"Yuventus"un futbolçusu Manuel Lokatelli "Qalatasaray"la matçdan sonra açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarının əlindən gələni etdiyini düşünür:

"Nə qədər inandığımızı, ürəyimizi ortaya qoyduğumuzu düşünəndə ağlamaq istəyirəm. Komanda yoldaşlarıma ürəkdən təşəkkür edirəm. Sonsuza qədər yaddaşımızda qalacaq bir oyun oldu. Təəssüf ki, (nəticə olaraq) heç nə əldə edə bilmədik, sadəcə bizi mövsümün sonuna qədər daşıya biləcək bir enerji qazandıq. Hər bir oyunçu əlindən gələnin ən yaxşısını etdi. Bu gün sadəcə özümüzü təbrik edə bilərik. İndi "Roma"ya qarşı vacib bir oyunumuz var və ona köklənməliyik".

Lokatelli turu ilk oyunda uduzduqlarını düşünür:

"Oyunçular inanılmaz bir performans sərgilədi, lakin biz mərhələni keçmək şansımızı elə ilk oyunda itirdik. Kellinin hadisəsinə gəlincə; mənə olduqca mənasız gəlir. Topa vurur, bəs sonra nə etməlidir? Bilmirəm, müasir futbolda biz müdafiəçilər çox cəzalandırılırıq, lakin bu hadisələr oyunların taleyini dəyişir. Heyif oldu. Əlavə vaxtda bir az yorulduq. Azlıqda qalmağımıza baxmayaraq, oyunu həqiqətən qaydasına salmışdıq, amma yenə təkrar edirəm; biz bunu ilk oyunda itirdik. Heyif! Doğrudan da çox yorğunam".