RU

Azərbaycanın Sammit qərarı: İrəvana səfər niyə gündəmdə deyil?

Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb. Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə deyib ki, Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçilik nəzərdə tutulmur.

“Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”, – XİN başçısı qeyd edib.

Xarici işlər naziri Ceyhun Bayramovun Prezident İlham Əliyevin may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak etməyəcəyinə dair açıqlaması əslində gözlənilən idi. Mövcud siyasi və təhlükəsizlik reallıqları fonunda bu qərar praqmatik yanaşma kimi qiymətləndirilə bilər.

Hazırda Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ümumilikdə uğurla davam edir. Liderlərin bir-birinə münasibətinin əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv olduğu müşahidə olunur. Onlar qatıldıqları beynəlxalq tədbirlərdə, demək olar ki, hər fürsətdə bir araya gələrək fikir mübadiləsi aparırlar. Bu isə dialoq kanallarının açıq olduğunu və siyasi iradənin mövcudluğunu göstərir.

Lakin birbaşa rəsmi səfərlər üçün hələ tez olduğu aydındır. İki ölkə arasında sülh sazişi hələ imzalanmayıb və hüquqi baxımdan müharibə vəziyyəti tam aradan qalxmayıb. De-fakto atəşkəs mövcud olsa da, yekun sülh müqaviləsinin olmaması yüksək səviyyəli qarşılıqlı səfərləri siyasi və hüquqi baxımdan həssas edir.

Digər mühüm məsələ təhlükəsizlik faktorudur.

Ermənistan daxilində ictimai-siyasi mühit tam sabit sayılmır. Revanşist qüvvələrin mövcudluğu və radikal ritorikanın zaman-zaman gündəmə gəlməsi belə bir səfərin təhlükəsizlik baxımından əlavə risklər yarada biləcəyini göstərir. Ermənistan tərəfinin təhlükəsizliyi tam və qüsursuz şəkildə təmin edib-edə bilməyəcəyi də ayrıca sual doğurur.

Bu baxımdan, Azərbaycan Prezidentinin Sammitdə iştirak etməməsi danışıqlar prosesindən imtina deyil, əksinə, mərhələli və ölçülüb-biçilmiş diplomatik xəttin davamıdır.

İlk mərhələdə sülh sazişinin imzalanması, qarşılıqlı etimadın hüquqi çərçivədə möhkəmləndirilməsi və təhlükəsizlik zəmanətlərinin formalaşdırılması daha real və məntiqli görünür.

Politoloq Turan Rzayev

 

Избранный
21
nocomment.az

1Источники