RU

Mədəniyyət sahəsində qrant müsabiqələri ilə bağlı yeni qaydalar hazırlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Mədəniyyət layihələrinin qrantla maliyyələşdirilməsi üzrə müsabiqə qaydası müəyyənləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin fevralın 27-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Mədəniyyət haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, “Qrant haqqında” Qanuna əsasən, hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.

Mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslərlə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.

Qeyd olunanları nəzərə alaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Eyni zamanda, sözügedən Qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası”nda və digər sənədlərdə istifadə edilib. Bu xüsusda, layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Избранный
21
18
azertag.az

10Источники