RU

Moskvanın mesajı açıqdır: Paşinyan hakimiyyəti risk altındadır?

Cənubi Qafqazda geosiyasi dinamika yenidən həssas mərhələyə daxil olub. Ermənistan daxilində seçkiqabağı fəallığın artması fonunda Azərbaycanla sülh gündəliyi ətrafında səslənən fikirlər həm daxili siyasi rəqabətin, həm də xarici təsir amillərinin necə uzlaşdığını gündəmə gətirir. Bu kontekstdə proseslərə emosional deyil, regional reallıqlar və dövlət maraqları prizmasından yanaşmaq xüsusi əhəmiyyət kəsb edir.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca daxili siyasi mübarizə daha da kəskinləşir və ənənəvi olaraq qara PR kampaniyaları, kompromat savaşları və dezinformasiya halları intensivləşir. Onun sözlərinə görə, bu, seçki dövrü üçün xarakterik və gözlənilən prosesdir:

“Rusiya amili ilə bağlı müzakirələr də məhz bu kontekstdə dəyərləndirilməlidir. Rəsmi və qeyri-rəsmi Rusiya təmsilçilərinin çıxışları göstərir ki, Moskva Cənubi Qafqazda, xüsusilə də Ermənistanda mövqelərini qorumaqda və gücləndirməkdə maraqlıdır. Tarixi baxımdan Ermənistanın Rusiya ilə sıx bağlı olduğu sirr deyil və Moskva bu ölkədə dərin strateji maraqlara malik olduğunu heç vaxt gizlətməyib.

Rusiya siyasi dairələrində Ermənistanla bağlı açıq mövqelər səsləndirilir. Məsələn, rusiyalı deputat Konstantin Zatulin Ermənistan rəhbərliyinə münasibətdə sərt fikirlər ifadə edir və Moskvaya daha loyal hakimiyyətin formalaşmasını arzuladığını gizlətmir. Eyni zamanda, rusiyalı ideoloq Aleksandr Duqin dəfələrlə bəyan edib ki, Rusiya Cənubi Qafqazdan geri çəkilməməli və Ermənistanı öz strateji maraq dairəsində saxlamalıdır. Bu kimi açıqlamalar onu deməyə əsas verir ki, seçkilər ərəfəsində Rusiyanın Ermənistandakı proseslərə müəyyən təsir cəhdləri istisna deyil və bu, qeyri-adi hal sayılmamalıdır”.

Politoloq vurğulayır ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma perspektivi bəzi dairələrin maraqlarına uyğun deyil:

“Xüsusilə regionda yenidən eskalasiyanın baş verməsində maraqlı olan qüvvələr mövcuddur. Xaotik mühit isə xarici təsir imkanlarını genişləndirir. Lakin bu yanaşma Azərbaycanla bağlı ədalətli deyil. Çünki Azərbaycan regionda sabitlik və əməkdaşlıq xəttini əsas prioritet kimi müəyyən edib. Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında iki ölkə lideri – Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanmış Müttəfiqlik haqqında Bəyannamə strateji tərəfdaşlıq münasibətlərini rəsmiləşdirib. Bununla belə, bəzi hallarda, xüsusilə son hadisələr fonunda Rusiyada müəyyən dairələrin Azərbaycana qarşı mənfi fon yaratmağa çalışdığı müşahidə olunur. Ekspert bunu konstruktiv münasibətlərə xidmət etməyən yanaşma kimi qiymətləndirir və vurğulayır ki, Azərbaycan cəmiyyətində nə Rusiyaya, nə də rus xalqına qarşı düşmənçilik mövqeyi mövcud deyil.

Hazırda Ermənistan hakimiyyəti ciddi sınaq qarşısındadır. Baş nazir Nikol Paşinyan ilk növbədə ölkədaxili sabitliyi təmin etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atmalıdır. Əsas məsələ isə Azərbaycanla münasibətlərdə qarşılıqlı etimadın formalaşdırılmasıdır”.

Politoloq hesab edir ki, Azərbaycan sülh və normallaşma prosesinə hazırdır. İndi əsas gözlənti Ermənistanın da bu prosesdə konstruktiv mövqe nümayiş etdirməsi və regional əməkdaşlığa real töhfə verməsidir.

//Gülnarə Abasova, Editor.az

Избранный
13
editor.az

1Источники