür şəxslərin efirə çıxışına qadağa qoyulmalı, hətta onları efirə dəvət edənlər də ekrandan uzaqlaşdırılmalıdır:
“Əlbəttə, bu istiqamətdə konkret çərçivə cızılmalı, qaydalar müəyyənləşdirilməlidir. Demirəm ki, senzura tətbiq olunsun, amma müəyyən hədlər olmalıdır ki, efirə hər yoldan keçən çıxarıla bilməsin. Ədəbi və davranışı yerində olmayan adamlar efirə yol tapmamalıdır. Bunun üçün müəyyən qaydalar tətbiq olunmalıdır. Eyni zamanda bu cür adamları küçədən tutub efirə gətirənlər də birdəfəlik televiziyadan uzaqlaşdırılmalıdır. Yəni səviyyəsiz, yerini və həddini bilməyən aparıcılar efirdən kənarlaşdırılmalıdır. Onların buna mənəvi haqqı yoxdur. Belə insanlar yetişməkdə olan nəslə zərər verir. Bu baxımdan düşünürəm ki, efirlə bağlı məsələlər belə “kampaniyaçılıq” şəklində qalmamalıdır. Əksinə, bu proses başlayıbsa, məntiqi yekununa qədər aparılmalıdır. Elə çərçivələr müəyyənləşdirilməlidir ki, bundan sonra təsadüfi adamlar aparıcılıq edə bilməsin. Digər tərəfdən, bu cür müğənnilər və ya özünü “sənət adamı” adlandıran şəxslər də efirə yol tapa bilməsin”.
media-inshot_20260227_163604991
A.Həsrətin fikrincə, efirlərlə yanaşı, sosial mediada da bu tip qadağa və məhdudiyyətlər tətbiq olunmalıdır.
“Sosial media üzərində davamlı monitorinqlər aparılmalıdır. Burada pis nümunə yaradanlara qarşı da tədbirlər görülməlidir. Çünki həmin şəxslər orada populyarlaşır və bəzi aparıcılar da bu populyarlıqdan istifadə edərək özlərini ictimaiyyətə daha məşhur kimi təqdim etməyə çalışırlar. Bu isə ictimai əxlaqın ayaqlar altına atılmasına gətirib çıxarır. Biz buna yol verməməliyik”.
Избранный
2
yenilik.az

1Источники