RU

Natiq Qasımovun bacısı Prezidentlə görüşdü - Bunu xahiş etdi

Bu gün Xocalı Soyqırımı Memorialının açılışında Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova çıxış edərək ailəsi və şəhid ailələri adından Prezident İlham Əliyevə təşəkkür edib.

“Yeni Sabah” xəbər verir ki, Kəmalə Heydərova nitqində bildirib ki, Xocalı torpağına ayaq basmaq ona böyük hisslər yaşadıb, çünki burada onun qardaşı Natiq Qasımov döyüşüb:

“Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdiyim üçün çox sevinirəm, qürur hissi duyuram. Çox sağ olun ki, dəvət etmisiniz, bu sevinci bizə yaşadırsınız.

Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir.

Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı – “Milli Qəhrəman” adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə “Milli Qəhrəman” adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu”.

K.Heydərovanın sözlərinə görə, onun oğlu da hazırda veteran kimi xidmət edir:

“Hansısa  ölkədə elə bir şey varmı ki, müharibə olanda həmin ölkənin cavan oğlanları növbəyə dursun. Bax, Azərbaycan elə oldu. Bu, Sizin səmimi çıxışınız əsasında oldu. Mənim oğlumun hərbi xidmət üçün yaşı çox idi, düşmürdü, özü getdi, dedi ki, dayımın qisasını alacağam. Hazırda veterandır. Çox sağ olun, Sizə çox təşəkkür edirəm.

Adı kimi mehriban, əziz Mehriban xanımımız, Birinci vitse-prezidentimiz, televizorda izləyirik, Siz şəhid ailələrini həmişə yad edirsiniz, onların balalarına dayaq olursunuz, çox sağ olun.

Gözəl qızım Leyla xanım ayın əvvəlində Gəncə səfərinə gələndə bizim qonağımız oldu. Biz çox sevindik, ailəmiz çox sevindi. İnanın ki, sevincimizin həddi-hüdudu yox idi. Biz Leyla xanımdan çox xahiş etdik ki, bizim sevincimizi, təşəkkürümüzü Prezidentimizə çatdırsın. Amma Leyla xanım mənə dedi ki, biz sizi görüşdürərik, özünüz təşəkkür edərsiniz. Bu sevinci bizə yaşatdınız, çox sağ olun, Leyla xanım, çox təşəkkür edirəm, var olasınız.

Mən həmişə inanırdım, bilirdim ki, torpaqlarımızın hamısı Sizin sayənizdə azad ediləcək. Amma Xankəndinin, illər öncə verilmiş bir torpağın azad edildiyini eşidəndə daha çox sevindim. 44 günlük müharibədə uşaqlarımız Prezidentə qəhrəmancasına dəstək oldu, əziz Prezidentimiz qalib oldu. Heç bir yerdə belə şey yoxdur.

Biz buraya dünən gəlmişik. İki il bundan qabaq da gəlmişdik, Natiqin döyüşdüyü kilsəyə getmişdik. İki il ərzində gör nə gözəl binalar tikilib, dünəndən gəzirik. Çox sağ olun, təşəkkür edirik. Bu sevinci bizə, dövlətimizə, millətimizə, şəhid ailələrinə yaşatdınız”.

Nitqinin sonunda o, qardaşı Natiq Qasımovun nəşinin tapılmasını arzulayıb:

“Xocalılılarla səmimi söhbət edirik, Allah razı olsun Sizdən, çox sağ olun. Necə təşəkkür edim ki, mənim qardaşıma bu cür dəyər verdiniz. Bir dənə də xahişim var ki, mənim qardaşımın da, - bilirəm bunu üçün çalışırsınız, - nəşi tapılsın, biz də şəhid ailələri kimi ziyarətə gedək. 30 ildən çox vaxt keçib, bizim ziyarət etməyə yerimiz yoxdur. Təkcə onu arzulayırıq, ayrı bir təmənnamız yoxdur”.


Telegram kanalımız
Избранный
4
1
yenisabah.az

2Источники