Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi ilk növbədə Tbilisiyə zərər verə biləcəyi ilə izah olunub.
Far.Az xəbər verir ki, bu bəyanatla Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalına müsahibəsində bildirib.
"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik və etmirik. Çünki bu, faktiki olaraq Rusiyaya heç bir ciddi təsir göstərməyəcək, lakin Gürcüstana çox böyük təsir edəcək", – deyə nazir vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Qərb liderlərinin Rusiya ilə birbaşa dialoqa başlama planlarını ikili standartların təzahürü adlandırıb. Onun sözlərinə görə, eyni zamanda Tbilisidən Moskvaya qarşı sanksiyalar tətbiq etməsi tələb olunur.
Baş nazir əlavə edib ki, əgər Gürcüstan Brüsselin çağırışlarına əməl edərək anti-Rusiya sanksiyaları tətbiq etsəydi, ölkə iqtisadiyyatında son dərəcə ciddi geriləmə baş verə bilərdi.
Siyasətçinin fikrincə, Avropanın Rusiya ilə dialoqu bərpa etmək istəyi ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin əhəmiyyətli dərəcədə dəyişməsi və beynəlxalq vəziyyətin transformasiyası ilə bağlıdır.