RU

Dövlət Turizm Agentliyi WUF13 çərçivəsində fəaliyyət istiqamətlərini açıqlayıb

Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) çərçivəsində Dövlət Turizm Agentliyi fəaliyyətini 7 əsas istiqamət üzrə qurub.

"Report" xəbər verir ki, bunu agentlik sədrinin müşaviri Kənan Quluzadə WUF13-ə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ilk növbədə forum çərçivəsində turizm və iqlim məskənləri ilə bağlı xüsusi panel sessiyasının təşkili nəzərdə tutulur: "Paralel olaraq qurulacaq milli stend vasitəsilə qonaqlara Azərbaycanın mədəni-tarixi irsi, kulinariya və zəngin mətbəxi tanıdılacaq".

Qonaqların yerləşdirilməsi məsələsinə toxunan K.Quluzadə bildirib ki, Bakı və Abşeronda 100-dən çox hotel bu prosesə cəlb edilib: "Hazırda paytaxtda ulduz sertifikatı almış 206 hotel fəaliyyət göstərir ki, onların da 12 mindən çox nömrə ehtiyatı var. Artıq 60-dan çox hotel beynəlxalq platformalar vasitəsilə satışlara başlayıb. Eyni zamanda, xidmət keyfiyyətini yüksəltmək məqsədilə hotel heyəti üçün xüsusi adaptasiya təlimləri keçirilir".

K.Quluzadə qeyd edib ki, qidalanma sahəsində də yeniliklər tətbiq olunur: "Belə ki, 200-ə yaxın iaşə obyekti və hotellər üçün milliləşdirilmiş, veqan, vegetarian və Azərbaycan milli səhər yeməyi menyuları hazırlanıb. Qonaqların məlumatlandırılması üçün isə mövcud üç turizm informasiya mərkəzinə əlavə olaraq, İçərişəhər ərazisində dördüncü mərkəzin açılması planlaşdırılır".

Həmçinin müşavir qeyd edib ki, ölkəni tanıtmaq məqsədilə 24 müxtəlif marşrut üzrə turlar hazırlanıb: "Bu turlar təkcə Bakı və Abşeronu deyil, həm də Quba, Qusar, Şəki, Şamaxı, Qəbələ, Lənkəran və işğaldan azad edilmiş əraziləri əhatə edən tematik proqramlardan ibarətdir. Azərbaycanın turizm sənayesi qonaqları yüksək səviyyədə qarşılamağa tam hazırdır".

Избранный
4
1
far.az

2Источники