Brookings Universitetinin hesablamalarına istinadən The Wall Street Journal qəzetinin verdiyi məlumata görə, 2025-ci ilin sonuna qədər ABŞ-a mənfi xalis miqrasiya 150.000 nəfər təşkil edib, yəni ölkəni daxil olanlardan daha çox insan tərk edib. ABŞ bu məsələ ilə bağlı rəsmi məlumatları dərc etmir.
Ekspertlər hesab edirlər ki, bu statistika ötən il Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən giriş məhdudiyyətləri ilə əlaqədardır. Bunlara yaşıl kart lotereyasının dayandırılması və bəzi iş vizaları növləri üçün rüsumların əhəmiyyətli dərəcədə artması daxildir. Ölkə həmçinin qanunsuz immiqrantlara qarşı müntəzəm deportasiyalar və reydlər həyata keçirib ki, bu da tənqidçilərin qeyd etdiyi kimi, tez-tez ABŞ-da qanuni yaşayanlara təsir edib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti 675.000 insanın deportasiyasını və daha 2,2 milyon insanın özünü deportasiya etməsini bildirib. Özünü deportasiya ABŞ hakimiyyət orqanlarından kiçik bir ödəniş və evə qayıtmaq üçün bilet müqabilində qanunsuz immiqrantların getməsini nəzərdə tutur. Brookings Universitetinin hesablamalarına görə, 2025-ci ildə ABŞ-a 2,6-2,7 milyon immiqrant daxil olub, 2023-cü ildə isə bu rəqəm təxminən 6 milyon olub.
Wall Street Journal qəzetinin məlumatına görə, ötən il ən azı 180.000 amerikalı da ABŞ-ı tərk edib — bu məlumatlar artıq statistikası mövcud olan 15 ölkəyə əsaslanır. Müxtəlif hesablamalara görə, 4 milyondan 9 milyona qədər amerikalı ABŞ-dan kənarda yaşayır. Digər ölkələrdə vətəndaşlıq üçün müraciət edən amerikalıların sayı da artmaqdadır: Böyük Britaniyada bu cür müraciətlərin sayı ötən il rekord həddə - 6600-ə, İrlandiyada isə rekord həddə - 40.000-ə çatıb.
Əziz MUSTAFA