RU

Şəhidlik zirvədir

Müharibələr həmişə insanlara qan-qada və göz yaşları gətirir. Şəhərlər, kəndlər dağılır, evlər yandırılır, insanlar doğma ocaqlarını tərk etməli olurlar. Torpaq, vətən qeyrəti çəkən oğullar isə silaha sarılaraq onun müdafiəsinə qalxırlar, işğalçıların hücumlarını dayandırmaq üçün böyük cəsarət və hünərlə vuruşurlar, doğma torpaqlarını göz bəbəkləri kimi qoruyurlar.

 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda xalqımızın mərd, cəsur oğulları illərdən bəri düşmən işğalında qalmış torpaqlarımızı azad etmək üçün heç bir çağırış gözləmədən döyüşlərə yollandılar. Amma nə edəsən ki, müharibələr 

itkisiz olmur. Yurdumuzun müdafiəsinə atılmış cəsur oğullarımızın sırasında da Vətənin azadlığı naminə canlarından keçən şəhidlər oldu. Torpaq uğrunda şəhid olanlar isə heç vaxt unudulmur. Xalqımız onların xatirəsini həmişə dərin hüznlə anır, ehtiramla xatırlayır. 

Belə oğullardan biri də Rüfət Vaqif oğlu Sadıqovdur. Rüfət çox qısa, amma şərəfli, fəxr ediləsi, qürur duyulası bir ömür yaşayıb. O, 13 noyabr 1995-ci ildə Daşkəsənin Quşçu kəndində dünyaya göz açıb. 2013-cü ildə Əli İsmayılov adına kənd orta məktəbini bitirib. Bir ildən sonra - 2014-cü ildə yaşıdları ilə bərabər ordu sıralarına çağırılıb. Böyük həvəslə, yüksək ovqatla əyninə hərbi forma geyinib. İlk gündən başlayaraq silahların, hərbi texnikanın sirlərini dərindən öyrənib. Nümunəvi xidmətilə seçilən əsgərlərdən biri olub. 2015-ci ildə Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirərək alnıaçıq, başıuca doğmalarının yanına qayıdıb. 

Əsgəri xidmətdə olarkən Rüfət Sadıqovun ürəyində doğma ordumuza olan sevgisi, məhəbbəti daha da artdı. Ürəyindən ömrünü hərbi sahəyə bağlamaq keçdi. Ürəyində baş qaldıran arzularını valideynlərinə bildirəndə onlar etiraz etmədilər,  övladlarına uğurlu yol dilədilər. Valideynlərinin xeyir-duasını alandan sonra Rüfət  2016-cı ildə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət etməyə başladı. İlk günlərdən üzərinə düşən döyüş tapşırıqlarını bacarıqla yerinə yetirdi. Buna görə də əsgər dostlarının və komandirlərinin hörmətini qazandı. Komandanlıq onun xidmətini layiqincə qiymətləndirdi. Nümunəvi xidmətinə görə Rüfət Sadıqov dəfələrlə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

2020-ci il sentyabrın 27-də erməni işğalçıları mövqelərimiz üzərinə hücum edəndə Rüfətgilin bölüyünü də döyüşlərə cəlb etdilər. Silaha sarılan cəsur əsgər ön sıralarda vuruşur, dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarını cəhənnəmə vasil edirdi. Atdığı güllələr hədəfdən yayınmırdı. Çavuş Rüfət Sadıqov düşmənə qarşı vuruşmağı çoxdan arzulayırdı. Artıq arzusuna çatmışdı. Əldə silah uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda döyüşürdü. Tez-tez evlərinə zəng vurub qazandıqları zəfərlərdən danışırdı, doğmalarına, əzizlərinə  şad xəbərlər verirdi.   

Döyüşlər isə bir an olsun belə səngimirdi. Rüfətgilin bölüyü Kəlbəcər istiqamətində vuruşurdu. İrəliyə atılan hər addım onları qələbəyə yaxınlaşdırırdı. Başqa bölgələrdən alınan xoş xəbərlər Rüfəti çox sevindirirdi. Təəssüflər olsun ki, onun döyüş yolu uzun olmadı - 2020-ci il oktyabrın 4-də şəhidlik zirvəsinə ucaldı. Nəşini uzun müddət döyüş ərazisindən çıxarmaq mümkün olmadı. Nəhayət, dekabrın 19-da böyük çətinliklə döyüşçü yoldaşları bunu bacardılar. Çavuş Rüfət Sadıqov yaxınlarının, doğmalarının iştirakı ilə Daşkəsəndəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən göstərdiyi igidliyə və qəhrəmanlığa görə Rüfət Vaqif oğlu Sadıqov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.

Anası Tərifə xanım Rüfət haqqında kövrələrək danışır. Deyir ki, oğlumla fəxr edirəm: "Zəhmətim hədər getməyib, Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Rüfət torpağını, xalqını sevən qeyrətli bir oğul idi. Əsgərlikdən xidmətindən qayıtdıqdan sonra ordu sıralarında xidmətini davam etdirmək istədiyini bildirdi. Biz onun istəyinə qarşı çıxmadıq, yaxşı yol arzuladıq. Böyüklərin xeyir-duası ilə Rüfət xidmətə yollandı. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunmasını, bayrağımızın Qarabağda dalğalanmasını görmək idi. Bu gün balamın ürəyinin üstündə gəzdirdiyi üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilən kəndlərimizdə, şəhərlərimizdə dalğalanır. İndi oğlumun ruhu şaddır".

Çavuş Rüfət Sadıqov kimi cəsur qardaş itirən İradə xanım da onun haqqında danışarkən göz yaşlarını saxlaya bilmir: "Qardaşım Vətən, torpaq uğrunda şəhid olub, müqəddəs bir məqama yüksələrək ölümsüzlük qazanıb. Rüfət  vətənpərvər, mehriban, qayğıkeş qardaş idi. Onunla fəxr edirəm. Qoy bugünkü və gələcək nəsillər igidliyi, qəhrəmanlığı onun kimi cəsur oğullardan öyrənsinlər". 

Digər bacısı Fəridə xanım da qardaşı ilə qürur duyduğunu deyir: "Qardaş itirmək mənim üçün ağırdır, çətindir. Yeganə təskinliyimizi onda tapırıq ki, Rüfət torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Bu, bizim üçün çox qürurlu və şərəflidir. Çünki qardaşım şəhidlik zirvəsinə ucalıb. Şərəfli ölümü ilə ölümsüzlük qazanıb". 

Bu gün hamımız qürurluyuq. Çünki düşmənə layiqli cavab verən igid oğulların şəhid olduğu, yaşadığı ölkənin vətəndaşlarıyıq. Qəhrəmanlığını, igidliyini bütün dünyaya göstərən bir xalqın övladlarıyıq. Şəhidlik əbədiyyət deməkdir, ölümsüzlük deməkdir. Hər birimiz şəhidləri əzizimiz bilirik, xatirələrini həmişə ehtiramla yad edirik. Şəhidlərimiz qəlbimizdədir, onlar ürəklərdə əbədi olaraq yaşayacaqlar. 

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
21
azerbaijan-news.az

1Источники