DÇ-2026-ya qatılmaq uğrunda pley-off matçlarının startına bir aydan bir qədər artıq vaxt qalıb. İlk oyunlar martın 26-da keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, maraqla gözlənilən oyunlardan biri də Türkiyə ilə Rumıniyanın duelidi. Belə önəmli qarşılaşma ərəfəsində rumınlarda baş məşqçi Mirça Luçesku ilə bağlı çox ciddi qeyri-müəyyənlik yaşanır. Hazırda baş məşqçi Luçesku olsa da, komanda bu oyuna fərqli mütəxəssisin rəhbərliyi altında çıxa bilər.
Məsələ burasındadı ki, 80 yaşlı Luçesku son vaxtlar səhhətiylə bağlı ciddi problem yaşayır. Yanvarın sonlarında o, adi soyuqdəymədən sonra bir neçə gün yüksək hərarət içində olduğundan hər ehtimala qarşı xəstəxanaya yerləşdirilmişdi. Ancaq fevralın əvvəllərindən başlayaraq onun vəziyyəti yenə pisləşdi. Ünlü mütəxəssis yenidən xəstəxanaya yerləşdirildi. Analizlərin cavabı təmiz çıxsa da, onun hərarəti düşmək bilmədi. Yerli səhiyyəyə etibar etməyən Luçesku ailəsi ilə birlikdə Brüsselə yollanıb. O, hazırda məhz Brüsseldə həkimlərin nəzarəti altındadı.
Bütün bunlar, təbii ki, Rumıniya futbol ictimaiyyətində birmənalı qarşılanmır. Luçesku ölkəsində hər nə qədər sevilsə də, futbolsevərlər onun səhhəti ilə bağlı problemlərin komandaya baha başa gəlməsini istəmir.
Luçeskunun yaxın dostu, FKSB-nın sabiq prezidenti Corc Bekali bunları deyib: “Onun durumunun getdikcə yaxşılaşdığını eştimişəm. Hər şey həkimlərin cavabından asılı olacaq. Ailəsi də onun artıq evdə qalmasını istəyir. Onun problemi adi soyuqdəymə olsaydı, bir-iki günə sağalardı. Amma işlərin lap da pis olduğunu düşünmürəm. Mesajlarıma pozitiv cavablar verir. Gələcəyinə özü qərar verməlidi. Bu yaşda DÇ-yə vəsiqə uğrunda mübarizə böyük stress yaradır. Ancaq digər tərəfdən DÇ-yə vəsiqənin onun son böyük arzusu olduğunu bilirəm”.
Rumıniya Futbol Federasiyasının (RFF) prezidenti Razvan Burleanu isə konkret tarix verib: “Luçesku ilə danışmışam. Səhhətində dəyişiklik yoxdu. Əcnəbi həkimlərin fikrini öyənmək istəyir. Fevralın 20-də sonuncu dəfə bu məsələni müzakirə edib qərarımızı verəcəyik. Qarşıdakı oyunlar yığma komandamız üçün çox mühüm əhəmiyyət daşıyır. Bu oyunlara bizi ən yaxşı şəkildə hazırlaşdıra biləcək məşqçiyə sahib olmalıyıq. Özümüzü hadisələrin hər cür axarına hazırlamışıq. Həkimlərin yekun rəyindən sonra hansı istiqamətdə addım atacağımıza qərar verəcəyik”.
Bu arada Rumıniya mətbuatından bu məsələ ilə bağlı yeni xəbərlər gəlməkdədi. Yerli mənbələrin yazdığına inansaq, Luçesku ilə yollar ayrılacaq və federasiya artıq yeni məşqçinin axtarışına başlayıb. İlk təklif George Haciyə göndərilib. Amma “Karpat Maradonası” Türkiyə ilə oyuna qədər çox az bir zaman qaldığını bildirərək bu məsuliyyətin altına girmək istəməyib və təklifi geri çevirib. Ondan fərqli Mihai Stoykitse yığmanın müvəqqəti məşqçisi olmaq təklifini qəbul edib. Hərçənd Stoykitsenin özünün də 71 yaşı var.2002/03-də “Ankaragücü”nü çalışdıran, eləcə də Panama, Küveyt, Ermənistan yığmasında işləyən bu mütəxəssis 2017-dən bəri RFF-də yönətici kimi çalışır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта