RU

Universitetlərdə böyük dəyişiklik siqnalı - Dərs saatı qısaldılır?

Azərbaycan universitetlərində dərs saatlarının 90 dəqiqədən 60-70 dəqiqəyə endirilməsi təklif edilir. Bu məsələ ilə bağlı son günlər müzakirələr aparılır.

Elm və Təhsil Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq  bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib:

“Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək”.

“Yeni Sabah”a açıqlamasında Milli Məclisin sabiq deputatı, təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, inkişaf etmiş ölkələrin universitetlərində dərs saatının konkret müddəti elə də həlledici rol oynamır. Onun sözlərinə görə, həmin ali məktəblərdə tələbə sayı az, auditoriyalar kiçik olur və və fərdi öyrənməyə üstünlük verilir.

Ekspert qeyd edib ki, Azərbaycan universitetlərində isə “patok” (qrupların birləşdirilməsi) sistemi tətbiq edilir və bir çox hallarda auditoriyada 50-dən çox tələbə olur.

“Belə olan halda müəllim düşünür ki, 90 dəqiqəlik mühazirə vaxtı yetərlidir. Amma zaman dəyişir. Müəllim artıq dərsi daha çox təqdimatlar və interaktiv üsullarla aparmalıdır. Təəssüf ki, bir çox ali məktəblərdə bunun öhdəsindən gələn müəllimlərin sayı azdır. Elə professorlar var ki, illərdir köhnə dəftərlərindən mühazirə oxuyurlar və 90 dəqiqəlik formata uyğunlaşıblar”, - o vurğulayıb.

Etibar Əliyevin fikrincə, dərs saatı 60-70 dəqiqəyə endirilərsə belə, əsas yük tütorların üzərinə düşəcək:

“Bu zaman tütorlar fərdi şəkildə tələbələrin hazırlığı ilə məşğul olmalıdırlar. Amma biz bilirik ki, bir çox ali məktəblərdə tütor hazırlığı lazımi səviyyədə deyil”.

Ekspert əlavə edib ki, bəzi ölkələrdə davamiyyət anlayışı ön planda olmur, tələbə proqramı götürərək sərbəst hazırlaşır və imtahan verir. Onun sözlərinə görə, Azərbaycanda isə qayıb məsələsinə həddindən artıq önəm verilir:

“Yüksək nəticə göstərən tələbələr var ki, müəllimin mühazirəsini dinləməkdənsə kitabxanada sərbəst hazırlaşıb imtahan verməyi üstün tuturlar. Mən hesab edirəm ki, tələbəyə bu sərbəstlik verilməlidir. İmtahan onsuz da qaçılmazdır - istər mühazirəyə qatılsın, istər seminarına”.

Etibar Əliyev dərs prosesində əsas məsələnin müddət deyil, keyfiyyət olduğunu da diqqətə çatdırıb. O bildirib ki, ali məktəblərdə dərs vəsaitlərinin çapı üçün vəsait ayrılmır, keyfiyyətli xarici ədəbiyyatların tərcüməsi həyata keçirilmir ki, bu da tələbələrin sərbəst hazırlıq imkanlarını məhdudlaşdırır.

Ekspertin fikrincə, dərs saatının 20 dəqiqə azaldılması ciddi effekt verməyəcək:

“Yaxşı müəllim öz fənnini 70 dəqiqədə də, 90 dəqiqədə də keyfiyyətlə tədris edə bilər. Əsas məsələ auditoriyalarda və birləşmiş qruplarda tələbə sayının azaldılmasıdır. Əgər dərs müddəti 70 dəqiqə olacaqsa, bu zaman tələbə sayının azaldılması zəruri məsələyə çevriləcək”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
15
4
yenisabah.az

6Источники