RU

Məhəbbətin çiçəklənir ürəyimin yarasında

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin mart ayında poeziyamızın bayraqdarı, ədəbiyyatımızın klassiki, sırf Azərbaycan dilli qəzəlimizin və sovet dövrü Azərbaycan poeziyasının banisi, görkəmli şair, nasir, dramaturq, publisist, xalq şairi, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 120 yaşı tamam olur.

40 il ərzində bu ölməz söz ustadının yaradıcılığının müxtəlif sahələrini əks etdirən yazılarım dərc olunub. Hər zaman bu məşhur söz sərrafının sənət dünyasına – ümmanına baş vurduqca yeni-yeni fikirlər, mənalar üzə çıxır. Hər dəfə də bu əsərləri təhlil etdikcə S.Rüstəmin nə qədər çox böyük şair olduğunun şahidinə çevrilirsən.

S.Rüstəm milli mənliyimizin, milli məfkurəmizin, təmiz Azərbaycan türkcəsinin təəssübünü çəkərək poeziyamızın zirvəsini fəth edən nadir sənətkarlardandır. S.Rüstəmin bu gün də həmin zirvədən ədəbiyyatımıza keşik çəkən bir mayak kimi gənc yazarlarımıza və şairlərimizə yol göstərir. Əlbəttə ki, bu, onun ölməz, parlaq sənətkar kimi Azərbaycan ədəbiyyatının yerindən, mövqeyindən, çəkisindən xəbər verir.

Bu gün böyük sevgi ilə, dərin ehtiramla ölməz ustadın, söz mühəndisinin, qəlblər fatehinin, bahar nəfəsli, gənclik şövqlü, məhəbbət vurğununun, sevgi aşiqinin, sevgi dünyasından məhəbbətlə hörülmüş çələngdən – sənət incilərindən söz açmaq qərarına gəldim.

Professor, pedaqogika üzrə elmlər doktoru, şair Əjdər Ağayevin təbirincə desək: “S.Rüstəm Azərbaycan ədəbiyyatının nəhəngi, Azərbaycan vətənpərvərliyinin banisi, Təbrizi ürəklərdə möhkəmləndirən, sevdirən, Təbriz güllərini, ellərini, çiçəklərini bayraq edib hər yana yayan və Arazımızın vasitəsilə bizi ayıranlara öz kəskin misraları ilə atəş açan böyük bir şairdir.”

S.Rüstəmin zəngin yaradıcılığı Azərbaycan ədəbiyyat tarixinin, bütövlükdə Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir. Onun şux misraları mirvari kimi insan qəlbinə nəzmə çəkilib.

S.Rüstəm gənclik şairi, məhəbbət şairi idi. O, daim gənclik eşqi ilə, gənclik şövqü ilə yazıb yaradırdı. Məhəbbət gənclərə yaxın mövzu olduğundan şair bu mövzuya böyük önəm verirdi. Əlbəttə ki, şairin doğma vətənə, torpağa, anaya, valideynə, ailəyə, təbiətə, müstəqilliyə həsr olunmuş məhəbbət dolu şeirləri də vardır. Lakin ədibin çox axıcı, lirik şeirləri sevgiliyə həsr olunan əsərlərdir. Bu şeirlərin bir neçəsini nəzərdən keçirək.

Aylı səmada, günəşli, uğurlu yollarda sevgilisinin vəfasını şair ömrünə calanan bər-bəzəkdə görən S.Rüstəm eşqin möcüzələr yaratdığını, bu eşqdən heç bir zaman usanmadığını sevə-sevə misralara köçürür:

Sevgi dünyasında keçdi ömrümüz,

Ağ gündə, dar gündə sınadım səni.

Bağışla, sevgilim, olmasam da pis – 

Bəzən yerli-yersiz qınadım səni.

Çox yaxşı bilirsən, vəfalı dilbər,

Adına bağlıdır sevincim dərdim.

Yenidən dünyaya gəlsəydim əgər

Yəqin ki, yenə də səni sevərdim.

Eşqinə gülləri, çiçəkləri, bülbülləri şahid çəkən, adına nəğmələr qoşan, eşqi dünyada sədəqə kimi qəbul etməyən şair günəş qədər sevdiyi cananına könül verərək məhəbbətini belə izhar edir:

Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?

Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim.

...Dikilib gözlərim həsrətlə vüsalın yoluna

Olmasın ortada hicran deməyim, bəs nə deyim!

...Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm

Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim.

Qəlbində sevgisini nəhəng bir ümmana bənzədən, eşqin mənasını səmimiyyətdə, saf duyğularda bilən, mahnısı ürəkləri dələn, hicrana dözməyən bir aşiq kimi S.Rüstəm sevgilisi ilə bir növ dialoqa girir:

Eşqimin bağından uçdun xəbərsiz,

De görüm, vəfasız sənsən, yoxsa mən?!

Mən bu ayrılığa dözürəm yenə,

De görüm, vəfasız sənsən, yoxsa mən!

Ömrümün nəğməsi səndin dilimdə

Səndin çiçəyim də, səndin gülüm də,

Yansan səni anar mənim könlüm də,

De görüm, vəfasız sənsən, yoxsa mən?!

Sevdalı məhəbbətindən qəlbində silinməz nişanə qalan o pak, müqəddəs duyğulara həssaslıqla yanaşan şair sevgili cananına qəlb çırpıntılarını belə çatdırır:

Deyirəm, sevgili cananıma bu can qurban,

Canı qurban deməyən eşqi müqəddəs bilməz.

...Rüstəmin onda ki, canan görünür gözlərinə,

İmtahançın sən onun barmağın kəs bilməz!

Hərdən öz sevgisindən uzaq düşən, hicranına dözə bilməyən şair, bəzən zəif küskünlüyünü misralarında incə hisslərlə belə təsvir edir:

Olmasın hicrində bu könlüm pərişan, neyləsin?

Etməsin öz canını canana qurban, neyləsin?

Gəlməsə gül eşqinə-sevdalı bülbül gülşənə,

Solmasın şən nəğməsiz gülşən, gülüstan, neyləsin?

“Gəl-gəl, ey yar” söyləməkdən mən yoruldum, gəlmədin,

Sən özün oldun səbəb hicrana, hicran neyləsin?!

Özgə bir gülüzlüyə versəm könül, ey bivəfa,

Sən özündən küs, günahkarsan, Süleyman neyləsin.

S.Rüstəm öz sevgisinə sadiq qalaraq saf, ülvi məhəbbətlə daim onu yaşadırdı. Bu da onun şeirlərinə ilham verirdi. O, eşqini hər qocaman dalğaya qalib gələn gəmiyə bənzədərək, bu həyat dalğalı bir dəryada sönməyən, atəşli məhəbbətini sanki ürək qanıyla misralara köçürürdü:

Gələndə məclisə mey əldə lalə şəklində,

Nigarım aytək olur, mənsə halə şəklində.

Ürək qanımla yazıb sönməyən məhəbbətimi,

Nigarə söyləyirəm odlu nalə şəklində,

Vəfalı könlünə bir yol tapan zaman şerim,

Gözündə nəm görürəm, inci, jalə şəklində.

Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm

Coşub axır ürəyimdən şəlalə şəklində.

Sevin, sevin ki, Süleyman, əlində sevgilinin

O, qan olan ürəyindir piyalə şəklində.

Şair kövrək duyğularda eşqinə sadiq qalan bahar sözlü nigarının hicranına dözməyərək ürək ağrısını belə təsvir edirdi:

Hicran daşı vurdun kürəyimdən

Atdın məni, atdın məni, atdın.

Mən şəklini asdım ürəyimdən

Fikrimdə, xəyalımdasan hər an,

Sənsiz də sənin ətrini duydum

Bağçamda gülümdən, çiçəyimdən.

Çıxdım yola vəslin həvəsilə,

Hər yoldan ötəndən səni sordum,

Əl çəkmədi hicran ətəyimdən.

Atdın məni, atdın məni, atdın,

Mən şəklini asdım ürəyimdən.

Həyatı fırtınalı, dalğalı bir dəryaya bənzədən S.Rüstəm bu həyat yolunda bir gün də olsun sevgisiz yaşamadı:

Deyirəm hüsnünü gülşəndə görüm,

Könlümə həsrətin düşəndə görüm,

Ömürlük anamız Vətəndə görüm – 

Görməyim pərişan, bağrı qan səni.

Yazmışam adını günə, aya mən,

Düşmüşəm eşq adlı bir sevdaya mən.

Səninçün gəlmişəm bu dünyaya mən,

Mənimçün yaradıb, yaradan səni.

S.Rüstəm xəzan bilməz mənalı, məhəbbət dolu ömrünün bütün qaynar çağlarında, bahar təravətli, gülüstanlı eşq bağında sevgili cananını necə yanında görməyi arzulayırdısa, dünyasını dəyişdikdən sonra da bu eşq atəşinin onu tərk etməməsini yumor hissi ilə belə təsvir edir.

Sevgilim, qoyma dilimdə nə şikayət qalsın.

Nə də könlümdə gözümdə acı həsrət qalsın.

Gəl vəfasız demə, bəsdir, səni candan sevənə,

Qoymaram bir daha üstümdə bu töhmət qalsın.

Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü

Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.

Son verək gəl bu şikayətlərə; səndən, məndən,

Dərdə dözmək cavan aşiqlərə adət qalsın.

Varsa şübhən sözümə, onda buyur, al gözəlim,

Ürəyim qəbrə qədər səndə əmanət qalsın.

Gəl, Süleyman o qızılgül dodağından öpsün,

Torpaq altında da ağzında bu ləzzət qalsın.

S.Rüstəmi yaşadan, ilhamlandıran, böyük əsərlər yazmağa sövq edən qəlbindəki gənclik ruhu, həvəsi, şövqü, həmçinin, saf sevgi, esq, ülvi məhəbbət idi. Bu yüksək insani hiss və duyğular şairi ömrünün sonunadək müşayiət edirdi.

Şairin xatirat dəftərini vərəqlədikcə, onun cavan yaşında gözəl Qarabağda seçdiyi gözəli necə vəsf etdiyinin, könlündə gözəllərə həsr olunmuş şirin nəğmələrin ahənginin, dünyaya dəyən nazlı, siyah gözlü, baldan, şəkərdən də şirin sözlü Təbrizli gözəllərinin, gözəllər gözəli cənublu gözəllərin şairin ilham pərisi olduğunun şahidi olursan:

Heç kim səni mənim kimi duya bilməz, sevə bilməz

Surətini gəzdirirəm qəlbimin saf aynasında 

Sən o tayda, mən bu tayda,  vüsalını istər könül 

Hər anı səni düşünürəm, bu azadlıq dünyasında.

...Günlər keçir durnaların payızdakı qatartək, 

Məhəbbətin çiçəklənir ürəyimin yarasında.

S.Rüstəmin bu mövzuda yazıları çoxdur. Gənclik, eşq, məhəbbət, saf sevgi şairin lirikasının əsas leytmotivini təşkil edir. Odur ki, gənclər xüsusilə, şairin bu qəbil şeirlərinə tez-tez üz tutur, ülvi məhəbbətin sirlərinə vaqif olurlar.

Bu yerdə yazıma yekun vuraraq, bu nəhəng sənətkarın, xalq şairinin sənət dünyasına baş vuraraq, sevgi ümmanından bəzi nümunələri hörmətli oxucularıma çatdırmaqla özümü xoşbəxt hiss edirəm. Ölməz sənətkarın ruhu şad olsun.

Qafar Əsgərzadə 

Əməkdar jurnalist, 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
modern.az

1Источники