RU

Medianın təqdimat böhranı

Parlament deyəndə nədənsə hər zaman ilk olaraq İngiltərə Parlamenti gözümün önündə canlanır. Vaxtilə YouTube-da onun iclaslarını tez-tez izləyirdim. Həm maraqlı idi, həm də səbəbini tam izah edə bilmədiyim şəkildə zehnimi diri saxlayırdı. Son zamanlar da ara-sıra baxıram, amma əvvəlki qədər intensiv deyil. Ölkəmizdə son dövrlərdə baş verən bəzi hadisələr məndə həmin görüntüləri yenidən canlandırdı, müəyyən assosiasiyalar və düşüncələr yaratdı və bunları sizinlə bölüşmək istədim.
 
Xatırladım ki, “parlament” sözü fransız dilindəki “parler” feilindən götürülüb və “danışmaq”, “danışılan yer” mənasını verir. Bizdə işlənən “məclis” və ya “iclas” sözləri isə ərəb mənşəlidir və tarixən daha çox dini və ya mərasim xarakterli toplantılarla assosiasiya olunur.
 
Bunu niyə qeyd edirəm? Çünki sözlərin düşüncə formalaşdırmaq gücünə inanıram. Termin yalnız anlayışı ifadə etmir, eyni zamanda həmin anlayışın necə qavranıldığını da istiqamətləndirir. Əgər İngiltərə Parlamentinin iclaslarına baxsanız, görərsiniz ki, orada atmosfer müzakirəyə, replikaya, cavab reaksiyasına köklənib. Orada insan nə qədər yorğun olsa da, yatması mümkün deyil – çünki proses canlıdır, qarşılıqlıdır, dinamikdir.
 
İndi isə təsəvvür edin SSRİ dövrünün klassik “ali sovet” modelini. Formal olaraq müzakirə var idi, amma faktiki olaraq qərarlar əvvəlcədən müəyyənləşdirilmiş olurdu. Çıxışlar daha çox təsdiqləyici xarakter daşıyırdı, debat yox idi, alternativ mövqe demək olar ki, eşidilmirdi. Burada “danışmaq” yox, daha çox “elan etmək” və ya “təsdiqləmək” funksiyası ön planda idi.
 
Bu fonda AMEA-nın müvafiq iclasından yayılan fotolardakı “yatma faktlarına” bir qədər fərqli prizmadan baxmaq mümkündür. Yorğun və yaşlı bir insanın uzun sürən “iclas” zamanı mürgüləməsi qeyri-adi hadisə deyil. 
 
Daha ciddi sual başqadır: paparazzi üslubunda çəkilmiş kadrlar niyə məhz hesabat iclasının əsas informasiya xəttinə çevrildi? AMEA kimi elmi qurumun illik hesabat toplantısında ictimaiyyət üçün əhəmiyyətli olan mövzular fərqli olmalı idi. Hesabat ilində alimlərimiz beynəlxalq indeksli jurnallarda neçə məqalə dərc etdilər? Hansı layihələr qrant qazandı? Hansı sahələrdə fundamental və ya tətbiqi nəticələr əldə olundu? Milli elmin qlobal elm sistemində mövqeyi necə dəyişdi?
 
Cəmiyyət üçün vacib olan suallar bunlardır. Elm qurumunun ictimai legitimliyi məhz bu göstəricilərlə formalaşır. Əgər informasiya gündəmi bir neçə sensasiya yaradan foto ilə məhdudlaşırsa, bu artıq media fokusunun problemidir. Şou-biznes mədəniyyətini mediaya daşıyanların təsiri ilə formalaşmış jurnalistikadan bundan artığını gözləmək də çətindir.
 
Bu da bizi medianın hazırkı vəziyyəti ilə bağlı daha geniş bir problemə gətirib çıxarır. Bu gün informasiya istehsalı çox vaxt ictimai məsuliyyət prinsipi ilə deyil, klik, baxış və reytinq prinsipi ilə idarə olunur. Xəbərin dəyəri onun analitik çəkisi ilə yox, nə qədər sürətlə yayıla bilməsi və emosional reaksiya doğura bilməsi ilə ölçülür.
 
Belə bir mühitdə ciddi institutlar da şou formatına salınır. Parlament iclası debat yox, qalmaqal prizmasından təqdim olunur. Akademiyanın hesabatı elmi nəticələr yox, təsadüfi kadr üzərindən dəyərləndirilir. Media məzmunu strukturlaşdırmaq, kontekst vermək, faktı təhlil etmək əvəzinə, ən asan və ən “səsli” detalı önə çəkir.
 
Bu, artıq təkcə etik məsələ deyil – bu, intellektual məsələdir. Çünki informasiya mədəniyyəti cəmiyyətin düşünmə mədəniyyətini formalaşdırır. Əgər ictimaiyyət davamlı olaraq səthi təqdimatla qarşılaşırsa, zamanla o da dərinlik tələb etməyi unudur. Sual vermək əvəzinə reaksiya verir, təhlil etmək əvəzinə paylaşır.
 
Peşəkar jurnalistikanın əsas funksiyası kontekst yaratmaqdır. Faktı yerinə oturtmaq, rəqəmləri müqayisə etmək, alternativ mövqeləri təqdim etmək və oxucuya düşünmək üçün material vermək. Əgər bu funksiya zəifləyirsə, media artıq ictimai nəzarət mexanizmi olmaqdan çıxır.
 
Bu fonda AMEA hadisəsi bir simptomdur, səbəb deyil. Səbəb odur ki, bizdə mediada analitik jurnalistika ilə şou məntiqi arasında sərhəd getdikcə silinir. Siyasət, elm, təhsil, mədəniyyət – hamısı eyni vizual və emosional qəliblə təqdim olunur. 
 
Nəticədə institutların reputasiyası onların real fəaliyyətinə görə deyil, mediada necə “göründüyünə” görə formalaşır. Bu isə uzunmüddətli perspektivdə ictimai etimadı zədələyir. Çünki insanlar məzmunu yox, görüntünü yadda saxlayır.
 
Əgər media həqiqətən “dördüncü hakimiyyət” iddiasındadırsa, o zaman onun məsuliyyəti də şou-biznes məntiqindən daha yüksək olmalıdır. 
 
Nəticə etibarilə problem ayrı-ayrı şəxslərdə və ya təsadüfi kadrlarda deyil, informasiya mədəniyyətindədir. Bu mədəniyyətin formalaşmasında isə medianın peşəkarlıq səviyyəsi həlledici rol oynayır.
 
Jurnalist faktı kontekstdən ayırır, hadisəni statistik və institusional çərçivəyə yerləşdirmir, alternativ mövqelərə yer vermir və ən asan sensasiyanı seçirsə, bu artıq peşə standartlarından uzaqlaşmaqdır. Çünki peşəkar jurnalistika sadəcə görüntünü ötürmür; onu izah edir, təhlil edir və ictimai əhəmiyyətini müəyyənləşdirir.
 
Bu səbəbdən məsələ “kim yatdı?” sualı deyil. Məsələ “nə edildi?” sualının niyə arxa plana keçməsidir. Əgər mediada əsas diqqət məhz bu ikinci sual üzərində qurulmur¬sa, deməli problem hadisənin özündə deyil, onun təqdim olunma üsulundadır.
 
Əli Qədimov,
Naxçıvan Dövlət Universitetinin 
Beynəlxalq münasibətlər və hüquq 
fakültəsinin müəllimi, tədqiqatçı
Избранный
3
moderator.az

1Источники