RU

Xocalı faciəsi barədə bir neçə kəlmə…

ain.az, 525.az portalına istinadən məlumat verir.

Rafiq ƏLİYEV

Professor

26 fevral... Yaddaşlara əbədi həkk olunmuş, tarixdə dərin iz qoymuş Xocalı soyqırımı. Bizim üçün bu rəqəm təkcə tarixdən bir səhifə deyil,  QAN YADDAŞIDIR. Bəli, bir gecənin qanla yazılmış tarixi...

Xocalı faciəsi ötən əsrin sonlarında mülki əhaliyə qarşı törədilmiş misligörünməmiş dəhşətli cinayət idi. Dinc əhalini vəhşicəsinə məhv etməklə kifayətlənnəyərək, alov bürümüş şəhərdən qaçıb xilas olmaq istəyənlərə də aman vermədilər, yollarda, meşələrdə pusqu qurub onları da xüsusi amansızlıqla qətlə yetirdilər. Həmin gecə düşmən qoca, cavan, körpə, qadın demədən yüzlərlə dinc insanı həyatdan məhrum etdi. Neçə-neçə talelər yarımçıq, ailələr başsız, beşiklər körpəsiz qaldı.

Zamanla yaşanmış bu faciə tarixə qovuşur, faktlara, rəqəmlərə, arxiv materiallarına çevrilir. Amma qəlbimizdəki o sağalmaz yara hələ də göynəyir... Bu, elə bir yaradır ki, qaysaq bağlasa da, sağalmaq bilmir ki, bilmir... Yerinə toxunduqca sızlayır.

Xocalı qətliamı xalqımızın qan yaddaşıdır. Hər il fevralın 26-sı təkcə o günü xatırlamaq üçün yox, yaddaşımızı yeniləmək üçün toplaşırıq. Toplaşırıq ki, unutmayaq, unutdurmayaq! Kimliyimizi, yaşadıqlarımızı, bu yerə gəlib çatmaqdan ötrü verdiyimiz qurbanları, başımıza gətirilən müsibətləri unutmayaq! Çünki unudulmuş faciələr çox zaman yeni müsibətlərə yol açır, əzablar yeni iztirablar doğurur.  Məhz bu səbəbdən keçmişimizə, tariximizə, yaşadıqlarımıza sadiq qalmalıyıq. Tarix keçmişi unudanları bağışlamır. Unutsaq, həmin gecə qurbanlarının ruhları da bizi əsla bağışlamaz. Keçmiş qarşısında məsuliyyət onların əziz xatirəsinə ehtiram, gələcək nəsillərə üçün isə örnəkdir. Xocalı soyqırımı həm tarixi dərs, həm də ədalət çağırışı kimi daim xatırlanmalıdır. 

Yaşanmış hər bir faciə sadəcə hadisə deyil, bəşəriyyətin sınağıdır. Və bu sınaqdan yalnız unutmayanlar üzüağ, alnıaçıq çıxa bilər. Düzdür, tarixi geri qaytara, keçmişi dəyişə bilmərik. Amma gələcək bizim əlimizdədir. Onu necə quracağımıza biz qərar veririk. O gecə bu dünyaya əbədi göz yumanları həyata qaytara bilməsək də, neçə-neçə gənc nəsli xilas edə, yaşanacaq faciələrin qarşısını ala bilərik. Xalq; xalq edən onun keçmişidir. Bir millətin kimliyini onun tarixi yaddaşı müəyyənləşdirir. Elə isə gəlin, unutmayaq! Gələcəyimiz naminə unutmayaq!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
525.az

1Источники