RU

“Qan yaddaşımızı yaşadan Memorial Kompleks milli birliyin ifadəsidir” - DEPUTAT DANIŞDI

“Xocalıda Memorial Kompleksi həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Təbii ki, belə bir kompleksin məhz hadisələrin baş verdiyi ərazidə inşa olunması xüsusi simvolik məna daşıyır”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Cənab Prezident Xocalı sakinləri ilə görüşdə kompleksin inşasının uzun müddət əvvəl nəzərdə tutulduğunu, lakin yubanmasının səbəbini də açıqladı:

”Belə ki, abidənin məhz Xocalıda inşa olunması hər zaman qarşıda duran prioritet olub. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı heç vaxt şübhə yeri olmadığını təsdiqləyir.
Prezident İlham Əliyev də kompleksin açılış mərasimində bəyan etdi ki, “əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Bu kontekstdə “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” çərçivəsində soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olunub. Müxtəlif dövlətlərin parlamenti bu faciəni soyqırım kimi tanıyıb.
Ərazi bütövlüyü və suverenliyini bərpa edən, şəhidlərimizn qisasını döyüş meydanında alan Azərbaycan həm də əli Xocalı sakinlərinin qanına batmış caniləri ədalət mühakiməsinə cəlb etməyə nail olub. Bu isə tam və mütləq qələbənin göstəricisidir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanan Memorial Kompleks Azərbaycan xalqının qan yaddaşının, qürurunun və ədalətə inamının ifadəsidir. Bu abidə həm də beynəlxalq qonaqlar, diplomatlar və tədqiqatçılar üçün faktlar mənbəyidir. Bu, informasiya müharibəsi şəraitində tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq.
Dövlət başçımızın Xocalıda verdiyi əsas mesajlardan biri də bu idi ki, “biz heç vaxt Xocalı soyqırımını, Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”.

Müəllif: Günay Hacıyeva
Избранный
16
6
sia.az

10Источники