RU

Gela Vasadze: Xocalı yalnız Azərbaycanın deyil, regionun taleyini dəyişən faciədir

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi ilə bağlı mövzu son dərəcə ağır və həssasdır, lakin ona həm emosional, həm də siyasi aspektdən yanaşmaq vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında gürcüstanlı politoloq Gela Vasadze deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi Sovet İttifaqının dağılmasından sonra mülki əhaliyə qarşı törədilmiş ilk kütləvi qırğın kimi tarixə düşüb: “Bundan əvvəl Tbilisi, Bakı və Vilnüsdə də faciəli hadisələr baş vermişdi. Sovet İttifaqı dövründə çox ağır cinayətlər törədilmişdi. Lakin Xocalı artıq yeni geosiyasi reallıqda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi ilk hadisə idi”.

Politoloq vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycanın deyil, bütün Böyük Xəzər regionunun taleyini dəyişdi və artıq mövcud olmayan postsovet məkanı üçün mühüm tarixi dərs oldu. Xocalıdan sonra 1992-ci ildə Qaqrada, 1993-cü ildə isə Suxumidə analoji kütləvi qırğınlar baş verdi və bu hadisələr regionda zorakılıq dalğasının başlanğıcına çevrildi.

Gela Vasadzenin fikrincə, əgər beynəlxalq ictimaiyyət Xocalı faciəsinə vaxtında və lazımi şəkildə reaksiya versəydi, bu gün dünyada müşahidə olunan bir çox ağır böhranların, faciələrin qarşısını almaq mümkün olardı: “Bu, hamı üçün çox ciddi dərs olmalı idi. Təəssüf ki, həmin dərs lazımi şəkildə mənimsənilmədi”.

Politoloq sonda Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edərək bildirib: “Bu hadisənin mənəvi tərəfi barədə əlavə sözə ehtiyac yoxdur. Hər şey açıq və aydındır. O dəhşətli gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsi əbədi yaşayacaq”.

Избранный
9
1
azertag.az

2Источники