RU

“Müasir şəhərsalma dayanıqlı inkişafın yeni mərhələsidir” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son on ildə qəbul edilən mühüm qərarlar ölkənin strateji inkişaf istiqamətlərinin ardıcıl və dəqiq şəkildə müəyyənləşdirilməsinə xidmət edib”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, bu qərarlar dövlət və icra hakimiyyəti orqanları üçün konkret məqsədlər, proqramlar və layihələr formalaşdıraraq müxtəlif sahələr üzrə fəaliyyətin koordinasiyasına və təşkilatların səfərbər olunmasına şərait yaradıb:

”2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da məhz belə strateji yanaşmanın davamı olmaqla yanaşı, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nəticələri ilə birbaşa bağlıdır.

Azərbaycanın tarixi inkişaf mərhələləri, şəhər və kənd məkanlarının formalaşması, urbanizasiya prosesləri və yaşayış məntəqələrinin təşəkkülü zəngin tarixi ənənələrə əsaslanır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ölkənin inkişafına daha geniş baxış bucağı qazandırdı. Bu proses yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, həm də milli memarlıq ənənələrinin, mədəni irsin və yaradıcı potensialın yenidən dirçəldilməsini özündə birləşdirir.

Prezident İlham Əliyevin qərarı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi bərpa işlərinə diqqətin artırılmasına, milli memarlıq irsinin qorunmasına və heykəltəraşlıq, dizayn kimi yaradıcı sahələrin inkişafına təkan verir. Bu təşəbbüs insanların doğma yurdlarına qayıdışını sürətləndirmək, yeni yaşayış məskənlərinin yaradılması və ölkənin şəhərsalma strategiyasının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Son illər ərzində Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edərək humanitar dialoq, mədəniyyətlərarası əməkdaşlıq və tolerantlıq prinsiplərinin təşviqinə töhfə verib. Keçirilən konfranslar, forumlar və beynəlxalq görüşlər ölkənin zəngin mədəni irsini nümayiş etdirməklə yanaşı, Qarabağ Zəfərinin və dövlət suverenliyinin beynəlxalq müstəvidə təsdiqinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma siyasəti yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır, bütövlükdə ölkə üzrə inkişaf məqsədlərini əhatə edir. Zəngilan, Qubadlı, Xocalı və Şuşa kimi bölgələrdə aparılan yenidənqurma işləri vahid quruculuq strategiyasının tərkib hissəsidir. Bununla yanaşı, normativ tələblərə cavab verməyən köhnə və sənədsiz tikililərin yenilənməsi istiqamətində də sistemli addımlar atılır ki, bu da yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir.

2026-cı il üzrə xüsusi tədbirlər planı hazırlanaraq müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr müəyyən edilib. Bu tədbirlər yalnız beynəlxalq layihələrin təşkili deyil, həm də şəhərsalma və memarlıq sahəsində prioritetlərin cəmiyyət tərəfindən daha yaxşı mənimsənilməsinə yönəlmiş praktik addımları əhatə edir. Yeni tikinti layihələri və şəhərsalma proqramları həm sosial rifahın yüksəldilməsinə, həm də beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan yaradır.

Azərbaycanın memarlıq və şəhərsalma tarixində xüsusi yer tutan layihələrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsləri mühüm irs kimi qorunur və gələcək nəsillərə ötürülür. Milli memarlıq nümunələri, heykəltəraşlıq abidələri və bədii memarlıq elementləri həm estetik, həm də tarixi-mədəni dəyər kimi yenidənqurma prosesinə inteqrasiya edilir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təkcə bir sahəyə aid təşəbbüs deyil, Azərbaycanın mədəni, tarixi və strateji inkişafının kompleks mərhələsi kimi qiymətləndirilə bilər. Bu il həm azad olunmuş ərazilərdə, həm də ölkənin digər şəhər və yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, dayanıqlı şəhər mühitinin formalaşdırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımların atılacağı dövr kimi xarakterizə olunur”.

Müəllif: Günay Hacıyeva
Избранный
7
1
sia.az

2Источники