RU

Strateji Tərəfdaşlıq Xartiyası regionda sülhün və iqtisadi əməkdaşlığın yeni mərhələsidir

Bakı, 26 fevral, AZƏRTAC

Dünyada gedən bir sıra qlobal problemlər, müharibələr, iqlim dəyişikliyi, ekoloji fəlakətlər fonunda Azərbaycan Respublikası öz daxili və xarici siyasət strategiyasını zamanın tələbləri çərçivəsində qurmaqla bir sıra böyük dövlətlərin diqqətini çəkməkdədir. Xüsusilə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü təmin etdikdən sonra dünya dövlətlərinin bu regiona maraqlarının artması müşahidə olunur.

Bu fikri AZƏRTAC-a müsahibəsində Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Bəhruz Bayramov deyib. O bildirib ki, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana rəsmi səfərə gəldi və Prezident İlham Əliyevlə görüşdü. Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası adlı sənəd imzalandı. Bu sənəd iki tərəfli münasibətlər yeni mərhələyə qədəm qoymasını yalnız müəyyən sahələrə yönəldən adi razılaşma deyil. Azərbaycan və ABŞ arasında uzunmüddətli, geniş və sistemli əməkdaşlığın hüquqi əsasını yaradan sənəddir ki, bu da rəsmi Vaşinqtonun Cənubi Qafqaz regionuna daha çox diqqət yetirdiyini göstərir.

Xartiya siyasi, iqtisadi, təhlükəsizlik və texnoloji sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyi nəzərdə tutur. Xartiya bu sahələrdə müəyyən prinsiplər və əməkdaşlıq mexanizmlərini hüquqi olaraq təsdiqləyir və gələcəkdə icra olunacaq konkret layihələrin yol xəritəsini ortaya qoyur. Bu yol xəritəsi Azərbaycanın Qafqaz regionunda önəmli dövlət olduğu təsdiqləyir.

Müsahibimiz qeyd edib ki, sənəddə əsas məqamlardan biri iki ölkə arasında enerji sahəsində əməkdaşlığın əks olunmasıdır. Azərbaycan dünya bazarında enerji tədarükçüsü kimi əhəmiyyətli rol oynayır və ABŞ ilə enerji sahəsində daha geniş layihələr icrası gözlənilir. Təhlükəsizlik və müdafiə baxımından birgə fəaliyyət, sərhəd və dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik kimi sahələrdə əməkdaşlıq genişlənəcək. İqtisadiyyat və digər sahələrə qoyulacaq investisiyalar ABŞ şirkətləri ilə yeni investisiya layihələri, ticarət əlaqələrinin genişləndirilməsi üçün rəsmi mexanizmlər qurulmasına hədəflənir. Texnologiya və qlobal infrastruktur lahiyələrin icrası istiqamətində rəqəmsal infrastruktur, süni intellekt və digər yüksək texnologiyalar sahəsində birgə proqramlar nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycanın Şərq-Qərb istiqamətli dəhliz üzərində yerləşməsi ona iqtisadi üstünlüklər qazandırır. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla əlaqəsini gücləndirmək və bölgəni Avropa ilə daha sıx bağlamaq imkanı verir. Prezidenti İlham Əliyevin sözləri ilə desək, bu cür əməkdaşlıq “tarixi sənəd” səviyyəsindədir və Azərbaycan ilə ABŞ arasında münasibətləri “tam yeni mərhələyə” qaldırır. Bu səfərin region üçün əhəmiyyəti olduqca böyükdür və bir sıra aspektləri nəzər salsaq görərik ki, regional sabitlik və sülh üçün dəstəyin olması ən əsas məqamlardan biridir.

“Sənədin imzalanması göstərir ki, ABŞ Cənubi Qafqazda yalnız konfliktləri idarə etməklə kifayətlənmir, sabitliyi, sülhü və inkişafı prosesinə dəstəkləməklə daha aktiv rol oynayır. Səfər, xüsusilə Azərbaycan və Ermənistan arasında 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşmadan sonra regionda davam edən normallaşma prosesini möhkəmləndirir və uzunmüddətli sabitliyə dəstək verir”, - deyə o bildirib.

B.Bayramov əlavə edib ki, enerji təhlükəsizliyi və iqtisadi əlaqələr baxımından da xartiya əhəmiyyətli xarakter daşıyır. Azərbaycan Avropanın enerji təchizatında əhəmiyyətli rol oynayan ölkədir və ABŞ ilə əməkdaşlıq bu sahədə daha geniş imkanlar açır. Xartiya çərçivəsində enerji layihələri daha yüksək səviyyədə koordinasiya olunacaq və bu, Avropanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq iqtisadi rolunu gücləndirir.

Xartiyanın geosiyasi təsir və balanslaşdırma siyasətinin qurulması baxımından çox əhəmiyyətli olduğunu deyən B.Bayramov vurğulayıb ki, yeni tranzit və kommunikasiya layihələrinin icrası Azərbaycanın onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın iqtisadi inkişafına təsir edəcək: “Zəngəzur dəhlizi və buna bənzər nəqliyyat layihələri regionu yalnız təhlükəsizlik baxımından deyil, iqtisadi və ticarət baxımından da inteqrasiyasını sürətləndirəcək. Bu layihələr Avropa ilə Asiya arasında yeni ticarət dəhlizləri yaradaraq və Azərbaycanın tranzit rolunu artıracaqdır. Bütün bu faktorlar bir araya gəldikdə belə bir nəticə çıxır: Strateji Tərəfdaşlıq Xartiyası region üçün sadəcə rəsmi sənəd deyil. Bu, Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi inkişafın və geosiyasi əməkdaşlığın yeni mərhələsidir”.

Избранный
13
1
azertag.az

2Источники