RU

Bu strategiya müəllimləri tək fərdlərdən güclü peşəkar şəbəkənin üzvlərinə çevirir Şura katibi

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Uzun illər müəllimlik peşəsi “qapalı sinif modeli” üzərində qurulub. Müəllim dərsini planlayır, sinfə daxil olur, qapını bağlayır və proses başlayır. O, qərarlarını özü verir, çətin situasiyaları özü həll etməyə çalışır və çox vaxt peşəkar suallarını səssiz şəkildə özü ilə daşıyır. Bu model müəllimi güclü göstərsə də, əslində onu təcrid olunmuş vəziyyətdə saxlayır. Müasir təhsil isə artıq başqa istiqamətə doğru hərəkət edir – “tək müəllim” modelindən “dəstəkli müəllim” modelinə. Dəstəkli müəllim zəif müəllim deyil. Əksinə, o, reflektiv düşünən, əməkdaşlıq edən və inkişafı kollektiv proses kimi qəbul edən peşəkardır. Bu yanaşma xüsusilə beynəlxalq təhsil sistemlərində açıq şəkildə görünür. Məsələn, Finlandiya modelində müəllimlər arasında əməkdaşlıq və birgə planlaşdırma mədəniyyəti çox güclüdür. Dərs müşahidələri və həmkar müzakirələri nəzarət mexanizmi deyil, inkişaf aləti kimi qəbul edilir. ABŞ və Böyük Britaniyada isə Professional Learning Communities (PLC) anlayışı geniş yayılıb və məktəblərdə müəllimlər müntəzəm olaraq bir araya gələrək şagird nailiyyətlərini, metodları və çətinlikləri müzakirə edirlər. Bu sistemlər göstərir ki, müəllimin keyfiyyəti təkcə onun fərdi bacarığı ilə deyil, daxil olduğu peşəkar ekosistemin gücü ilə də müəyyən olunur. Community of Practice anlayışı da məhz bu məntiqə əsaslanır. Eyni peşə və ya ortaq maraq ətrafında birləşən insanlar bir-birindən öyrənir, təcrübə paylaşır və qarşılıqlı dəstək mühiti yaradırlar. Bu icma məktəbdaxili kiçik qrup da ola bilər, regional müəllim şəbəkəsi də, beynəlxalq platforma da. Əsas olan ortaq məqsəd və davamlı əlaqədir. Tədqiqatlar göstərir ki, müəllimlər peşəkar icmalarda aktiv olduqda onların özünəinamı artır, innovasiyalara açıq olma səviyyəsi yüksəlir və şagird nailiyyətlərinə dolayı müsbət təsir yaranır".

Bu fikirləri 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, lakin burada ən həssas məsələ davamlılıqdır. İcma yaratmaq asandır; onu yaşatmaq çətindir. Bir çox qrup böyük həvəslə başlayır, lakin zamanla passivləşir. Bunun səbəbləri aydındır: vaxt məhdudluğu, resurs çatışmazlığı, balanssız iştirak və motivasiyanın azalması. Dünyada uğurlu peşəkar icmaların təcrübəsi göstərir ki, davamlılıq təsadüfi deyil, planlı strategiyanın nəticəsidir:

"Davamlı icma üçün bir neçə prinsip vacibdir. Birincisi, məqsəd aydın olmalıdır. İcma sadəcə yazışma platforması yox, konkret inkişaf hədəfi olan məkana çevrilməlidir. İkincisi, struktur lazımdır. Məsələn, aylıq görüşlər, tematik müzakirələr və ya növbəli liderlik mexanizmi icmanı canlı saxlayır. Üçüncüsü, balans qorunmalıdır. Həddindən artıq aktivlik bəzi üzvləri qorxuda bilər, tam passivlik isə motivasiyanı öldürər. Nəhayət, mikro-uğurların paylaşılması çox güclü motivasiya mənbəyidir. Müəllim öz kiçik uğurunu bölüşəndə həm özü güclənir, həm də başqalarına ilham verir.

Dəstəkli müəllim modeli yalnız metodik inkişaf deyil, həm də emosional rifah məsələsidir. Müəllim özünü tək hiss etmədikdə peşəyə bağlılığı artır. Xüsusilə sürətli dəyişikliklər dövründə – rəqəmsallaşma, inkluzivlik, yeni qiymətləndirmə modelləri fonunda – müəllimin tək qalması artıq risklidir. Kollektiv düşüncə isə daha dayanıqlı və sağlam qərarların yaranmasına şərait yaradır.

Nəticə olaraq demək olar ki, müasir təhsildə müəllimin gücü onun təkbaşına nə qədər bildiyi ilə deyil, kimlərlə birlikdə inkişaf etdiyi ilə ölçülür. Dəstəkli müəllim modeli və davamlı peşəkar icmalar gələcəyin təhsil sisteminin əsas dayaqlarındandır. Başlamaq motivasiya tələb edir, amma davam etdirmək strategiya tələb edir. Və məhz bu strategiya müəllimləri tək fərdlərdən güclü peşəkar şəbəkənin üzvlərinə çevirir".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
525.az

1Источники