RU

“Xocalı ərəfəsində Xocavənd səfəri, quruculuğa güclü mesajdır” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərini davam etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, dövlət başçısının Xocavənd şəhərinə növbəti səfəri çərçivəsində burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yaxından tanış olması regionun dirçəliş prosesinin ardıcıl və planlı şəkildə aparıldığını bir daha nümayiş etdirdi:

“Səfər zamanı Prezidentə şəhərdə icra olunan infrastruktur layihələri barədə ətraflı məlumat verilmiş, Xocavənddə yol-nəqliyyat şəbəkəsinin yenidən qurulduğu, elektrik, su və qaz xətləri müasir standartlara uyğun şəkildə bərpa edildiyi bildirilmişdir. Eyni zamanda, rəqəmsal texnologiyaların tətbiqi ilə şəhərin “ağıllı şəhər” konsepsiyası əsasında inkişaf etdirilməsi nəzərdə tutulur.
Şəhərdə yaşayış məntəqələrinin yenidən qurulması əsas prioritet istiqamətlərdəndir. Müasir memarlıq üslubunda inşa olunan yeni yaşayış binaları keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi daşıyır. Tikilən evlər dayanıqlı materiallardan istifadə olunmaqla, rahat və təhlükəsiz yaşayış üçün bütün zəruri infrastrukturla təmin edilir.
Sosial obyektlərin - məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin və mədəniyyət ocaqlarının tikintisi də diqqət mərkəzindədir. Bu obyektlər gələcəkdə şəhərin sosial həyatının canlanmasına və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək. Həmçinin, yeni iş yerlərinin yaradılması iqtisadi fəallığın artmasına və bölgənin davamlı inkişafına təkan verəcək.
Xocavənddə həyata keçirilən layihələr təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərqərar olunması və insanların doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən yaradılan şərait mərhələli şəkildə əhalinin köçürülməsinə və bölgədə həyatın tam bərpasına imkan verir. Bunu, cənab Prezidentin görüşdüyü sakinlər də təsdiq edərək, yaradılan şərait üçün minnətdarlıq etmişlər.

Prezident İlham Əliyevin Xocalı faciəsi ərəfəsində Xocavəndə səfəri həmçinin çox önəmli göndərişdir. Bizim azad olunmuş torpaqlarımızda həyat davam edir və bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri sistemli və məqsədyönlü xarakter daşıyır. Bu proses Azərbaycanın güclü siyasi iradəsinin, iqtisadi potensialının və milli birliyinin bariz nümunəsidir.
Xocavənd bu gün yenidən qurulan, dirçələn və gələcəyə inamla addımlayan bir şəhər kimi öz yeni inkişaf mərhələsini yaşayır. Bu dirçəliş həm tarixi ədalətin təntənəsi, həm də Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.

Müəllif: Günay Hacıyeva
Избранный
10
1
sia.az

2Источники