Türkiyənin tanınmış aktyorları Mahir Günşiray və Hatice Aslanın sevgi münasibətinə başladığı məlum olub.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sənətçilər bu barədə ayrı-ayrılıqda qatıldıqları televiziya proqramlarında danışıblar.
65 yaşlı Mahir Günşiray Ahmet Mümtaz Taylanın aparıcısı olduğu "Empati" verilişində sevgi etirafı ilə diqqət çəkib. O bildirib ki, Fransa ilə Türkiyə arasında tez-tez səfərlər edir və hazırda Hatice Aslanla xoşbəxt münasibət yaşayır.
Aktyor qeyd edib ki, onlar universitet illərində eyni qrupda təhsil alıblar və dörd il birlikdə oxusalar da, sonradan yolları ayrılıb. Günşirayın sözlərinə görə, 40 ildən sonra təsadüfi şəkildə yenidən əlaqə qurublar:
"Vatsap qrupumuz var idi. Tez-tez gəmi ilə səyahət etdiyimi deyir, dostları dəvət edirdim. Bir gün Hatice də gələcəyini yazdı. Sonda qrupdan yalnız o gəldi və münasibətimiz belə başladı".
64 yaşlı Hatice Aslan isə Ceyda Düvencinin təqdim etdiyi "Bambaşka söhbetler" proqramında münasibətləri barədə danışıb. O vurğulayıb ki, illər ərzində heç vaxt eyni layihədə rol almayıblar və hazırda münasibətləri çox gözəl şəkildə davam edir.
Qeyd edək ki, Mahir Günşiray Fazilet Hanım ve Kızları, Hanımın Çiftliği, Çilek Kokusu, İffet, Dila Hanım və Kalp Yarası kimi layihələrdə çəkilib.
Hatice Aslan isə Kınalı Kar, En Son Babalar Duyar, Lale Devri, Ayrılsak da Beraberiz və Bahar başda olmaqla bir çox məşhur ekran işində rol alıb.