RU

Bəzi peşə sahiblərinə XƏBƏRDARLIQ KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə insanların gündəlik həyatının böyük hissəsi iş mühitində keçir və seçilən peşə təkcə sosial rifaha deyil, həm də sağlamlıq vəziyyətinə ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bir çox xəstəliklər təsadüfi deyil, onlar illərlə davam edən iş rejimi, fiziki yüklənmə, stress, zərərli istehsalat şəraiti və ya yoluxucu faktorlarla daimi təmas nəticəsində formalaşır. Bu səbəbdən dünyada “peşə xəstəlikləri” anlayışı tibbin ayrıca istiqamətlərindən biri kimi qəbul olunur və əmək şəraitinin insan sağlamlığına təsiri getdikcə daha çox müzakirə mövzusuna çevrilir.

Bəs, hansı peşələr üçün spesifik xəstəliklər xarakterikdir və bu xəstəliklərin yaranma səbəbləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, peşə ilə bağlı yaranan xəstəliklər əsasən iş mühiti və gündəlik fəaliyyətin xüsusiyyətləri ilə əlaqədardır.

Onun sözlərinə görə, mədənçilər və sənaye işçiləri daha çox tənəffüs sistemi xəstəlikləri riski ilə üzləşirlər:

“Uzun müddət tozlu mühitdə işləmək nəticəsində zərərli hissəciklər tənəffüs yolu ilə ağciyərlərə daxil olur və orada toplanır. Bu isə ağciyər toxumasının zədələnməsinə gətirib çıxarır. Nəticədə silikoz kimi peşə xəstəlikləri yarana bilir”.

Həkim qeyd edib ki, tibb işçiləri də xüsusi risk qrupuna daxildir.

“Onlar qan və digər bioloji mayelərlə təmasda olduqları üçün hepatit B və C, vərəm kimi yoluxucu xəstəliklərə, həmçinin müxtəlif allergik reaksiyalara daha həssas olurlar. İynə batması və yoluxucu xəstələrlə sıx təmas bu riskləri artıran əsas amillər hesab olunur”.

Günay Lətifovanın sözlərinə görə, ofis əməkdaşlarında isə əsas problemlər oturaq həyat tərzi ilə bağlıdır:

“Uzun müddət kompüter qarşısında işləmək boyun və bel nahiyəsində osteoxondroz, həmçinin quru göz sindromunun yaranmasına səbəb olur.

Taksi və avtobus sürücülərində uzun müddət hərəkətsiz qalmaq, stress və qeyri-müntəzəm qidalanma nəticəsində varikoz genişlənmə, bel yırtığı və arterial hipertenziya halları daha çox müşahidə edilir”.

Həkim əlavə edib ki, hərbçilər arasında isə yüksək stress və travmatik hadisələrin təsiri səbəbindən yuxu pozğunluğu, psixoloji gərginlik və hipertenziya kimi problemlər geniş yayılıb.

“Peşə xəstəliklərinin qarşısını almaq üçün mütəmadi tibbi müayinələrdən keçmək, iş rejimini düzgün qurmaq, qoruyucu vasitələrdən istifadə və sağlam həyat tərzinə riayət etmək xüsusi əhəmiyyət daşıyır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
konkret.az

2Источники