RU

Rumıniya inflyasiya göstəricisinə görə Aİ də birincidir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Buxarest, 26 fevral, AZƏRTAC

Avropa İttifaqında ən yüksək illik inflyasiya göstəricisi Rumıniyada qeydə alınıb.

AZƏRTAC Avropa Statistika Agentliyinin (Avrostat) məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında ölkədə illik inflyasiya 8,5 faiz təşkil edib.

Həmin dövrdə Avropa İttifaqı üzrə orta göstərici 2 faiz, Avrozona üzrə isə 1,7 faiz olub. Beləliklə, Rumıniyada qiymət artımı Aİ üzrə orta səviyyəni dörd dəfədən çox üstələyib. Siyahının sonrakı pillələrində Slovakiya 4,3 faiz və Estoniya 3,8 faiz göstəriciləri ilə qərarlaşıb. Ən aşağı inflyasiya isə Fransada 0,4 faiz, Danimarkada 0,6 faiz, Finlandiya və İtaliyada 1 faiz səviyyəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, 2025-ci ilin dekabrı ilə müqayisədə Aİ-yə üzv 23 ölkədə illik inflyasiya azalıb. Rumıniyada da göstərici cüzi geriləyərək 8,6 faizdən 8,5 faizə enib. Eyni zamanda, Rumıniyanın Milli Statistika İnstitutunun daxili hesablamalarında illik inflyasiya daha yüksək – 9,6 faiz səviyyəsində göstərilib. Fərq istifadə olunan metodologiya ilə izah olunur. Avrostat harmonizə edilmiş istehlak qiymətləri indeksindən istifadə edir, milli statistika isə ölkədaxili siyasətlərdə tətbiq olunan istehlak qiymətləri indeksini əsas götürür.

Milli statistikaya görə, yanvar ayında xidmətlər illik ifadədə 11,59 faiz, qeyri-ərzaq malları 9,99 faiz, ərzaq məhsulları isə 7,86 faiz bahalaşıb. Xüsusilə xidmət sektorunda qeydə alınan artım ümumi göstəriciyə daha güclü təsir edib.

Rumıniya Mərkəzi Bankının son proqnozuna əsasən, 2026-cı ilin sonuna inflyasiyanın 3,9 faiz səviyyəsinə enəcəyi, 2027-ci ilin sonunda isə 2,7 faizə qədər azalacağı gözlənilir.

Qeyd edək ki, inflyasiya dinamikasına ən çox təsir edən amillər sırasında xidmətlər, ərzaq məhsulları, alkoqol və tütün qiymətləri yer alır, enerji qiymətləri isə ayrı-ayrı dövrlərdə fərqli təsir göstərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
2
azertag.az

3Источники