RU

Qafqazın gələcəyi və Moskva ilə gərginliyin fonu - ÖZƏL

"Birincisi, ifadələrin düzgün seçilməsi vacibdir. Söhbət "qəza"dan getmir. Qəza təbii və ya texniki səbəblərdən baş verən hadisədir. Burada isə Azərbaycan mülki təyyarəsinin vurulmasından danışırıq. Ona görə də bu hadisəni "qəza" kimi təqdim etmək doğru deyil. Doğru ifadə Azərbaycan mülki təyyarəsinin vurulmasıdır və məsələ də məhz bu kontekstdə dəyərləndirilməlidir."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"İkincisi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məsələyə maddə-maddə yanaşması və rəsmi gözləntiləri açıq şəkildə səsləndirməsi onu göstərir ki, Azərbaycan dövləti bu mövzunu qapadılmış hesab etmir. Azərbaycan üçün məsələ yalnız o zaman bağlanmış sayıla bilər ki, Rusiya tərəfi rəsmi şəkildə üzr istəsin və hadisənin baş verdiyini açıq şəkildə etiraf etsin.

Rusiya Prezidenti Vladimir Putinin müəyyən formada üzrxahlıq bəyanatları səsləndirməsi yetərli hesab olunmur. Burada əsas məqam açıq etiraf və hüquqi-siyasi məsuliyyətin qəbul edilməsidir. Bunun ardınca isə həm təyyarənin vurulmasına, həm də həlak olan şəxslərə görə kompensasiya ödənilməsi məsələsi gündəmə gəlməlidir. Bu, ayrıca hüquqi-siyasi epizoddur və ikitərəfli münasibətlər sistemində konkret bir halqa kimi çıxış edir.

Eyni zamanda qeyd edilməlidir ki, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik yalnız bu hadisə ilə məhdudlaşmır. Rusiya tərəfindən anti-Azərbaycan ritorikası davam etdiyi müddətdə münasibətlərin tam normallaşması çətin görünür.

Digər tərəfdən, beynəlxalq müstəvidə belə mülahizələr də səslənir ki, Rusiya gələcəkdə ciddi geosiyasi transformasiya ilə üzləşə bilər. SSRİ-nin dağılması presedenti fonunda müxtəlif ssenarilər irəli sürülür. Lakin bu məsələlər proqnoz xarakterlidir və zamanın axarı ilə müəyyənləşəcək.

Qafqaz regionu ilə bağlı perspektivlərə gəlincə, gələcəkdə Güney və Quzey Qafqaz arasında əməkdaşlıq imkanlarının genişlənməsi ehtimalı müzakirə olunur. Bu kontekstdə Quzey Qafqazdakı respublikalar - Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar Respublikası, Qaraçay-Çərkəz Respublikası, Şimali Osetiya-Alaniya və Adıgey Respublikası kimi subyektlərin regional proseslərdə rolu diqqət mərkəzindədir.

Hazırkı mərhələdə bu regionların hüquqi statusu dəyişməz olaraq Rusiya Federasiyasının tərkibindədir. Lakin istənilən halda, gələcəkdə regionlararası əməkdaşlıq, iqtisadi və humanitar əlaqələrin genişlənməsi Qafqazın ümumi inkişafına töhfə verə bilər. Azərbaycan da bu baxımdan regionda mühüm geosiyasi və iqtisadi aktor kimi çıxış edir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
27
olaylar.az

1Источники