RU

"Haber Global" Xocalı soyqırımı ilə bağlı süjet hazırlayıb

Türkiyənin "Haber Global" telekanalı Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı süjet hazırlayıb.

"Cebheinfo.az" xəbər verir ki, materialda 1992-ci il fevralın 26-na aid videogörüntülər və fotolarla birgə soyqırımın təfərrüatları təqdim olunub.

Süjetdə bildirilib ki, 34 il əvvəl tarixin ən qanlı səhifələrindən biri açıldı:

"Bu, insanlığa qarşı işlənən cinayətin, tarixə yazılan qara ləkənin adı Xocalı soyqırımı idi. Bu elə bir soyqırım idi ki, qətl edilməyənlər sağ qaldığına sevinə bilmədilər. Əsir düşənlərin məruz qaldığı işgəncələr tarix boyu qeydə alınmış vəhşilikləri belə utandıracaq səviyyədə idi. Həyatda qalan insanların bir çoxu yaşadıqları ilə barışmayaraq öz canlarına qıydılar. Beləliklə, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq və 70-i qoca idi. 150 nəfərin taleyi barədə isə hələ də heç bir məlumat yoxdur".

Bundan başqa, telekanal əməkdaşı Bakıdan canlı yayıma çıxaraq Xocalı soyqırımı qurbanlarını anmaq üçün "Ana harayı" abidəsini ziyarət edənlər barədə də məlumat verib:

"Ziyarətə gələnlər arasında dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi xadimlər var. Azərbaycan xalqının ağrısı böyükdür və 34 il əvvəlki qədər təzədir. Xalq dünyada yeni Xocalı soyqırımlarının yaşanmaması adına bu faciədə rolu olanların cəzalandırılmasını istəyir. Soyqırımında təqsirləndirilən şəxslər artıq məhkəmə qərarı ilə cəzalandırılıblar. Bu da xalqın qəlbinə az da olsa rahatlıq verib. 44 günlük Vətən müharibəsi nəticəsində Xocalı işğaldan azad olundu. Hazırda Xocalıda bərpa-quruculuq işləri aparılır. İnsanlar doğma yurdlarına qayıdıblar".

"Cebheinfo.az"

Избранный
23
1
cebheinfo.az

2Источники