RU

Qısa ömür, əbədi tale

Hər şəhid evinə gedəndə insan ürəyində qəribə bir ağırlıq daşıyır.  Qapını döyməzdən əvvəl nəfəsini toparlamalı olursan. Çünki bilirsən ki, içəridə zaman bir yerdə dayanıb.  Saatlar işləsə də, divarlar ötüb keçən günün səsini saxlayır.  Bu dəfə də elə oldu. Qapı açıldı və mən bir ömrün xatirəsinə doğru addımladım. Elə bir mənzilə daxil oldum ki, burada  qüssəli xatirələr yaşayır…

İçəri girəndə otağın bir tərəfindəki guşə diqqətimi çəkdi. Burada Vüsal Kazımovun  şəkilləri, kitabları, əl işləri,  digər şəxsi əşyaları  sərgilənir. Hər əşya sanki onun nəfəsini alır, qoxusunu  yavaş-yavaş otağın səssizliyinə sızdırır. Muzey eksponatları kimi  səliqəli, məzmunca və görünüşcə bir-birini tamamlayan hər şəkil, hər kağız parçası, digər bir əşya  gülüşü, sükutu,  ötüb keçən zamanın ağırlığını saxlayır özündə. Bir anlıq dayanıb baxdım,  hər əşyaya, hər şəkilə ayrılıqda göz  gəzdirdim: "Nə yaraşıqlı oğlandı"?! Başımı sağa döndərdim. Ordan da Vüsalın müxtəlif zamanlarda çəkdirdiyi şəkillər boylanır. Xalası  Şofizə müəllimə dedi ki, bütün otaqların  divarından  Vüsal "boylanır". Ürəyim sanki dondu... 

Sonra yavaş-yavaş donum açıldı. Şuşada şəhid olmuş Vüsal Kazımovun anası Lalə xanımın sakit, amma dərin baxışları, atası Vüqar müəllimin səssiz duruşu guşənin təsadüf olmadığını anlatdı. Burada hər əşya sevgi ilə seçilmiş, hər detal valideyn əllərinin titrəyişi ilə yerinə qoyulmuşdu. Bu guşə xatirə üçün deyil, dözmək üçün yaradılmışdı. Şəkillərdən boylanan Vüsalın baxışları elə bil "mən buradayam" deyirdi. Guşə yas saxlamaq üçün deyil, yaşamaq üçün qurulmuşdu. Çünki şəhid ailələri ağlamağı öyrənmir, səbir etməyə üstünlük verirlər. Hər şəkil bir xatirə, hər medal bir fəxr, hər qoxu bir geri dönməyən addımdır. Lalə xanım deyir: "Evimizin hər tərəfi, daha çox da bu hissə mənim Vüsalla  dərdləşdiyim məkandır. Hərdən mənə elə gəlir ki, qapı açılacaq, oğlum boynumu qucaqlayacaq. Əlləri çiynimdə bir az ağır, bir az tələsik tonda "ana,  bax, gəldim" deyəcək. Mən də heç nə soruşmayacam. Çünki ana sualı geciksə də qucağı həmişə açıqdır.  Bəzən düşünürəm ki, sadəcə, gecikib, mütləq dönəcək. Oğullar itmir axı, yolları uzanır, vaxtları yavaş-yavaş keçir. Mən isə burda gözləyirəm. Evin içində, bu guşənin yanında. Gözləmək  ömrümün davamıdır".

Vüsal Kazımov 2000-ci ilin isti avqust günündə  doğulub. Bəlkə də ona görə istiqanlı,  günəş kimi nur saçan, ətrafına istilik yayan, ümid verən bir gənc idi. Valideynləri deyir ki, uşaqlıqdan gülüşü ilə seçilirdi. Hara gedirdi özü ilə işıq aparırdı.  Dostlarına sədaqəti, ailəsinə bağlılığı onun ən böyük sərvəti idi. Vətən sevgisi isə ürəyində səssiz, amma alovlu bir ocaq kimi yanırdı. Zaman keçdi, orta  təhsil aldığı Namiq Məmmədov adına  9 saylı məktəbi bitirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-Texnologiya fakültəsinə qəbul oldu. Bakalavr təhsilini həmin fakültənin  tikinti materialları və texnologiyası  ixtisası üzrə başa vurdu. 2021-ci ildə universitetin məzunu oldu. Artıq vaxt çatmışdı. Vətən onu çağırırdı. Əsgəri xidmətə yollanarkən baxışlarında qəribə bir arxayınlıq vardı, sanki hara getdiyini, nə üçün getdiyini əvvəlcədən yaxşı bilirdi. Bu yol onun üçün, sadəcə, borc deyildi, şərəf idi. 

Zaman o zaman idi ki, Şuşa 44 günlük Vətən müharibəsindən yenicə çıxmışdı. Zəfər qazanılmışdı, amma şəhərin sinəsində hələ də müharibənin ağır izləri vardı. Daş divarlar susqun, küçələr kədərli idi. Şuşa yaralı idi, hələ tam dirçəlməmişdi. Belə bir zamanda Tanrı Vüsalın yolunu Şuşaya  istiqamətləndirdi. Bu, taleyin ona verdiyi ən böyük imtahan və eyni zamanda  ən böyük şərəf idi. Hərbi xidmətə yollananda ürəyində lap çoxdan baş qaldıran  gizli bir arzu vardı:  müqəddəs torpaqlarda, xüsusən də azadlığın rəmzi olan Şuşada xidmət etmək. Çünki Şuşa onun üçün, sadəcə, bir şəhər deyildi. Zəfərin nəfəsi, şəhidlərin qanı ilə yoğrulmuş bir and yeri idi. 

Arzusu çin oldu.  Şuşada xidmətə başladı. Bu şəhər onun üçün, sadəcə, xidmət yeri deyildi, qəlbinin çağırışı, ruhunun seçimi idi. Vüsal ora çatanda qəribə bir rahatlıq tapmışdı. Sanki çoxdan gözlədiyi bir görüşə gəlmişdi. Dağların sükutu, küləyin pıçıltısı, torpağın qoxusu ona doğma idi. Bəlkə də bu doğmalıq ona ana babasının  şuşalı olmasından irəli gəlirdi. Üç onillik yaralı nəfəs alan bir  torpağın keşiyində dayanmaq onun üçün həm qürur, həm də məsuliyyət idi. Hərbi hissədə keçən hər gün onun üçün adi bir xidmət günü olmadı. Postda dayanarkən yalnız sərhədi yox, həm də bir tarixin, bir zəfərin, bir xalqın qürurunun keşiyini çəkdiyini hiss edirdi. Səhərin ilk işıqları dağların arxasından boylananda Vüsal baxışlarını üfüqə zilləyir, içində qəribə bir rahatlıq duyur, silahını çiyninə daha möhkəm alıb qürurla dayanırdı. İndi o, sadəcə, əsgər deyildi,  azadlığın keşiyində dayanan bir Vətən oğlu idi.

Bir gün də olsun şəhidləri unutmur, bu torpağın hansı qurbanlar hesabına azad edildiyini düşünürdü. Və bu düşüncə onu daha da mətinləşdirirdi. Çünki bu hərbi hissədə xidmət etmək  təkcə əsgəri vəzifə deyildi, bir andın davamı idi. Bilirdi ki, Vətənə içdiyi and, sadəcə, sözlərdən ibarət deyil, vicdan qarşısında verilmiş bir ömürlük vəddir. Silahı əlində tutarkən anlayırdı ki, bu silah torpağın, bayrağın və xalqın etibarını qorumaq üçündür. And içdiyi gün gözlərindəki qətiyyət necə idisə, indi də eyni alovla yanırdı. Çünki Vətənə sədaqət bir günün yox, bir ömrün məsuliyyətidir. Hər kəsin taleyində bir zirvə var. Onun zirvəsi isə məhz burada - Şuşanın başı dumanlı dağlarında idi. Xidmət etdiyi günlərdə Vüsal hər addımında  ayağını torpağa sevgi ilə basırdı. Bəlkə özü də hiss etmədən taleyi onu ən uca zirvəyə - şəhidlik məqamına aparırdı. İsti bir avqust günündə doğulan o ürək, Şuşanın sərin dağ havasında əbədiyyətə qovuşdu.

Uşaqlıq dostu Bagir danışır: "Telefonda Vüsalla imkan düşəndə danışırdıq, mesaj yazırdıq. Xidmətini başa vurmağa üç ay qalmış darıxmağa başladım, nədənsə ürəyim səksəkə içində idi. Onun üçün darıxdığımı söyləyəndə  əvvəllər də bir neçə dəfə dediyi "bəlkə qayıda bilmədim, şəhid oldum"  sözlərini təkrarladı. Sonuncu mesajında isə belə yazmışdı: "şəhid olsam şəklimi maşınının arxasına vurarsan". Elə də etdim". Bu sözlər o zaman bir duyğu kimi səslənsə də, sonradan Vüsalın qismətinə çevrildi. Zaman göstərdi ki, Vüsalın ürəyindən keçənlər, sadəcə, bir arzu deyilmiş, taleyinin yazısı imiş. Bagir də 40 gün Vüsalın şəklini avtomobilinin  arxa şüşəsində gəzdirdi... 

Doqquz ay idi xidmət edirdi. Vüsal çox yaxşı əsgər idi. Onu təkcə geyindiyi  hərbi forma deyildi. O, ürəyi mərhəmətlə dolu, baxışlarında sədaqət olan bir oğul idi. Qorxmazlığı hay-küylü deyildi, cəsarətli və qürurlu idi. Hələ xidməti başa çatmamış haqqında yazılan qəzet məqalələrində cəsur əsgər kimi xarakterizə olunurdu.  Komandanlıq tərəfindən ona iki dəfə məzuniyyətə getmək təklif olunsa da imtina edirdi. İstəyirdi ki, atasının  50 illik yubileyində  yanında olsun.  Vüsalın  bu arzusu ürəyində qaldı. Atasının şad gününə 34 gün qalmış evə şəhid kimi döndü. 2022-ci il martın 3-də Şuşa-Laçın yolu istiqamətində hərəkət edən hərbi avtomobil qəzaya uğradı. Hərbi tapşırığı yerinə yetirib dönən Vüsal da həmin avtomobildə idi. Ağır yaralanmış Vüsal Kazımov tibb müəssisəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmadı. Qəribədir ki, Vüsalın şəhid olacağını  əvvəlcədən anası da, xalası da yuxuda görüblər.  Atasının isə Vüsalın şəhid olduğu dəqiqələrdə  ayaqları tutulub,  addımlarını atmaqda çətinlik çəkib. Vüqar müəllim həmin anı belə xatırlayır: "İşdə idim, qəfildən ürəyim dayanan kimi oldu, sanki belim qırıldı, dizlərim sındı, ağrıdan tərpənə bilmədim. Demə o dəqiqələrdə oğlum şəhid olub, gözlərini əbədi yumub..."

Vüsal artıq bir xatirə deyil, bir anddır, bir qürurdur, bir Vətən nəfəsidir. Vüsalın ömür yolu burada yarımçıq qaldı, amma tamamlanmadı.  Hələ yaraları tam sağalmayan  Şuşada şəhid oldu. Bu şəhidlik təkcə bir gəncin həyatı deyil, Vətən üçün verilən müqəddəs bir and idi.  Onun adı bundan sonra Şuşanın daşlarında, səmasında və xalqın yaddaşında  iz salacaq.  Bir də haqqında yazılmış kitablarda, dostlarının onun adına açdığı sosial şəbəkə səhifələrində və ölümündən sonra  layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal"da yaşayacaq.

Vüsal artıq yaşadığı  evin otaqlarında yox,  ata-anasının, bacısının,  dostlarının, qohumlarının ürəyində əbədiyyət qazanıb. Adı çəkiləndə gözlər dolsa da, sinələr dikəlir. Çünki şəhid olmaq son deyil, bir xalqın yaddaşına yazılmaqdır. Adı rəmzi olaraq  daşa yazılır, amma  özü ürəklərə həkk olunur. Hər bayraq dalğalananda, hər himn səslənəndə onun nəfəsi, səsi qarışır küləyə. Şəhidlər torpağa tapşırılmır, torpağı bizə əmanət edirlər. Onlar gedərək yox olmur, millətin yaddaşında vicdanın səsinə çevrilirlər. Buna görə də adları çəkiləndə gözlər dolur, amma başlar əyilmir, dikəlir. Şəhid Vüsalın əşyaları sərgilənən o guşə isə bir ailənin sınmadığını, bir ananın diz çöküb yıxılmadığını, bir atanın səssizcə dağ kimi dayandığını göstərirdi. Və orada - çərçivələrin içindən gülümsəyən gənc heç bir zaman ölməyəcək, şəhid Vüsal  adı ilə yaşayacaq. Hər dəfə xatırlandıqca yenidən doğulacaq, hər dua ilə bir az da ucalacaq. Çünki bəzi talelər qısa olsa da, ömürləri əbədiyyət qədər uzun olur...

Bəzən bir xalqın tarixini kitablar deyil, anaların göz yaşı yazır. Vüsalın anası üçün həyat artıq başqa cür axır. Günlər gəlir, gedir, amma heç biri əvvəlki kimi deyil. Oğlunun yoxluğu evin hər küncündə hiss olunur  - boş qalan otaqda, səssiz qapıda, cavabsız qalan çağırışlarda. Ana hər səhər sanki nəyisə gözləyirmiş kimi oyanır, hər axşam isə eyni həsrətlə günü yola salır...

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Избранный
4
azerbaijan-news.az

1Источники