Bakı, 26 fevral, AZƏRTAC
Qlobal siyasi gündəmdə diqqət çəkən əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq sülh təşəbbüsləri çərçivəsində formalaşdırılan yeni platformalardan biri kimi Amerika Birləşmiş Ştatları tərəfindən təqdim olunan Sülh Şurasına dəvət olunması və bu prosesdə iştirakıdır. Azərbaycanın bu prosesdə iştirakı regional və qlobal təhlükəsizlik sistemində oynadığı rolun genişlənməsi kontekstində mühüm siyasi və strateji məna kəsb edir. Eyni zamanda, bölgədə Azərbaycan artıq sülh siyasətini təşviq edən və praktiki olaraq həyata keçirən əsas aktorlardan biri kimi çıxış edir ki, bu da formalaşmaqda olan yeni geosiyasi reallıqlar şəraitində ölkəyə əlavə diplomatik manevr imkanları yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq bildirib ki, ABŞ tərəfindən yeni siyasi dialoq platforması kimi təqdim edilən Sülh Şurası təşəbbüsü qlobal münaqişələrin diplomatik vasitələrlə həlli, beynəlxalq dialoqun genişləndirilməsi və dövlətlərarası etimadın gücləndirilməsi məqsədilə irəli sürülmüş yeni siyasi formatlardan biridir. Bu təşəbbüsün müzakirələri qlobal siyasi və iqtisadi platformaların, xüsusilə “World Economic Forum” kimi institutların fəaliyyəti ilə paralel şəkildə aparılır. Platformanın formalaşdırılması prosesində ABŞ Prezidenti Donald Trumpin adı ilə bağlı siyasi təşəbbüs elementlərinin vurğulanması isə bu formatın geosiyasi baxımdan daha geniş məqsədlər daşıdığını göstərir.
Azərbaycanın bu təşəbbüsə dəvət olunması, ilk növbədə, ölkənin son illərdə regionda formalaşdırmağa çalışdığı siyasi-diplomatik mövqe ilə əlaqələndirilir. Xüsusilə Cənubi Qafqazda postmünaqişə mərhələsində sabitliyin təmin edilməsi, kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi Azərbaycanın beynəlxalq platformalarda “regional sabitlik aktoru” kimi təqdim olunmasına şərait yaradıb. Bu baxımdan Azərbaycanın təşəbbüsdə iştirakının yalnız formal xarakter daşımadığı, real siyasi və diplomatik təcrübəyə əsaslandığı müşahidə olunur.
“Son illərdə Azərbaycanın həyata keçirdiyi sülh siyasətinin mühüm istiqamətlərindən biri postmünaqişə quruculuğu və regional əməkdaşlıq modelinin formalaşdırılmasıdır. Azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələrinin icrası, nəqliyyat-logistika xətlərinin bərpası və iqtisadi reinteqrasiya strategiyası yalnız daxili inkişaf məqsədi daşımır, eyni zamanda, regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edən siyasi yanaşma kimi çıxış edir. Bu model beynəlxalq ekspert mühitində postmünaqişə transformasiya nümunəsi kimi də qiymətləndirilir.
Bu kontekstdə Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində aparılan siyasi dialoq xüsusi əhəmiyyət kəsb edir. Sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, humanitar əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində aparılan danışıqlar regionda konfrontasiya mərhələsindən əməkdaşlıq mərhələsinə keçid üçün siyasi zəmin yaradır. Azərbaycanın bu istiqamətdə təqdim etdiyi yanaşma sülh müqaviləsinin imzalanmasını yalnız hüquqi sənəd kimi deyil, həm də regional təhlükəsizlik arxitekturasının əsas elementi kimi nəzərdən keçirir.
Məhz bu siyasi reallıqlar Azərbaycanın Sülh Şurasında iştirakını daha məntiqli və strateji edir. Azərbaycan artıq regionda sabitlik yaradan və sülh gündəliyini təşviq edən ölkə kimi çıxış etdiyindən, onun qlobal sülh təşəbbüslərində iştirak etməsi praktik siyasi təcrübənin beynəlxalq platformalara transferi kimi qiymətləndirilə bilər. Bu isə Azərbaycanın Sülh Şurasında yalnız iştirakçı kimi yox, həm də təşəbbüslərə real töhfə verən əsas dövlətlərdən biri kimi çıxış etməsinə imkan yaradır”,- deyə A.Əliyev vurğulayıb.
Azərbaycanın iştirakının siyasi məzmununu daha dərindən qiymətləndirmək üçün son illərdə həyata keçirilən aktiv və adekvat xarici siyasət kursuna diqqət yetirmək vacibdir. Azərbaycan balanslaşdırılmış və çoxvektorlu diplomatiya modeli əsasında həm regional, həm də qlobal təşkilatlarla əməkdaşlığı genişləndirməyə çalışır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və beynəlxalq vasitəçilik təşəbbüslərində aktiv iştirak ölkənin beynəlxalq siyasi çəkisini artıran əsas faktorlar kimi çıxış edir. Bu istiqamətdə Azərbaycanın Avropa və Asiya arasında geoiqtisadi körpü funksiyası da onun siyasi rolunu gücləndirir.
“Siyasi prizma baxımından Prezident İlham Əliyevin bu platformada iştirakını üç əsas istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, bu iştirak Azərbaycanın diplomatik nüfuzunun artırılması və beynəlxalq siyasi diskursda daha aktiv rol alması ilə bağlıdır. İkincisi, regional sülh modelinin qlobal platformalara çıxarılması ölkənin strateji kommunikasiya siyasətinin mühüm elementidir. Üçüncüsü isə, yeni beynəlxalq təşəbbüslərdə iştirak Azərbaycanın gələcək geosiyasi proseslərdə mövqelərinin möhkəmləndirilməsinə xidmət edir”, - deyə politoloq əlavə edib.