RU

Rus politoloq: Xocalıda baş verənlər etnik mənsubiyyətə görə məqsədli məhvetmə aktıdır VİDEO

Bakı, 26 fevral, Səbinə Əlizadə, AZƏRTAC

Törədilən cinayətlərin miqyasına və xarakterinə görə Xocalı faciəsi birmənalı şəkildə soyqırımı və insanlığa qarşı cinayət kimi tanınmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskova bildirib.

Onun sözlərinə görə, Xocalıda baş verənlər, sadəcə, kütləvi qırğın deyil, etnik mənsubiyyətə görə həyata keçirilmiş məqsədli məhv etmə aktıdır: “Qadınlara, uşaqlara rəhm edilmədən kütləvi qırğın törədilib, yüzlərlə insan əsir götürülüb, onların bir qisminin taleyi bu günədək məlum deyil. İnsanlar yalnız azərbaycanlı olduqları üçün məhv ediliblər. Bu, açıq şəkildə etnik əlamətə görə məhvetmədir və bu, soyqırımı anlayışına tam uyğun gəlir”.

T.Poloskova qeyd edib ki, bu günədək Xocalı faciəsinə lazımi beynəlxalq hüquqi-siyasi qiymətin verilməməsinin bir neçə səbəbi var. Onun fikrincə, beynəlxalq hüquq hazırda ciddi böhran mərhələsindən keçir və bir çox hallarda məcburedici mexanizmə malik deyil: “Əksər dövlətlərdə daxili hüquq beynəlxalq hüquqdan üstün tutulur. Digər tərəfdən, beynəlxalq hüquq son illər ciddi böhran yaşayır və bir çox müddəaların yenidən baxılmasına ehtiyac var”.

Politoloq xüsusi olaraq Rusiyanın məsuliyyət məsələsinə də toxunaraq bildirib ki, prosesin başlanğıcı məhz bu istiqamətdə olmalıdır: “Bu faciənin tanınması prosesinə Rusiya özündən başlayaraq Xocalıda baş verən soyqırımı və insanlığa qarşı cinayət kimi tanımalı, həmin dövrdə rus hərbçilərinin iştirakını etiraf etməlidir. Mən inanmıram ki, bu hadisələr hərbi əmrin və ya 366-cı motoatıcı alayın iştirakı olmadan baş verə bilərdi. Çünki erməni silahlı dəstələrinin nə texnikası, nə kifayət qədər canlı qüvvəsi, nə də bu miqyasda əməliyyat aparmaq təcrübəsi var idi”.

T.Poloskova vurğulayıb ki, beynəlxalq təşkilatların məsələyə diqqət yetirməsi üçün ciddi və sistemli təzyiq mexanizmləri formalaşdırılmalıdır: “Beynəlxalq təşkilatların özü-özünə reaksiya verməsini gözləmək sadəlövhlükdür. Təzyiq göstərilməlidir. Güclü beynəlxalq informasiya kampaniyasına ehtiyac var”.

Rusiyalı politoloq qeyd edib ki, Xocalıda törədilən cinayətlər tarixin digər ağır faciələri ilə müqayisə edilə biləcək səviyyədədir:

“Xocalıda baş verənlər Liditse və Xatın faciələrindən heç də az ağrılı deyil. Belə faciələrə laqeyd münasibət isə hər zaman onların təkrarlanması riskini yaradır”.

Избранный
4
3
azertag.az

4Источники