RU

İcra hakimiyyətlərində kütləvi ixtisarlar: prosesin pərdəarxası üzə çıxdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir neçə gündür icra hakimiyyətlərində kütləvi ixtisarlar davam edir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətinin 14, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifəsindən azad edilib. Uzun müddətdir rayon və şəhər icra strukturlarında ştat cədvəllərinin şişirdilməsi ilə bağlı iddialar səslənir, büdcənin bu yükdən azad olunması təklif edilirdi.

İxtisara düşən şəxslər başqa işlə təmin edilməldirmi? Bir icra hakimiyyətində hansı sayda ştat olmalıdır? İdeal işçi sayı nə qədərdir?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, dövlət qurumlarında işçi sayının şişirdilmiş və həddindən artıq olması hər kəsə məlumdur:

“Dövlət orqanlarında, şirkətlərində və publik hüquqi şəxslərdə vəziyyət eynidir. İxtisar zəruridir və qaçılmazdır. Amma əvvəlcə ümumi bir prinsipdən danışmaq lazımdır. Bu məsələ şəffaf olmalıdır. Söhbət hansısa özəl qurumdan getmir. Məsələn, mən hüquq şirkətində, siz mediada işləyə bilərsiniz, bunlar özəl qurumlardır və sahibləri istədikləri ixtisarı apara bilərlər. Onlar dövlət qurumu olmadıqlarına görə bu barədə ictimaiyyətə hesabat verməyə borclu deyillər. Lakin dövlət müəssisəsində ixtisar aparılırsa, bu artıq hamımıza aiddir. Rayon icra hakimiyyəti də, digər dövlət qurumları da bizimdir. Dövlət və hökumət çıxıb ictimaiyyətə hesabat verməlidir ki, harada neçə işçi var idi, neçə olacaq, hansı vəzifələr ixtisar edilir, bunun səbəbi nədir və sair. Yəni bu, əsaslandırılmalıdır”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, təcrübədə çox vaxt başqa mənzərə ilə qarşılaşırıq:

“Dövlət qurumlarında “ixtisar” adı ilə hay-küy salınır, lakin sonradan məlum olur ki, bir qrup işçi çıxarılıb, sonra isə başqa vəzifələr yaradılaraq yeni işçilər qəbul edilib. Say baxımından formal azalma göstərilir. Məsələn, 50 nəfər 48-ə düşür. Amma 20-si ixtisar olunur, yerinə 18-i qəbul edilir. Bu, real ixtisar deyil, sadəcə qurum rəhbərinin ona sərf etməyən işçilərdən azad olması və ya onların yerinə rüşvət əsasında başqa şəxslərin gətirilməsidir. Ən vacib məsələ budur və hamı bu prosesə diqqət yetirməlidir. Tələb etməliyik ki, məlumat verilsin, kimlər ixtisar olundu və niyə? Çünki vaxtaşırı insanlar mənə müraciət edir və bildirirlər ki, dövlət qurumlarından ixtisar edilirlər. Haqlı olaraq soruşurlar ki, niyə bu proses ictimailəşdirilmir? Səbəb aydındır, dediyim kimi, sabah onların yerinə başqaları qəbul ediləcək. Deməli, “ixtisar” adı altında sadəcə görüntü yaradılır və ya elan olunan həcmdə real ixtisar aparılmır. Bu proses mütləq şəffaf olmalıdır”.

Ə.Həsənov qeyd edib ki, digər vacib məqam harada və nə qədər ixtisarın aparılmalı olması ilə bağlıdır:

“Ştat, işçi sayı həmin rayonun böyüklüyündən və xüsusiyyətlərindən asılıdır. Yerli icra hakimiyyətlərini nəzərdə tutsaq, həm böyük, həm də kiçik ərazilər var. Hər yerdə eyni sayda ştat vahidi ola bilməz. Lakin bu barədə konkret fikir yürütmək üçün məlumat olmalıdır. Hökumət ictimaiyyətə açıqlamalıdır ki, hansı rayonda hansı vəzifələr var, neçə işçi çalışır, onlar nə qədər əməkhaqqı alırlar. Bu məlumatları görüb müqayisə aparmaq mümkündür. O zaman demək olar ki, harada işçi sayı çoxdur, harada azdır və bunun səbəbi nədir. Təəssüf ki, bu məlumatlar illərdir açıqlanmır.

Dövlət başçısı dəfələrlə bildirib ki, məmurlar xalqın xidmətçisidir. Əgər belədirsə, biz bilməliyik ki, bu xidmət hansı miqyasdadır və buna nə qədər vəsait xərclənir. Nazirlər Kabineti və hökumət bu çağırışlara əməl etməli, məlumatları gizlətməməlidir. Yalnız bundan sonra obyektiv müqayisə aparmaq və əsaslı nəticə çıxarmaq mümkündür. Hazırkı vəziyyətdə isə heç kim hansı rayonda nə qədər işçi olduğunu dəqiq bilmir. Proses əvvəlcə şəffaflıqdan başlamalıdır”.

Qeyd edək ki, yayılan məlumata görə, Tovuz Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər. Ağsu Rayon İcra Hakimiyyətində isə vəzifələrindən azad olunan həmin 14 şəxs başqa işlə təmin edilməyib.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
globalinfo.az

1Источники