Patagoniyada aşkarlanan Alnaşetri serropolisiensis təxminən 95 milyon il əvvəl yaşayıb və çəkisi 1 kiloqramdan az olub...
Alimlər Argentinanın cənubunda yerləşən Patagoniya bölgəsində dünyanın ən kiçik dinozavrlarından birinə aid, demək olar ki, tam qorunmuş skelet aşkar etdiklərini bildiriblər.
Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. Alimlər tapıntını Alnaşetri serropolisiensis adlandırıblar və ona qısaca Alna ləqəbi veriblər.
Tədqiqatçılara görə, bu canlı təxminən 95 milyon il əvvəl, yəni Yer kürəsində nəhəng Giganotozavr və Argentinosavr kimi iri dinozavrların yaşadığı gec Təbaşir dövründə mövcud olub. Həmin dövrdə yalnız nəhənglər deyil, həm də xeyli kiçik ölçülü növlər ekosistemin mühüm hissəsini təşkil edirdi.
Mütəxəssislərin hesablamalarına görə, Alnaşetrinin çəkisi təxminən 0,7 kiloqram olub ki, bu da yetkin toyuğun çəkisindən azdır. Onun bədən uzunluğu isə təxminən 70 santimetrə çatıb və bu uzunluğun böyük hissəsini uzun quyruq təşkil edib.
Qalıqlar Argentinanın Rio-Neqro əyalətində yerləşən və çoxsaylı dinozavr tapıntıları ilə məşhur olan La Buitrera paleontoloji sahəsində aşkar edilib. Skeletin demək olar ki, canlı vəziyyətinə yaxın formada qorunması alimlərə yalnız ümumi anatomiyanı deyil, sümüklərin incə quruluş xüsusiyyətlərini də araşdırmağa imkan verib. Analizlər göstərib ki, Alna təxminən dörd yaşında ölüb və bu, onun demək olar ki, yetkin fərd olduğunu göstərir.
Bədən quruluşu baxımından Alnaşetri quşa bənzər teropod xüsusiyyətlərini özündə birləşdirib. Onun uzun arxa ayaqları sürətli hərəkət üçün uyğunlaşıb, ön ətrafları isə qısa, lakin möhkəm olub. Kəskin dişləri onun yırtıcı həyat tərzi sürdüyünü göstərir. Ehtimal edilir ki, bu kiçik dinozavr kərtənkələlər, ilanlar, xırda məməlilər və müxtəlif onurğasızlarla qidalanıb. Onun yaxın qohumlarının sonrakı dövrlərdə əsasən həşəratlarla qidalanan növlərə çevrildiyi düşünülsə də, Alnaşetridə qarışqa və termitlərlə qidalanmaya xas xüsusi uyğunlaşmalar müşahidə olunmayıb.
Alimlər bildirirlər ki, bu tapıntı qədim ekosistemlərin yalnız nəhəng dinozavrların hökmranlıq etdiyi mühit olmadığını, həm də çoxsaylı kiçik və çevik növlərin mövcudluğunu bir daha təsdiqləyir.
Poliqon.info